Hakimiyyət 4 min "terrorçu”nun saxlanıldığını bəyan edib-Qazaxıstanda

16:00 08-01-2022 405
İğtişaşlarla mübarizə ilə bağlı Qazaxıstandan gələn məlumatlar başını itirmiş hakimiyyətin hesabatlarını xatırladır. Proqnoz.com: Belə ki, rəsmi məlumatlarda saxlanılan 4 min "terrorçu" haqda danışılır. Bildirilir ki,  yaraqlılar "Almatıdan sıxışdırılıb, amma onlar dağlara gediblər". Həmçinin bildirilir ki, saxlanılanlar arasında əcnəbilər də var. Onlar “qonşu” ölkələrdən xüsusi olaraq Qazaxıstana göndərilib. Onlardan dini ədəbiyyat götürülüb. Ancaq indiyə qədər cəmiyyətə yalnız bir kriminal avtoritet və onun qrupunun beş üzvü təqdim olunub və onların nə etdikləri açıqlanmayıb. Belə təəssürat yaranır ki, hakimiyyət "terrorçu" sözünün mənasını anlamır.

Lakin ən təəccüblü etirafı dövlət başçısı Tokayev edib. O, təhlükəsizlik xidmətini satqınlıqda və dövlətə xəyanətdə ittiham edib. Onun sözlərinə görə, illərlə dağlarda yaraqlıların düşərgələri yaradılıb, lakin təhlükəsizlik xidməti susub.

Bu cür rəylər Qazaxıstan hakimiyyətinin baş verənlərə nəinki tam hazır olmadığını, həm də vəziyyəti obyektiv qiymətləndirmək iqtidarında olmadığını göstərir. İndiyədək Qazaxıstan rəhbərliyindən, müxalifətdən və ekspertlərdən heç biri baş verənlərin səbəblərini təhlil etməyə cəhd göstərməyib. Belə təəssürat yaranır ki, ölkədə hətta bunu da etmək iqtidarında deyillər.

Belə vəziyyətin səbəblərindən biri ölkədə ciddi analitik mərkəzlərin və güclü vətəndaş cəmiyyətinin olmamasıdır. Müstəqillik illərində bu ölkədə sosial, iqtisadi, milli və siyasi proseslərlə bağlı ciddi araşdırmalar olmayıb. Bütün analitika "müdrik Yelbas"ın uğurlarından və hakimiyyətin Nazarbayevdən onun ailə üzvlərinə "düzgün" ötürülməsindən ibarət olub ki, bu da Tokayev fiquru ilə ört-basdır edilib.

Belə vəziyyətdə hakimiyyətin düzgün nəticə çıxaracağını və ölkənin hazırkı böhranın gələcəkdə təkrarlanmasından qaçacağını gözləmək lazım deyil. Çox güman ki, klanların və elitaların mübarizəsi digər formalarda davam edəcək.