Azərbaycan səhiyyəsinə ikinci Oqtay Şirəliyev lazım deyil

15:07 10-01-2022 432

Ölkə bazarındakı dərmanların keyfiyyəti problem olaraq qalır və məsələ nə qədər ictimai müzakirəyə çıxarılsa da, dərmanların keyfiyyətinə görə məsul qurum olan AEM problemin yanından keçməyə çalışır…

 

Ölkə bazarındakı dərman vasitələrinin keyfiyyəti problemi gündəmdə olan aktual məsələlərdən biri olaraq qalmaqdadır.

 

Pia.az xəbər verir ki, İTV, ARB, Xəzər tv-nin mövzuya həsr olunmuş verilişlərdən sonra Space tv-nin efirində də dərmanların artan qiyməti və azalan keyfiyyəti probleminə aid material yayımlanıb.

Buna rəğmən Analitik Ekspertiza Mərkəzinin laboratoriya müdiri televiziya müxbirinin suallarını cavablandırarkən işlədiyi qurumdakı mövcud nöqsanlardan başqa problemin kökünü az qala hər yerdə gördüyünü söyləyir. Təəssüflər olsun ki, problemlə bağlı yeni bir şey eşitmədik.

Bu arada həmkarımız Afaq RZA “Dərman bazarında başlı-başınalıq” adlı məqaləsində
problemə aid suallara aydınlıq gətirməyə çalışıb. Ölkə səhiyyəsində olan problemləri təsvir edən jurnalist yazır: “…təəssüflər olsun ki, səhiyyə sistemimizdəki ammalar daha çoxdur.

Bu birincisi, dərmanlarla bağlı problemlərdir. İş o həddə çatıb ki, ölkənin dərman bazarında baş alıb gedən başlı-başınalıq insanları nəinki özündən asılı vəziyyətə salıb, hətta onları udmaq üzrədir”. Həkim Abdulla Şıxlinskinin dediyinə görə ölkəyə gətirilən dərman preparatlarının keyfiyyətinə Səhiyyə Nazirliyinin tərkibində nəzarət edən qurum var. Lakin həkimin sözlərinə görə, görünür ki, bu nəzarət müsbət deyil.

Məqalə “Dövlət vətəndaşlarının səhiyyə xidmətlərinə ehtiyacını və əlçatanlığını təmin etməlidir. Bütün bu proses dövlət orqanları və səhiyyə ilə bağlı səlahiyyətli qurumlar tərəfindən tənzimlənməlidir. Təəssüf ki, Səhiyyə Nazirliyi hələ ki vətəndaşlarda bu inamı yarada bilmir. O ki qaldı dərmanlara, əvvəlcə işə heç olmasa keyfiyyətli dərmanların insanlar üçün əlçatan olmasını təmin etməkdən başlaya bilərik. Bunun üçünsə dərman bazarındakı başlı-başınalığa son qoymaq lazımdır”, sözləri ilə bitir.

Oxuyun: Dərman bazarında başlı-başınalıq

Jurnalistin səhiyyə sistemimizdəki ammalardan birincisi dərmanlarla bağlıdır fikri ilə razıyıq. Təbii ki, bu problem bu gün yaranmayıb, və illərlə davam edən özbaşınalığın nəticəsidir.

Teymur Musayevin səhiyyə sistemindəki islahatlara baxışı necədir?

Xatırladaq ki, Səhiyyə nazirinin vəzifələrini icra edən Teymur Musayev təyinatı zamanı bu sözləri demişdi:

“Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir. Fəaliyyətim zamanı dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özümə rəhbər tutacam”.

Xatırladaq ki, Teymur Musayev artıq 9 aydır ki, Səhiyyə Nazirliyinə rəhbərlik edir və bu heç də qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün az zaman deyil. O zaman Teymur Musayev nədən bu qədər problemlərin həllinə önəm vermir? Nədən səhiyyə sisteminə gənc və peşəkar kadrların cəlb olunmasını müşahidə etmirik? Ümumiyyətlə T.Musayevin zamanında Oqtay Şirəliyevin dövründə yığılmış problemlərdən hansıları həll olunub?

Apardığımız araşdırma Səhiyyə Nazirliyində bu müddət ərzində yalnız bir neçə qəribə və hansısa ciddi problemlərə təsir göstərməyən kadr dəyişikliyini göstərir. Məsələn, heç bir neqativ hallarda adı keçməyən Nadir Zeynalovun nazirliyin aparat rəhbəri vəzifəsindən getməsi, nazirin müşaviri vəzifəsinə səhiyyə işçisi olmayan, Dövlət Vergi Xidmətində çalışan mütəxəssisin, QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsinə isə vərəm üzrə mütəxəssis olan Famil Məmmədovun təyin edilməsi…

Səhiyyə nazirliyi tərəfindən əczaçılıq bazarının tənzimlənməsi istiqamətində həlledici addımların atılmaması nə ilə bağlıdır?

Son kadr təyinatı ilə bağlı bəzi məqamlar diqqəti cəlb edir. Mətbuatda gedən məlumata əsasən Famil Məmmədov bundan əvvəl Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində vərəm üzrə baş inspektor vəzifəsində çalışıb. (https://banker.az/qics-l%C9%99-mubariz%C9%99-m%C9%99rk%C9%99zinin-direktoru-isind%C9%99n-azad-edilib/).

İlk baxışdan QİÇS-lə Mübarizə Mərkəzinə vərəm üzrə mütəxəssisin təyin olunması səbəbi suallar doğurur. Eyni zamanda yeni direktorun QİÇS-lə Mübarizə Mərkəzindən və nəhəng səhiyyə naziriliyinin aparatından yox, digər nazirliyinin kadr nomenklaturasından cəlb edilməsi səbəbi də müəmmalıdır. Lakin apardığımız araşdırma bu təyinatla bağlı maraqlı ehtimallar yaradır.

Məsələ ondadır ki, dərmanların keyfiyyətinə cavabdeh olan Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovun “linkedin”-dəki səhifəsi onun da əvvəllər Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində işlədiyini göstərir. Bəlkə də böyük ehtimalla Famil Məmmədovun Teymur Musayevə təqdimatını məhz Murad Süleymanov edib.

Qəbahətli bir şey görmürük. Lakin bu ehtimal həqiqətə uyğun olduğu halda ortaya 3 narahatedici sual çıxır:

1. Nazirlik kadr seçimində üstünlüyü gənc, peşəkar və vətənsevər mütəxəssislərə yox, daha çox digər kriteriyalara uyğun gələn şəxslərə verir?

2. Teymur Musayev kadr axtarışında çətinlik çəkir?

3. Və nəhayət Teymur Musayevin əczaçılıq bazarının təmzimlənməsi istiqamətində həlledici addımların atmaması səbəbi onun Murad Süleymanovla şəxsi münasibətlərin olmasına işarə edir. Bu isə şəxsi maraqların ölkə əhəmiyyətli məsələlərdən üstün tutması deməkdir. Bu fakt doğrudursa vəziyyət üzücüdür.

Araşdırmamız davam edir.