Kardiologiya İnstitutunun şübhəli TENDERYEYƏNİ... -İLGİNC FAKT

15:56 08-01-2022 558

Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu 2021-ci ilin dekabr ayının 28-də "Abadlaşdırma xidməti" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub. 
Proqnoz.com: Bildirilir ki, satınalmanın məbləği 25.334 manat, qalibi isə "Azlahiyə İnşaat" MMC olub.
"Azlahiyə İnşaat" MMC 2012-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Səbail rayonu, Qəzənfər Əlizadə ev 4, mənzil 4 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur.
"Azlahiyə İnşaat" MMC-nin maddi-texniki bazası, müqavilə ilə çalışan mühəndis və işçi heyətinin sayı, dövlət qurumlarından aldığı müvafiq lisenziyalar barəsində məlumat yoxdur.
İlginc məqam satınalmada qalib elan edilən "Azlahiyə İnşaat" MMC-nin dövlətə külli-miqdarda vergi borcunun olmasıdır.
Belə ki, hazırda "Azlahiyə İnşaat" MMC-nin dövlətə 874.246 manat vergi borcu var.
Azərbaycan Respublikasının "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan təşkilatlar dövlət satınalmalarında iştirak edə bilməzlər.
Akad.C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru tibb elmləri doktoru Gülnaz Dadaşovadır.
Tenderlə bağlı Kardiologiya İnstitutundan sorğumuza cavab verilməyib.(Yenixeber.org)