Şuşa dirçəlir,  Xankəndi bizi səsləyir...

18:20 29-12-2021 459

Xankəndinə gedəcəyimiz gün uzaq deyil...

 Bakıdan Şuşaya uzanan arzularımızın "Zəfər Yolu"!

 Şuşaya "Zəfər Yolu" ilə gedəcəyimiz günü səbirsizliklə gözləyirdim! Bu yay bir dəfə Şuşada olmağıma baxmayaraq, təkrar-təkrar Şuşanı görmək və gəzmək istəyi sanki məni çəkirdi. Bu onunla bağlıdır ki, sovet dönəmində hər yay mövsümünün bir hissəsini Şuşada keçirmişəm...

O günü, yəni Şuşaya son səfərimi yaxşı xatırlayıram.1991-ci ilin avqust ayının 25-də Beyləqandan gedən qonaqların rəhbəri olaraq Şuşanın 250 illik yubileyində iştirak edirdim. Qarabağ hadisələrinin qızğın, münaqişənin ermənilər tərəfindən alovlandırılan çağı idi...

Ağdamdan Şuşaya o zaman yalnız rus hərbçilərinin müşayəti ilə keçmək mümkün idi. Biz Ağdamdan Şuşaya keçid postuna çatanda rus hərbçilər bildirdi ki, hərbi kalon artıq Şuşaya yola düşüb, biz sizi ermənilərin hücumundan qoruya bilməyəcəyik, geri qayıdın...

Çox məyus olduq...

Xeyli fikirləşib, var-gəl etdikdən sonra sürücüdən rus hərbçilərinin köməyi olmadan, risk edib Şuşaya gedə bilərikmi,-deyə soruşdum. Sürücü cəsarətlə cavab verdi:- gedək! Biz rus hərbçilərinin mane olmaq cəhdlərinə baxmayaraq, ermənilərin yaşadığı Əsgərandan keçib Şuşaya, icra hakimiyyətinin binasının önünə gəldik. Bizi Şuşa icra hakimiyyətinin nümayəndələri qarşıladılar və rus hərbiçilərinin köməyi olmadan gəlişimizə çox təəccübləndilər...

Qeyd edim ki, Şuşanın o vaxtkı icra başçısı, rəhmətlik Mikayıl Gözəlovun rəhbərliyi ilə Qarabağın əksər ərazisi demək olar ki, Gorusa qədər bütün ermənilərdən təmizlənmişdi...

Ermənilər pərən-pərən düşmüşdü, qaçmaq üçün imdad diləyirdilər, hətta Xankəndidən də qaçırdılar...

O zaman Xocalı tikinti meydanını xatırladırdı. Hazırda isə Xocalı erməni separatçıları ilə rus hərbçilərin nəzarətindədir...

Güman edirəm ki, bu vəziyyət yaxın zamanlarda Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi səmərəli siyasətilə dəyişəcək və həmin ərazilər də nəzarətimizə keçəcək. Artıq son günlər düşmən Ermənistanın baş naziri N. Paşinyanın da dilindən müsbət sözlər eşidilir, o, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir, Qarabağın taleyinin Azərbaycan Konstitusiyası ilə müəyyən olunacağını deyir...

Nə isə...

Biz 27 dekabr səhər saat 06:00-da 6 "Mersedes" mikroavtobusla, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 60 nəfərdən çox jurnalist Bakıdan Şuşaya yola düşdük və saat 13:30-da Şuşaya çatdıq.

ŞUŞA Qarabağdır,

Qarabağ Azərbaycandır...

 

Şuşa bir gün əvvəl yağan, günəş düşən yerdə əriyən, lakin kölgədə qalan qarın soyuğu ilə bizi həm üşütdü, həm də həmin gün daha çox parlayan günəşin istisilə qarşıladı. Səkkiz saat çəkən, 400 km uzanan və 100 km-lik "Zəfər yolu"nın 50 km-lik dağlı-dərəli aşırımlarının və Şuşaya qovuşmağın həyacanı, deyəsən bizi çox basmışdı...

Uzun müddət ayrılıqdan sonra Şuşanı görmək, onun bənzərsiz təbiəti, təkrarolunmaz mənzərəsilə yenidən görüşmək, əsrarəngiz və tayı-bərabəri olmayan havasını udmaq bizi həm kövrəltdi, həm də sevindirdi...

Ali Baş Komandan İlham Əliyevin yüksək rəhbərliyilə qəhrəman şəhidlərimizin və əsgərlərimizin möhtəşəm qələbəsindən sonra Türk dünyasının mədəniyyət paytaxtı elan olunan Şuşanı mənfur düşməndən geri alarkən keçdiyi cığırların və yolların izilə çəkilən "Zəfər Yolu" çox möhtəşəmdir!

Yol boyu gedən böyük quruculuq işlərini gördükcə, hər birimiz fərəhlənir və qürir hissi keçirirdik. Bəllidir ki, "Zəfər Yolu"nun təməli cənab Prezidentin tapşırığı ilə 2020-ci ilin noyabr ayının 16-da qoyulub. Uzunluğu 101 km olan, Qarabağın inkişaf planı nəzərə alınmaqla, ikinci texniki dərəcəyə uyğun inşa edilən yol çox gözəl tikilib...

Şuşanın giriş nöqtəsinə çatdıq. Burada iki post qurulub. Postun birində Rusiya sülhməramlı hərbçiləri, digərində isə Azərbaycan hərbçiləri dayanıb. Öyrəndik ki, bu yaxında erməni təxribatçı tərəfindən qumbara atılan yer, məhz buradır. Hərbçimiz bildirdi ki, həmin gün erməni təxribatçı əvvəlcə bizim əsgərlərə su butulkası, ardınca isə qumbara atıb. Maraqlıdır, görəsən Rusiya sülhməramlıları necə yoxlama aparır ki, ermənilər avtomobildə hərbi sursat daşıyırlar?!.. Xülasə...

Əziz Şuşa, xoş gördük!

Şuşaya daxil olduq və avtobusumuz "Qoç əti" restoranının qarşısında dayandı. Günorta naharını da burada etdik. Saat 14:30-da Şuşanın məşhur "Cıdır Düzü"nə yollandıq.

 

Günəşin istisilə qızan "Cıdır Düzü"ndə hörmətli həmkarlarım Asif Mərzili, Vüqar Məmmədli, Bəxtiyar Qaraca, Müşfiq Ələsgərli, Seymur Verdizadə, Sədrəddin Soltan, Şöhrət Əliyev və digərləri ilə şəkillər çəkdik...

Hamı həsrətlə "Cıdır Düzü"nü bir tərəfdən əhatəyə almış sıldırım qayalıqlara baxır, Xankəndini seyr edir və xatirə şəkili çəkdirirdi...

Bu qayalıqlarda, daşlarda 2020-ci ilin noyabrında, məhz həmin sıldırımlardan dırmaşıb Azərbaycan bayrağını Şuşaya sancan Azərbaycanın igid şəhidlərin, əsgər və zabitlərin ayaq izlərini axtardıq...

Jurnalistlər təklif etdilər ki, gəlin, yallı gedək! Bütün heyət zümzümə edərək, "Cıdır Düzü"ndə yallı getdi...

Səfər proqramına uyğun olaraq Vaqifin məqbərəsini, Gövhər ağa Məscidini, Üzeyir bəyin, Natəvanın və Bülbülün büstlərini ziyarət edirik... Sonra qədim Şuşa Qalasına qalxdıq. Bütün səfər iştirakçıları birlikdə qala qarşısında şəkil çəkdirdik...

Şuşa səfəri hər kəs kimi, mənim yaddaşımda da dərin izlər qoydu. Şuşada gördüklərim, keçirdiyim hisslər və duyğularımın hələ neçə-neçə yazılarımın mövzusuna çevriləcəyinə şübhə etmirəm.

Tapdıq Abbas

P.S. Şuşa ziyarətinin təşkil olunmasında xidmətinə görə Şəhidlərimizə, qəhrəman əsgərlərimizə və zabitlərimizə, xalqımıza, Müzəffər Ali Baş Komandana və Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkür edirəm...

(Bakı-Şuşa-Bakı)