Paşinyanın bəxtsizliyi-KTMT toplantısının mənfi qəhrəmanı Putinə niyə cavab verə bilmədi?

12:56 12-01-2022 324

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün parlamentin iclasında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələri 10 gün ərzində ölkəni tərk edəcək. Xatırladaq ki, prezidentin yanvarın 5-də müraciəti əsasında hərbi təşkilatın əsasən Rusiya hava-desant qüvvələrindən ibarət 4 minə yaxın hərbçisi Almatı şəhəri və başqa ərazilərdə yerləşdirilmişdi. Bu fakt Rusiyanın çoxdan hədələdiyi qonşu ölkəyə soxulması kimi təqdim olunaraq həm Qazaxıstanda, həm qonşu ölkələrdə, həm də beynəlxalq ictimaiyyətdə ciddi narahatlığa səbəb olmuşdu. Tokayevin bugünkü vədinin özünü doğruldub-doğrultmayacağı məlum deyil. Çünki bir gün əvvəl KTMT liderlərinin toplantısında təşkilatın hamisi Rusiya prezidenti V.Putin hərbi qüvvələrin Qazaxıstanda “nə qədər lazımdır, o qədər qalacaqlarını” elan etmişdi. Sözügedən toplantı isə əvvəldən axıra qədər paradokslarla zəngin açıqlamalarla yadda qaldı. 

Proqnoz.com: Məsələn, prezident Tokayev çıxışında ölkəsində baş verənləri “dövlət çevrilişinə cəhd” adlandırıb. O, bu addımın arxasında hansı siyasi qüvvələrin dayandığını açıqlamasa da 20 mindən artıq terrorçunun varlığından danışıb. Daha sonra deyib ki, onların meyitləri ekstremistlər tərəfindən morqlardan  oğurlanıb. “Dinc etirazlar pərdəsi altında nəhəng iğtişaşlar törədilib, bir komanda ilə dini radikallar, kriminal elementlər, qəddar soyğunçular, talançılar, xırda xuliqanlar ortaya çıxıb, daha sonra silahlılar öz saatlarını gözləyiblər”, –  deyən Tokayev deyib, iğtişaşlara xaricdən qatılan terrorçulardan bəhs edib, amma faktlar göstərməyib.

Tokayevə sual ünvanlanmayıb ki, 20 min terrorçunun varlığından niyə Qazaxıstan təhlükəsizlik qüvvələri xəbər tutmayıb? Ümumiyyətlə, bu sayda terrorçunun bir yerə toplaşmasını ancaq Yaxın Şərqdə məhv edilmiş “İslam Dövləti” ekstremist qruplaşması nail olub. 200 minə yaxın orduya, 120 mindən artıq polisə və təhlükəsizlik qüvvələrinə məxsus olan hakimiyyət onlara qarşı niyə tədbir görə bilməyib?

Daha sonra bir neçə gün əvvəl təhlükəsizlik qüvvələrinə nümayişçilərin sorğu-sualsız güllələməyi əmr edən prezident KTMT-nin iclasında fikrini 180 dərəcə dəyişib: “Qazaxıstan ordusu heç vaxt dinc etirazçılara atəş açmayacaq”. Qeyd edək ki, prezidentin bu bəyanatına BMT, ABŞ və Avropa İttifaqından sərt reaksiya gəlmişdi. 

Tokayev iclasa sədrlik edən Ermənistan Baş nazirini “unudaraq”, ilk minnətdarlığını Rusiya prezidentinə ünvanlayıb. Putinin çıxışı isə Paşinyanı xeyli pəjmürdə edib. “Destruktiv daxili və xarici qüvvələr Qazaxıstandakı iğtişaşlardan yararlanıb, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) digər qüvvələrin sabitliyi pozmasına imkan verməyəcək. KTMT qüvvələri silahlı qrupların Qazaxıstanda hakimiyyətin bazasına zərbə vurmasını önlədi. Baş verənlər regionu qarışdırmağı hədəfləyən ilk cəhd deyil. KTMT “rəngli inqilablar”a yol verməyəcək”,-Putin vurğulayıb.

Kreml rəhbəri bu sözlərlə ötən 20 ildə postsovet ölkələrində inqilabi yolla baş verən hakimiyyət dəyişikliklərini nəzərdə tuturdu. Həmin hadisələr 2018-ci ildə Paşinyanın rəhbərliyi ilə Ermənistanda da baş verib və nəticədə o, Rusiyapərəst qüvvələri devirərək, iqtidara yiyələnib.  

Paşinyan Rusiya rəhbərinin bu çıxışına əllərini ovuşdurmaqla və kresloda yırğalanmaqla reaksiya verdi. Dərhal hiss etdirdi ki, deyilənlərdən heç məmnun deyil.  Ümumiyyətlə, Qazaxıstandakı olayların Ermənistanın KTMT-yə rəhbərlik etdiyi dövrə təsadüf etməsi Paşinyan üçün heç yaxşı olmadı. Baydenin demokratiya sammitinə dəvət almaqla yığdığı “baqaj”, demokratik lider imici bir anda yerlə bir oldu. Məsələ burasındadır ki, KTMT xaric, heç bir ölkə Qazaxıstanda baş verənləri Tokayevin təqdimatında olduğu kimi qəbul etmir. Prezident bu gün parlamentin iclasında da etirazların hakimiyyətin pis idarəçiliyi, korrupsiya səbəbindən baş verdiyini etiraf edib. O zaman Ermənistanın sədrliyi ilə Qazaxıstana qoşun yeridilməsi barədə qərarın verilməsi xeyli suallar doğurur. Bir neçə gündür erməni ictimaiyyəti, mətbuatı bu sualları Paşinyana ünvanlayır və onu sərt tənqid edir. Necə ola bilər ki, xalq etirazları ilə hakimiyyətə gəlmiş Paşinyan hökuməti başqa bir ölkədə eyni xarakterli etirazı boğmaq üçün səs verir, hərbçi göndərir?!

Ermənistanın Qazaxıstana göndərdiyi hərbçilər isə bir başqa kuryoz idi. Vahid geyimi olmayan, özünümüdafiə könüllülərini xatırladan hərbçilərin fotoları günlərdir, media və sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. Bir erməni fəalının onlar barədə yazdığı isə sosial mediada trend olmuşdu. O, erməni hərbçilərin Azərbaycan ordusuna dəstə-dəstə əsir düşdüyünə işarə edib “Qazaxıstana gedənlər də əsir düşüb bizi biabır elməsələr yaxşıdır”,- yazmışdı.

KTMT-nin iclasında başqa maraqlı məqam Qırğızıstanla bağlı idi. Məlumdur ki, Qırğız hökuməti iki dəfə Tokayevə nota verərək, terrorçu kimi həbs edilmiş qırğız musiqiçinin azad edilməsini tələb etmişdi. Qazaxıstan hakimiyyəti də dünən bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Topantıda isə Qazaxıstan rəhbəri Qırğızıstana yardım üçün dərin təşəkkür edib. 

Toplantıda ən sevincək görünən Belarus prezidenti Aleksandr Lukaşenko idi. O, Qazaxıstanda baş verən iğtişaş və qətliama bir ümid pəncərəsi kimi baxıb, Putinin yumruğu rolunu oynadığını hər vəchlə göstərməyə çalışırdı. Bu kontekstdə onun Özbəkistana hədə-qorxu mesajlı ünvanlaması tragikomik idi. Cəmi 1 il əvvəl xalq etirazları nəticəsində legitimliyini itirmiş, ölkəsini ağır məhrumiyyətlərə düçar etmiş, Kreml rəhbərinin ayaqlarının altına sərmiş Lukaşenko Qazaxıstanın bu aqibətlə üzləşməsindən çox məmnun görünürdü. Psixologiyada bu hissə sinizm deyilir – yəni başqalarının faciəsindən rahatlanmaq.  

ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus deyir ki, KTMT rəhbərlərinin toplantısında mafiyanin “omerta” adlanan “şərəf kodu” prinsipi açıq-aydın görünürdü: “Bu prinsipdə əsas məqsəd cinayətkar təşkilatın mafiya üzvlərinə nəzarəti tam təmin  etməkdir. Yəni təşkilatı tərk etməyin yalnız bir səbəbi ola bilər-ölüm! Əsas ironiya mənbəyi isə KTMT iclasının aparıcısı, bu yaxınlarda ABŞ prezidentinin rəhbərliyi ilə keçirilən demokratiya sammitində çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan oldu. Məşədi İbad demişkən: “qizin iki adaxlisi var imiş””. (Yenixeber.org)