Avtomobillərin qeydiyyat nişanlarındakı rəqəmlərlə bağlı rüsumlar qüvvəyə minir

14:43 01-01-2022 459

Bu gündən Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları qüvvəyə minir.

 

Bu, “Dövlət rüsumu haqqında” Qanuna yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

 

Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 000, seriyası eyni hərflərdən ibarət olduqda 1 500 manat dövlət rüsumu tutulacaq.

Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək. Əvvəl bu rəqəm 22 manat olub.

Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 11 manatdan 15 manata qaldırılır.

Layihəyə əsasən, qeydiyyat şəhadətnaməsinin verilməsinə görə də rüsumlar artırılır.

– avto-moto nəqliyyat vasitələri üçün – 25 manatdan 30 manata;

– traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün – 5 manatdan 10 manata qaldırılır.

Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi – 10 manatdan 15 manata, avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması – 10 manatdan 15 manata, avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün rüsumlar 10 manatdan 15 manata qaldırılır.