Prezsident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

23:39 31-12-2021 459

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib.

 

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib ki, biz İkinci Qarabağ müharibəsini heç vaxt unutmamalıyıq. İşğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq.

 

Dövlət başçısı bildirib: “Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qəhrəmanlığı və minlərlə, on minlərlə Azərbaycan əsgər-zabitinin qəhrəmanlığı, peşəkarlığı sayəsində biz işğala son qoyduq, doğma torpaqlarımızı azad etdik, tarixi Zəfər çaldıq və bu Zəfər bizim tariximizdə əbədi qalacaq. Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimin tanınır. Onu da bildirməliyəm ki, bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi.

Bildiyiniz kimi, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər”.

Dövlət başçısı bildirib:  “Əziz həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mən sizi ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun! Bu il biz Türk Şurasına sədrliyimizi uğurla başa vurduq”.

Dövlət başçısı bildirib: “2021-ci il arxada qaldı. 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır.

Biz beynəlxalq arenada öz mövqelərimizi möhkəmləndirdik. Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir.

Bu il biz Türk Şurasına sədrliyimizi uğurla başa vurduq. Bildiyiniz kimi, noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılmışdır və bu təşkilat Qoşulmama Hərəkatı kimi Azərbaycanın haqlı işində daim bizə dəstək olmuşdur, Ermənistan-Azərbaycan münaqişəsi dönəmində daim dəstək ifadə etmişdir və son Zirvə görüşündə bütün üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklər ifadə olunmuşdur. Bununla paralel olaraq, biz hərbi gücümüzü bundan sonra da artıracağıq”.

Dövlət başçısı bildirib: “2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb və alınacaqdır. Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi.

Onu da bildirməliyəm ki, bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır – Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan üstünlüyü tam öz əllərində saxlayır. Ümid edirəm ki, nə vaxtsa Ermənistanla bizim qonşuluq əlaqələrimiz qurulacaq”.

Dövlət başçısı bildirib: “Beynəlxalq arenadakı fəaliyyətimizə gəldikdə, bildirməliyəm ki, bizim qonşu dövlətlərlə əlaqələrimiz uğurla inkişaf etdi. Bu əlaqələr ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində qurulubdur. Türkiyə ilə bu il imzalanmış Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır, halbuki faktiki olaraq bu, müttəfiqlik əlaqələri idi, amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə ki, bu bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi mənası var idi. Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır.

Digər qonşularla, İran və Gürcüstanla daim təmaslar əsnasında, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri daha da inkişaf etmişdir. Artıq regionda çoxtərəfli əməkdaşlıq platformu formalaşır və əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir.

Qonşular haqqında danışanda təbii olaraq Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün də hələ ki, daxil etmirəm. Amma ümid edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır.

Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir”.

Dövlətimizin başçısı deyib: “Eyni zamanda, aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir. Əhalinin təxminən 50 faizi artıq iki doz peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq.

Təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib və bu puldan istifadə edərək biz geniş sosial paket tədbirlərini keçiririk”. 

Prezident bildirib ki: “Yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Baxın, vergi orqanları xəzinəyə ancaq proqnozdan əlavə 1,4 milyard manat pul cəlb ediblər, onun hamısı və artıqlaması ilə sosial məsələlərin həllinə yönəldilib. Mən əvvəllər də demişəm ki, əlavə vəsait toplandıqca, ilk növbədə, biz bu vəsaiti sosial layihələrə yönəldəcəyik. Eyni zamanda, azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıbdır.

Bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür”. 

Prezident bildirib ki, azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır:

“Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq. Görülmüş işlər nəticəsində demək olar ki, biz artıq postböhran dövrünə qədəm qoyduq. Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb.

Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir və bu il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula nisbətdə xarici dövlət borcu azalıb.

Yəni, bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma bizim üçün bu, təbiidir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir. Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir”.

Canlı yayımı təqdim edirik: