20 Yanvarı təkrar yaşadım

12:27 07-01-2022 558

Proqnoz.com: Rövşən Kəbirli yazır:

20 Yanvarı təkrar yaşadım

 

Məni FB-də izləyən dostlarım, gün ərzində dünyanın aparıcı xəbəri-Qazaxıstanda baş verən qanlı faciədən bir cümlə belə yazmağa əlim qalxmadı. İnanın ki, iştirakçısı olduğum və möcüzə nəticəsində (bunun üçün 20 yanvar metrosunda məni güllənin qarşısından hasarın arxasına itələyən adını bilmədiyim o gəncə bir can borcum var) sağ qaldığım 20 Yanvarın səhəri günü məğlubiyyətdən və gözümün önündə qətlə yetirilənlərdən yana keçirdiyim hisləri sözün həqiqi mənasında yenidən yaşadım. Hər şey necə də oxşardır. O vaxt da qatil rolunda SSRİ adlı imperiyanın aparıcı dövləti Rusiya, onun saqqalı muzdlu silahlı ordu birləşmələri, hədəfsə silahsız ədalət tələb edən biz azərbaycanlılar, 32 il sonra isə yenə də qatil Rusiya, bu dəfə hədəf ədalətli hökumət tələb edən, seçmək hüququ zorlanan sadə qazax xalqı. 

Yəqin bugün Qazaxıstandan yayılan videoları görmüsünüz, qətlə yetirilən əksəriyyəti gənc bu insanların hamısı snayperlə baş və ürəyindən vurulub- 20 Yanvarda olduğu kimi. 

Eləcə şəkilə baxıb əttökən mülahizələr irəli sürən Hərşeyşünaslardan fərqli olaraq mən Qazaxıstanda niyə bu faciə baş verdi, kimin ssenarisi idi və.s kimi suallara cavab axtarmayacam. Yalnız onu demək istəyirəm ki, istər Qazaxıstanın müstəqilliyini qanla dolu teştdə Putinin şəxsində Rusiyaya hədiyyə edən  Tokayevi, istərsə də nəsil nəcabətinə bəs edəcək qədər sərvət toplayan və özünə Elbaşı titlu verən (əslindəsə Külbaşı) Nazarbayevi qazaxlar əbədi olaraq lənətləyəcək. Halbuki Qazaxıstan üçün ötən 30 ildə heç də az iş görməyən sonuncunun məhz xalqın bu çətin günündə, ölkənin suverenliyinə real təhlükə yarandığı həlledici bir məqamda  Elbaşı tutuluna layiq olduğunu sübut etmək imkanı yetərincə idi. 

Mənimçün ağrılısı həm də odur ki, qazax gəncinə atəş açanlar içində erməni hərbiçiləri də var. Ki, bu da Tokayevin oğraşdığının pik nöqtəsi sayıla bilər.

Hə bir də Rusiyanın bu addımını gələcəyi üçün qarant hesab edib rahatlananlar bilməlidir ki, ölkədə sabitlik bərpa olunandan və gərəkən sənədlərə imza atılandan bir müddət sonra Moskva Tokayevi də, "kələbaş"ı da əhalinin qəzəbini soyutmaq üçün uf demədən xərcləyəcək, ən yaxşı halda Moskvada nəzarət altında saxlayacaq, yaxud planlı sui-qəsdlə cəhənnəmə vasil edəcək. 

Bütün hiss və duyğularımla bugün tarixinin çətin qanlı dövrünü yaşayan qazax qardaşlarımın yanındayam!

Rədd olsun işğalçı Rusiya ordusu və Moskvanın satalleti Tokayev-Nazarbayev  cütlüyü !
Kürsüyə görə dövlətin müstəqilliyini və xalqın şərəfini erməni-rus yadellilərinin ayaqları altına atanlar nifrətə və ağır cəzaya layiqdir.

P.S: Sağdakı şəkil 20 Yanvardan, soldakı Qazaxıstandakı morqlardan birində çəkilib.

Paralel.az