Çörək və un niyə bahalaşır?-Gözlənilən imiş...

19:37 03-01-2022 594

Proqnoz.com: Azərbaycanın bəzi bölgələrində un və çörəyin qiyməti bahalaşıb. Kisəsi 27-29 manat olan unun qiyməti 37-38 manata qədər qalxıb. Bu səbəbdən bəzi dəyirmanlar satışdan imtina edib, mağazalar unun satışını dayandırıblar.

Çörəyin qiyməti isə 10-20 qəpik aralığında artıb. Bəzi obyektlər isə çörəyin qiymətini bahalaşdırmasa da, çəkisini azaldıblar.

Maraqlıdır, insanların gündəlik olaraq daha çox istifadə etdiyi çörəyin qiyməti nə üçün artıb? Qiymət süni olaraq artırılıb, yoxsa bu, gözlənilən idi?

Mövzu ilə bağlı suallarımızı cavablayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, çörəyin yeni ildən bahalaşması gözlənilən idi:

“Hazırda dünyada da unun və çörəyin bahalaşması müşahidə edilir. Belə ki, ərzaq buğdasınin qiyməti təxminən 48-50 % artıb. Azərbaycan isə ərzaq buğdasının 40-45 %-ni digər ölkələrdən idxal edir. Bir sözlə, artımın ilkin səbəblərindən biri budur.

Digər səbəbi isə ötən ilin əvvəlindən dizel yanacağının qiymətinin artmasıdır. Həmin bahalaşma nəticəsində fermerlərin təxminən ortalama 30 % xərcləri artdı. Bununla da çörəklə bərabər digər məhsulların da qiyməti artmalı idi”.

A.Nəsirli qeyd edib ki, əvvəllər 40-50 qəpiyə satılan buğdanın hazırki qiyməti 70-80 qəpikdir:

“Bahalaşmaya bəzən süni qiymət artımı kimi don geyindirsələr də, bu qətiyyən belə deyil. Artımın əsasları sadaladıqlarımdır.

Bəzi çörəklərin isə qiymətində artım hiss etməsək də, onların çəkisi azalır. Çəkinin azalması da çörəyin qiymətinin artımı deməkdir. Çünki eyni qiymətə daha az çörək almış oluruq”.

Çörəyin qiyməti ilə bağlı düzgün proqnozun verilməsinin qəliz olduğunu bildirən iqtisadçı-ekspert əlavə edib ki, buna səbəb dövlətin çörək mövzusuna həssas yanaşmasıdır:

“Bu səbəbdən də ola bilər ki, dövlət bununla bağlı əlavə tədbirlərə əl atsın. Hökumət həmişə müxtəlif vasitələrlə çörəyin qiymətini sabit saxlamağa çalışır. Düşünürəm ki, bu proses indi də davam edəcək”.(Yenixeber.org)

Şəfəq