Qarabağda Balababa Rzayevlə Etibar Pirverdiyev arasında savaş gedir: “Azenko”da ixtisarlar başlayıb…

14:58 06-01-2022 549

“Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus “Azenco” ASC işçilərini öz hesabına məzuniyyətə çıxarıb.

 

AzToday.az-a daxil olan məlumatlara görə, şirkət noyabr ayından başlayaraq 80-a yaxın işçisini məcburən məzuniyyətə göndərib. Beləki işğaldan azad olunmuş ərazilərdə yüksək gərginlik elektrik xətlərinin çəkilməsini həyata keçirən şirkətə yeni layihələr verilməyib.

 

Buna səbəb isə “Azərenerji”nin indiki prezidenti Balababa Rzayevlə Etibar Pirverdiyev arasındakı münasibətlərin gərgin olmasıdır. İşğaldan azad olunmuş ərazilərin elektrikləşməsi layihələri hələ tam başa çatmayıb. Bu baxımdan ehtimal olunur ki, “Azenko” ASC məcburən yenidən layihələrə cəlb olunsun. Buna səbəb Balababa Rzayevə məxsus şirkətlərin peşəkarlıqda Pirverdiyevin şirkətindən əhəmiyyətli dərəcədə geri qalmasıdır.

Məlumata görə, Balababa Rzayev “Azenko”nun təcrübəli işçilərin şirkətlərinə cəlb etmək istəsə də, hələlik buna tam nail ola bilməyib.

“Azərenerji” prezidenti postunu itirəndən sonra Etibar Pirverdiyevin biznesi zəifləməyə başlayıb. Pirverdiyevin Azərbaycandakı şirkətləri əvvəlki kimi iri layihələrin icrasından məhrum edilib. Qarabağın işğaldan azad olunması fonunda Etibar Pirverdiyevin şirkətləri yenidən bəzi layihələrə cəlb olunub. Və ən çətin işlər onun şirkətlərinə tapşırılıb. Balababa Rzayevə məxsus şirkətlər isə Pirverdiyevin şirkəti ilə müqayisədə daha rahat və gəlirli layihələr icra edib.

Qeyd edək ki, “Azenco” uzun müddət enerji sektorundakı iri layihələri həyata keçirib, bu layihələrin baş podratçısı və subpodratçısı olub.

Şirkət 1939-cu ildə yaradılan Azərbaycanda istilik elektik stansiyalarının layihələndirilməsi, tikintisi və təmiri üzrə “Mərkəzi İstehsal Təmir” müəssisəsinin 2000-ci ildə özəlləşdirilərməsi nəticəsində “Azenko” (Azerbaijan Energy Construction) ASC-yə çevrilib.

Bu həmin vaxt idi ki, Etibar Pirverdiyev «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri postuna təyin edilmişdi. Bundan cəmi bir il sonra Pirverdiyev “Azərenerji”nin rəhbəri postuna irəli çəkildi, elə həmin vaxtdan da “Azenco” sürətlə böyüməyə başladı və enerji sektorundakı layihələrin həyata keçirilməsində faktiki olaraq inhisarçı şirkətə çevrildi. Bu şirkət su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində “Layihələndirmə, tikinti və satınalma” müqavilələrini həyata keçirir, bundan başqa, elektrik stansiyaları,yarımstansiya və elektrik verilişi xətlərinin bərpası üzrə müvafiq xidmətlər də təklif edirdi.

Pirverdiyevin “vurulmasınadək” elektroenergetika sənayesinin bütün layihələrində iştirak edən “Azenco” həmçinin “Dövlət Bayrağı Meydanı” və “Bakı Kristal Hall” layihələrinin tikintisini həyata keçirib. Sonradan “Dövlət Bayrağı Meydanı”nda meydana çıxan problemlər tikintinin keyfiyyətli aparıldığına, ayrılan külli miqdarda vəsaitin əhəmiyyətli hissəsinin korrupsiya predmetinə çevrildiyinə dair ciddi şübhələr yaradıb.

2018-ci ilin sentyabrında Pirverdiyev “Azərenerji” postunu itirdikdən bir müddət sonra “Azenco”ya yeni layihələrin verilməsi dayanmışdı. Bu isə şirkətin fəaliyyətinin kəskin zəıifləməsinə səbəb olub. Bütün bunların nəticəsində də şirkətin minlərlə işçisi ixtisar olunub.

Müəllif Orxan Məmmədli

Mənbə AzToday.az