Rusiya ilə dostluğun "faydaları"

17:26 05-01-2022 504

Moskva bizdən əl çəkən deyil

 Azərbaycanın dünyanın güc mərkəzlərinin diqqət mərkəzində olan Cənubi Qafqazda söz sahibi olması ölkəmizi böyük təzyiqlərlə üzləşdirir. Lakin ölkəmiz otuz ildən çox müstəqillik qazansa da, hələ faktiki olaraq Rusiyanın orbitində yer almağa üstünlük verir...

Bunun bir sıra obyektiv səbəbləri var. SSRİ dağıldıqdan sonra Azərbaycan da daxil olmaqla, digər müstəqillik əldə etmiş ölkələrin daxilində milli münaqişələri qızışdıraraq, ölkələri özündən asılı duruma salan Rusiya, beynəlxalq təzyiqlərə baxmayaraq, regionda hələ də hegemonluğu davam etdirir. Sovetlərdən ayrılan 3 Pribaltika dövlətindən başqa, Rusiya Sovet İttifaqından qopan digər ölkələri - Moldovanı, Ukraynanı, Gürcüstanı parçalayaraq, Azərbaycanla Ermənistanı ərazi münaqişəsinə cəlb edib və Orta Asiyanın 5 müsəlman ölkəsini isə ordusu ilə nəzarətdə saxlayır.

Rusiyanın Azərbaycana qarşı etdiyi tarixi və davamlı düşmənçiliyə baxmayaraq, Azərbaycanın Rusiyanı düşmən yox, "dost" adlandırmasının səbəbini hər kəs bilsə də, bundan heç kimin xoşu gəlmir. Məlum məsələyə aydınlıq gətirməyin faydalı olduğunu düşünürəm.

Fikrimi oxuculara çatdırmaq üçün bir inkaredilməz faktın üzərində dayanıram. Hər kəs bilir ki, hazırda ABŞ, Avropa İttifaqı, NATO kimi dünyanın super gücləri Rusiyanın Ukraynaya hərbi təcavüzünün qarşısını almaq və regiondakı hegemonluğa son qoymaq üçün bütün siyasi təzyiq vasitələrindən istifadə edərək ardıcıl dialoq təşkil edir, müxtəlif səviyyələrdə müzakirələr aparırlar. Yanvarın 12-də ABŞ prezidenti C.Baydenlə Rusiya prezidenti V.Putinin yeni onlayn görüşü keçiriləcək. Bütün belə cəhd və təşəbbüslərə rəğmən, Qərb, hələlik, Rusiyanı təcavüzkar mövqeyindən çəkindirə bilmir.

Əksinə, Rusiya ABŞ-ı, Avropanı nüvə silahından istifadə edəcəyilə hədələyir, Avropanı təbii qaz böhranı ilə sınağa çəkir...

Rusiyanın dünyada və regionda yaratdığı belə bir çətin durum təbii olaraq, düşmən olmasına baxmayaraq, digərləri kimi, Azərbaycanı da Rusiyanın mövqeyinə tabe olmağa məcbur edir...

Belə bir zamanda Rusiya sülhməramlılarının köməyilə işğalda olan Yuxarı Qarabağda ermənilərin törətdikləri silahlı təxribatlara, vəhşiliyə, vandallığa görə, ölkə rəhbərliyindən Rusiyaya qarşı radikal addımlar atmağı tələb edənlərdən fərqli olaraq, bu tələbləri kor-koranə müdafiə etmək fikrində deyiləm. Çünki yeri gəldikcə, ölkə prezidentinin yüksək səviyyəli görüşlərdə və nüfuzlu beynəlxalq media orqanlarına verdiyi müsahibələrdə bu məsələlərə aydınlıq gətirməsilə kifayətlənirəm. Sadəcə, rusların və ermənilərin torpaqlarımızda törətdikləri bu cür qanunsuz, insanlıqla bir yerə sığmayan faşist və vəhşi hərəkətlərinə hakimiyyətin səssiz qalması ilə barışmıram.

Təəssüflə qeyd edim ki, təsvir etdiyimiz durumu nəzərə almadan, Rusiya ilə Ukrayna, Gürcüstan, Moldova və Şərqi Avropanın Qərbdən güclü hərbi və maddi dəstək alan xristian dövlətlərilə bərabər Azərbaycanın Rusiya qarşı radikal münasibətdə olmasını israr edən bəzilərinin mətbuatdakı mövqeyilədə razılaşmıram.

Amma ölkəmizdə əksəriyyət təşkil edən, Rusiyadan idarə olunan məmurların (nökərlərin) xalqımıza qarşı törətdiyi antimilli vəhşiliklərə göz yumulmasının qəti əleyhinəyəm!..

Məmurların hazırda ölkəmizdə törətdiyi bu cür mənfi və mənfur hallara qarşı xalqımızın bütün konstitsion hüquqi vasitələrlə mübarizə aparmasının tərəfdarıyam!

Heyhat, özünün, ailəsinin və tör-töküntüdən ibarət olan ətrafının firavan yaşaması üçün Rusiyanın revanşist qüvvələrinin nökəri olduğu şübhə doğurmayan yüksək vəzifəli məmurların xalqa qarşı törətdiyi cinayətlərə göz yummaq mümkünsüzdür!..

Ölkə prezidentinin xalqın güzəranını yaxşılaşdırmaq istiqamətdə həyata keçirdiyi islahatlara dair Sərəncam və Fərmanların icrasını pozan bu tip məmurlar xalqın durumunu ağırlaşdırmaqla, ölkəmizdə mövcud olan milli həmrəyliyə zərbə vurmaqla məşğuldurlar...

 

Məsələn, yeni ilin başlanğıcında zəruri ərzaq məhsullarının, xüsusən strateji qida məhsulu sayılan unun bahalaşması xalqı hökumətə qarşı çox hiddətləndirib və qəzəbləndirib! Ölkədə bu vəziyyəti yaradan Rusiya nökərləri unun qiymətini birdən-birə 27 manatdan 38 manata qaldırmaqla, ölkə əhalisini ayağa qaldırıb!..

Ölkəmizin hər yerində baş alıb gedən məmur özbaşınalığına qarşı prezidentin mübarizə elan etməsinə baxmayaraq, hər gün genişlənən rüşvət və korrupsiya halları, şəhid ailələrinə və qazilərə qarşı edilən diqqətsizlik və hörmətsizlik, məmurların haqsızlığı, ədalətsizliyi, bundan şikayət edən vətəndaşlara məhəl qoyulmamasından bezmiş, hazırda rusbaşlı məmurların unun qiymətini qaldırmasından xalq çox qəzəblənib və nifrət püskürür!..

Azərbaycanda baş verən mənfi proseslər göstərir ki, düşmən təkcə qarşıda, səngərdə, xaricdə deyil, eyni zamanda müxtəlif formaya, hətta vəzifəyə gətirilərək ölkəmizin daxilini qarışdırır. Ölkəmizin düşmən üzərində çaldığı möhtəşəm tarixi qələbəni həzm edə bilməyənlər, ölkədəki mövcud vətəndaş həmrəyliyindən sarsıntı keçirənlər qələbə ovqatımızı pozmaq üçün bütün vasitələrdən istifadə edirlər. Daxili düşmənlərin xarici düşmənlərdən daha təhlükəli olduğunu daim qeyd edirik. Dövlətimizin daxilinə yeridilmiş düşmənin casus şəbəkələrinin ölkəmizdə törətdiyi faciələr sübut edir ki, düşmənin casusları dövlətimizin strateji mərkəzlərinə sızıblar! 2017-ci ilin aprel-may aylarında ordumuzda törədilmiş "Tərtər cinayəti", 2020-ci ilin iyulunda Ermənistanın törətdiyi hərbi təxribat zamanı Tovuz istiqamətində gedən döyüşdə general Polad Həşimovun və onunla birlikdə 12 nəfər yüksək rütbəli zabitimizin düşmənin dəqiq atəşilə şəhid edilməsi, Vətən müharibəsində baş vermiş xəyanətlər, Qaraheybət aerodromunda baş vermiş 14 nəfər hərbi aviasiya zabitimizin şəhid edildiyi helikopter qəzası və adını çəkmədiyim çoxsaylı xəyanətlərin daxili düşmənlərin fəaliyyəti nəticəsində baş verdiyini unutmamalıyıq və düşmənlərin içimizə yeridildiyini nəzərə alıb, sayıqlığımızı bir neçə dəfə gücləndirməliyik!..

Cənab prezidentin ölkədə xalqın narazılığına səbəb olan, məmurların fəaliyyəti nəticəsində baş verən bütün mənfi halların qarşısını almağa yönəlmiş islahatların gedişinə ciddi maneə olanlar, məhz "dost" Rusiyanın tapşırıqlarını Azərbaycanda yorulmadan icra edən Moskva nökərləri olduğunu hər kəs yaxşı bilir!..

Xain məmurların törətdiyi pozuculuq nəticəsində vətəndaşların rifahının pisləşməsinə səbəb olan və ölkədə baş verən bütün mənfi hadisələrin qarşısını tezliklə ölkə prezidentinin alacağına Xalq əmin olmaq istəyir...

 Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]