Qazax icra başçısının sata bilməyəcəyi müqəddəs heç nə yoxdur

13:04 06-01-2022 495

Qazax rayon sakini 60 yaşlı İbrahimov Təyyar Heydər oğlu kimi haqqı-hüququ pozulmuş, illərlə problemləri həllini tapmayan vətəndaşlarımız üçün Yeni il sadəcə təqvimin daha bir səhifəsinin çevrilməsi deməkdir. Elələri dekabrın 31-də öz-özlərinə sual verirlər: Mən Qazağın ərazisini qarış-qarış satan icra başçısı Rəcəb Babaşovla, rayonun demək olar yarısını ələ keçirən kollec direktoru Elşad Quliyevlə, Tofiq, Aydın kimi bələdiyyəçilərlə, məhkəmə sədri Fəxri Məmmədovla necə həmrəy ola bilərəm axı?

 

Sadiq oxucularımız xatırlayarlar, T.İbrahimovun on (artıq on bir) il bundan qabaq qanuni şəkildə 200 min manata satın aldığı, Qazax şəhəri Əliağa Şıxlinski D16 ünvanda yerləşən köhnə yanacaq doldurma məntəqəsinin ərazisini indi başqaları saxta sənədlərlə, rayon rəhbərliyinin xeyir-duası ilə ələ keçiriblər.

 

O vaxt T.İbrahimov şikayətini KİV-də dərc etdirərkən, R.Babaşovun talançılığına dair başqa misallar da çəkmiş, rayon rəhbərinin qanunsuz satdığı ünvanları sadalamışdı. Verdiyi məlumatdan bəlli olmuşdu ki, hətta Heydər Əliyev Parkı da, qəbiristanlıq da başçının zavalına gəlmişdir. Bu isə o anlama gəlir ki, R.Babaşovun sata bilməyəcəyi müqəddəs heç nə yoxdur.

Bu günlərdə T.İbrahimov yenidən redaksiyamıza müraciət edərək, Qazax rayonunda R.Babaşovun yarıtmaz idarəçiliyindən dolayı baş alıb gedən neqativ hallar barədə məlumat vermişdir. Onun sözlərinə görə, R.Babaşovun söyüş dilinin ucundadır, əlini “çörəyə çatdırdığı” haramxor ortaqlarını istədiyi vaxt təhqir edir, onlar da gözükölgəli olduqlarından başçıdan eşitdiklərini, dirilərinin- ölülərinin ünvanına yağdırılan “gurultulu alqışları” həzm edirlər.

Məsələn, başçının birinci müavini Məmməd Alıyev başçının keçirdiyi iclasların birində əsəbiləşərək Alıyevin ölülərinin goruna xeyli «alğış» yağdırıb. Bundan sonra Məmməd əkə rayon rəhbərinin diliacılığından söz düşəndə belə reaksiya verib: “Başçıdır da, bir gün hirsli olar, bir gün söyər, sabah üzrxahlıq edər”. Amma onların arasındakı mübahisədən xəbərdar olanlar yaxşı bilirlər ki, Babaşov heç vaxt Alıyevdən üzr istəməyib, istəməz də. Çünki Alıyev Dəmirçilər kənd bələdiyyəsinin sədri Əfqanla birləşib 100 hektar torpaqda kartof əkib və bununla da eyni qanunsuz sahibkarlıq fəaliyyət növü ilə məşğul olan Babaşovla sanki bəhsə girişib.

Yeri gəlmişkən xatırladaq ki, aqrar sahənin inkişaf etdirilməsi məqsədilə fermerlərə dövlət tərəfindən subsidiyalar ödənilir. Subsidiyaların verilməsi 2020-ci ilin yanvar ayından başlayaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Fermer dövlət dəstəyindən yararlanmaq, subsidiya almaq üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərini EKTİS-də açdığı şəxsi kabinetə yükləməli və hansı məhsulu əkdiyini bəyan etməlidir. Reqlamentə əsasən, torpaq sənədləri və əkin bəyanları monitorinqə cəlb olunur, nəticələr təsdiqləndikdən sonra subsidiya vəsaiti fermerlərin “Fermer kartı”na köçürülür. Fermerlər kartdakı vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, qalan vəsaitdən isə gübrə, toxum, pestisid və s. aqrar istehsal vasitələri ala bilər.

Bu məsələdə Qazağın daha bir oliqarxa çevrilmiş məmuru – Kənd Təsərrüfatı Nazirliyinin Qazax rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovun kartı işə düşür. Pənahov fermerlərə bazardan məsələn 10 manata ala biləcəkləri gübrə və toxumu 15 manata aqrolizinq təşkilatından almalarını israr edir. Buna razı olmayanlar, təzyiqlə subsidiya məbləğinin yalnız 70 faizini almağa razılaşmağa məcbur edilirlər.
Bu və digər məsələlərlə bağlı Məmməd Alıyevlə və Həmid Pənahovla telefon əlaqəsi saxlayıb münasibətlərini soruşduqda, hər iki vəzifəli şəxs sanki bir-biriylə telepatik əlaqələri varmış kimi: “Yazın, verin prokurora” – deyə cavab verdilər. Buradan belə yəqin hasil olur ki, onların beli prokurordan da bağlıdır.

Başqa sözlə, Qazax rayonunda korrupsiya çetesi hüquq-mühafizə, cinayət təqibi və ədliyyə orqanlarına da sirayət edib.

Bu gün Qazaxda ilk baxışda “göz oxşayan” hal təsəvvürü yaradan tikinti işləri vüsət almaqdadır. Amma bunun sadə vətəndaşlara heç bir faydası yoxdur. Belə ki, tikilənlər əlbət ki, yüzlərlə qazaxlının çalışıb məşğulluqlarını təmin edəcəkləri zavod, fabriklər deyil, bir ovuc haramxorun büdcədən oğurladıqları haram kapital hesabına inşa etdirdikləri, özlərinin və yaxın adamlarının ciblərini dolduracaq, cəmiyyət üçün heç bir perspektiv vəd etməyən, şəxsi və korporativ maraqları təmin edən kommersiya obyektləridir.

Məlum olduğu kimi, 2020-ci ilin payızında baş vermiş, Azərbaycanın Ermənistan üzərində Qələbəsinin təsdiqi olan üçtərəfli 10 noyabr sazişinin müddəaları çərçivəsində Qazax rayonunun Ermənistanın nəzarətində olan 7 kəndi də Azərbaycana təhvil verilməlidir. İstər-istəməz fikirləşməli olursan: O kəndlər ermənidə qaldı nə, R.Babaşovun ixtiyarına verildi nə?

Mənbə Deryaz.az