Oxumuram, əl çəkin...

17:22 12-01-2022 432

İnsanlar nə üçün qəzet, kitab oxumur?

 Hesab edirəm ki, son onilliklərin ən aktual problemlərindən biri də, insanların qəzet, kitab oxumaqdan uzaq düşmələridir. Ola bilsin kimlər üçünsə, bu problem deyil.

 Bəziləri də belə düşünə bilərlər ki, insanlar nə hayda, sən nəyin hayında. Mən bütün insanların fikir və düşüncələrinə hörmətlə yanaşıram və hesab edirəm ki, hər bir mənfi düşüncənin özündə də, müsbət nəsə tapmaq olar. Amma oxumamağın heç bir düşüncəyə aidiyyəti yoxdur və çox pis bir tendensiyadır. "Oxumuram, mənə lazım deyil", kimi düşüncə sahibləri də, əslində bu cəmiyyətin yüksəlişinə, inkişafına heç bir önəm verməyən insanlardır.

Bizim, yəni yaşlı nəslin bir "baba"sı var idi, adına bütün dünyada Lenin deyirdilər, əsl adı isə Vladimir İliç Ulyanov idi. Bax, bu Ulyanov deyib: "Oxumaq, oxumaq, yenə də oxumaq!". Amma bunu heç də özündən kəşv etməyib. İnsafən, onu da qeyd etmək lazımdır ki, atası Gimnaziya direktoru olan Valodya Ulyanov çox oxumuş və bilikli adam olub. Belə olmasaydı,  300 il Rusiya imperiyasına hökmüranlıq edən Ramanovlar sülaləsini süquta yetirə bilməzdi. Lenin həmçinin İslam tarixini mükəmməl bildiyindən, Məhəmməd peğəmbərin "beşikdən qəbrə qədər öyrənin") tövsiyyəsini "Oxumaq, oxumaq, yenə də oxumaq!" şürarı kimi təqdim etmişdi. Onun qurduğu sovetlər ölkəsində, həqiqətəndə oxumamaq mümkün deyildi. Dövlət insanların oxuması, savadlanması üçün lazım olan bütün işləri görürdü. Sovetlər İttifaqı dünyada yeganə dövlət idi ki, bu dövlətdə ən azı orta təhsili olmayan bir nəfər belə yox idi.

Müstəqillik əldə etdikdən sonra isə ölkəmizdə insanlar oxumaqdan uzaq qaçmağa başladılar.

Bunun əsas səbəblərindən biri müstəqilliyin ilk illərində ölkəmizdə yaranmış xaotik vəziyyət idi. Bu illərdə məcburi orta təhsil tələbi ortadan qalxdı. Yəni müstəqil olduqsa, oxumasaq da olar.

Daha bir müddət sonra Azərbaycanda "kiril" əlifbası ləğv olundu, latın qrafikalı əlifba yenidən həyatımızı qayıtdı. Qayıtdı ona görə deyirəm ki, 1933-39-cu illərdə ölkəmizdə ərəb qrafikası ilə yazıb-oxumaq qadağan olundu (onu da diqqətinizə çatdırım ki, 1929-cu ilə qədər Azərbaycaq əhalisi "əski əlifba" adlanan ərəb əlifbasıyla yazıb -oxuyub) və latın qrafikasına keçdik. Sonradan isə hansısa səbəbdən (bəziləri iddia edir ki sovet hökuməti bizi buna vadar edib, amma bu inandırıcı deyil çünki, nə gürcülər, nə ermənilər, nə də Pribaltika respublikaları belə bir addım atmadılar, bu məcburi olsaydı, sovet dönəmində onların bu prosesdən kənarda qalamaları mümkün olmazdı) latın əlifbasından kiril əlifbasına keçid etdik.

Bu fikiri bəlkə də məndən qabaq kimlərsə deyib, buna görə də onların ruhuna hörmətlə qeyd edirəm ki, hər hansı bir xalqı, dövləti inkişafdan, mədəni tərəqqidən saxlamaq, tarixini saxtalaşdırmaq istəyirsənsə, vaxtaşırı onun əlifbasını dəyiş ki, yeni gələn nəsl tarixini və keçmişini öyrənə biməsin və unutsun. Azərbaycanda isə son 60-65 il ərzində ən azından 4 dəfə əlifba dəyişib.

Yəni babam ərəb əlifbası ilə, atam latın, mən kiril, övladlarım isə yenidən latın əlifbası ilə oxuyub-yazmaq məcburiyyətində qalmışıq. Loru dildə desək, babamın yazdığını atam, atmın yazdığını mən, mənim yazdıqlarımı isə övladlarım oxumaqdan məhrum ediliblər. Xalqın bundan böyük faciəsi ola bilərmi?

Müstəqillik əldə etdikdən sonra latın əlifbasına keçid, həm də yaşlı əhalinin böyük bir qismini qəzet, kitab oxumaqdan məhrum etdi. Həmin insanlar indi də öz aralarında paylaşaraq, kiril əlifbası ilə olan kitabları oxumaqda davam edirlər. Bu baxımdan, qəzetlər daha ağır duruma düşdülər. İlk zamanlar latın əlifbası ilə nəşr olunan qəzetlər demək olar ki, oxucu kütləsini tamamilə itirdi. Bu ərəfədə kompüter, internet və s. kimi yeni texnologiyaların həyatımıza daxil olmasıyla, insanların qəzetlərə olan tələbatı artsa da,  oxuyanların sayı kəskin azaldı. Məsələn, o dövrdə kiril əlifbası ilə 150-200 min tirajla nəşr olunan qəzetlərin tirajı 10-15 dəfə azaldı. 50-60 min tirajla nəşr olunan qəzetlər isə az qala sıradan çıxdılar. Bu azalma sonrakı illərdə də davam etdi. Bu gün Azərbaycanda ən yüksək tirajla nəşr olunan qəzetlərin tirajı 5-7 min nüsxədən azdır ki, bu da 10 milyonluq bir ölkə üçün həddən ziyadə kiçik bir rəqəmdir. Nəzərə alsaq ki, bu qəzetlərin də tirajının böyük hissəsi məcburi abunədən formalaşır, qalan hissəsi isə "qayıdış"(maklatura) təşkil edir, bu, onu deməyə əsas verir ki, köşkdən qəzet alanların sayı barmaqla sayılacaq qədər azalıb. Bu səbəbdən də, qəzet-jurnal, kitab satışı üçün nəzərdə tutulan köşklər də, qəzet satışında maraqlı olmadılar və kiçik marketlər kimi fəaliyyət göstərməyə başladılar.

Qəzetlərin və kitabların oxucu itirməsinin səbəblərindən biri də, oxucunun aldığı qəzet və kitablarda axtardığını (oxumaq istədiyini) tapa bilməməsidir. Məsələn, ölkədə insanların sosial durumu çox ağır olduğu halda, qəzetlərin böyük əksfəriyyəti buna münasibət açıqlamır. Bu problemi müzakirəyə çıxarmır, yaxud çıxarmaq gücündə deyil. Kitablarda isə oxucu yazıçının təsvir etdiyi qəhramanı reallıqda görə bilmir. Müasir oxucular hesab edir ki, gənc yazarlar öz qəhramanlarını həyatın reallıqları ilə uzlaşdıra bilmirlər, yəni yazdıqlarının hamısı bir nəfərin təxəyyülünün məhsulu olan utopiyadan başqa bir şey deyil.

Bura qədər yazılanların təkzibi kimi görünsə də deməliyəm ki, bu gün kitab, qəzet oxumaq istəyən insanlar var. Sadəcə, oxuculara onları qane edə biləcək məhsul təqdim etmək lazımdır. Azərbaycanın yazılı mediası isə bunu bacarmır, çünki müstəqil deyil. Məmurların, yaxud hökumətin nəzarəti altında fəaliyyət göstərən "müstəqil" medianı isə "qazdan ayıq" oxucu qəbul etmir.

Başqa bir səbəb, qəzet və kitabların çox baha olması. Qəzet kimlərinsə hesabına nəşr olunduğundan, qəzet istehsalçısı onun satışında maraqlı olmur və qəzetə istənilən satış  qiymətini qoyur. Məsələn, 16 səhifəlik A3 farmatında nəşr olunan bir qəzet 15, başqa bir qəzet isə 40-60 qəpiyə satışı çıxarılır. Buna səbəb mediaya kommersiya strukturu kimi deyil, başqa maraqlardan yanaşmadır. Kitab nəşrində isə vəziyyət daha ağırdır. Yazıçı 500-1000 tirajla kitab nəşr etdirir, sonra da özü kitabına müştəri axtarır ki, mənim kitabımı alın. Yaxud da imkanlı şəxslərə "paylayır" ki, kitabın xərcini ödəyə bilsin.

Burada bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Təxminən 1970-ci illərin sonu 1980-cı illərin əvvəlində görkəmli alim və yazıçı Əzizə Cəfərzadənin "Pəncərədə işıq" əsəri 250 min tirajla kitab şəklində nəşr olunmuşdu və 3 gün sonra onu satışda tapmaq mümkün deyildi.

İnsanların kitab-qəzet oxumamalarının bir səbəbi də, bu məhsulların satışının bərbad vəziyyətdə olmasıdır. Hamı çalışır ki, qəzetləri, kitabları Bakıda satsın. Bölgələrdə isə oxucu oxumağa qəzet-kitab tapmır. Mən bu sahədə çalışan bir çox insanlar tanıyıram ki, onlara imkan verilsə, normal qəzetlər, kitablar nəşr olunsa, onların ölkəmizin hər yerində satışını təşkil edə bilərlər. Hazırda isə qəzet yazarları da, yazıçılar da kimlərinsə dəstəyinə və yardımına möhtacdırlar. Kimlərdənsə dəstək və yardım alan yazar və yazıçılar isə istədikləri əsəri yarada bilməzlər, çünki başları üstündə olan "yaqdım-dəstək" adlanan "demokl qılıncı" buna imkan verməz.

Proses bu formada davam edərsə, sabah bu yardımlar və dəstək kəsiləcək, Azərbaycanda yazılı media və kitab nəşri sözün bütün mənalarında tənəzzülə uğrayacaq.

Sonda bir şeyi də qeyd edim ki, sosial media, heç zaman qəzet oxucusunu özünə cəlb edə bilməz. Sosial media, sadəcə olaraq xəbər daşıyıcısıdır. Məsələn, "İmişlidə 15 yaşlı yeniyetmə intihar edib, intiharın səbəbləri araşdırılır". Qəzetlər isə (söhbət müstəqil mediadan gedir), bu məsələni tam olaraq araşdırır, intihar edənin şəxsiyyəti, intiharın səbəbləri və bu kimi halların baş verməməsi üçün nələri etmək lazımdır və bunu ictimaiyyətin müzakirəsinə çıxarır ki, belə halların qarşısı alınsın. Mövzu həm də aidiyyəti qurumlar tərəfindən araşdırılsın. Mətbu sözünün gücü də, məhz bundadır ki, dövlət mətbuatda qaldırılan məsələlərə xüsusi diqqət yetirir. Belə olduğu təqdirdə oxucularda da, mətbu sözünə inam və etibar artacaq. Mətbuat həm də kütləyə təsir edən bir vasitəyə çevriləcək. Hazırda isə kütləvi informasiya vasitələri anlayışı özünün mahiyyətini tam olaraq itirib

Hələlik bu qədər. Bu mövzu mənim üçün xüsusi önəm daşıdığından, gələn yazılarımın birində Bakıda,  Zaqatala-Balakən və Yasamal rayonunda aparlığım monitorinqin nəticələri ilə sizi də tanış etməyə çalışacağam. "Paralel"i izləyin.

 Yusif Seyid