Ermənilər çox uçur, yoxsa AZAL-la uça bilmirik? -FAKT BUDUR!

12:39 05-01-2022 459

Cənubi Qafqaz ölkələrindən Azərbaycan və Ermənistan hava nəqliyyatı ilə sərnişindaşıma statistikasını açıqlayıb.

Proqnoz.com: AZAL 2021-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) hava nəqliyyatı ilə bir milyondan bir az çox (1.003.300 ) sərnişin daşıdığını bildirib. Hətta bu, ötən illə müqayisədə 81,2 faiz çoxdur.

Ermənistanın açıqladığı rəqəmə görə isə 2021-ci ilin 11 ayı ərzində bu ölkəyə 1.055.015 nəfər gəlib, 1.124.460 nəfər isə gedib – yəni hava nəqliyyatı ilə 2.179.475 adam daşınıb.

Olduqca maraqlıdır: necə ola bilir ki, 2 milyonluq Ermənistanda 11 ay ərzində 2.2 milyon adam hava nəqliyyatından istifadə edir, 10 milyonluq Azərbaycanda isə 1 milyon? Üstəlik, nəzərə alsaq ki, hava daşımalarına Naxçıvana uçuşlar da aiddir, onda bu rəqəmin əhəmiyyətli hissəsinin daxili daşımalara aid olduğu üzə çıxar.

Əlbəttə, bunun səbəbi o deyil ki, azərbaycanlılar uçmaq istəmir. Sadəcə, AZAL qiymətlərinin həddən artıq çox olması səbəbindən azərbaycanlılar daha çox Gürcüstandan və yaxud Naxçıvana maşınla gedərək, ordan da avtobuslarla səyahətə üstünlük verirlər.

Gürcüstan hələ statistikanı ictimaiyyətə açıqlamayıb. Gürcüstan hava daşımaları ilə bağlı statistikanı açıqlayanda bəlli olacaq ki, bu ölkənin hava daşımalarında azərbaycanlıların hesabına nə qədər artım var.

Xatırladaq ki, bir müddət öncə deputat Aqil Abbas da AZAL-ın qiymətlərindən şikayətlənmişdi. O, Zəngəzur dəhlizinin açılmasını gözlədiyini, ordan İrəvana gedəcəyini və Türkiyəyə 80 manata bilet alacağını bildirmişdi.

 

Yenixeber.org