Qazaxıstan faciəsi

17:35 12-01-2022 450

Sosial ədalət uğrunda mübarizə nədən faciəyə çevrildi?

 Qazaxıstanda hakimiyyətin ədalətsiz sosial-iqtisadi siyasətinə etiraz edən insanların qiyamı amansızcasına yatırıldı. Etirazçılar isə terrorçu damğası ilə həbsxanalara atıldılar.

 Bu faktın özü onu deməyə əsas verir ki, özünü qazax xalqının "ümümmilli lideri", "xalqın atası" kimi qələmə verən Nursultan Nazarbayevdən sonra hakimiyyətə gələn Qasım-Comərd Tokayev xalqın etimadını və etibarına doğrulda bilmədi. Qazaxıstanda yaşayan soydaşlarımızdan birinin sözlərinə görə, Qasım-Comərd Tokayev öz fəaliyyətində Nursultan Nazarbayevin kursundan kənara çıxa bilmədi, əksinə həmin siyasəti daha qəddarcasına həyata keçirməyə başladı. Tokayevin hazırda Qazaxıstanda həyata keçirdiyi siyasət dünya birliyində qəbul olunmuş demokratik prinsiplərə yox, eks-prezident Nursultan Nazarbayevin tapşırıq və tövsiyyələrinə əsaslandığından, xalqın narazılığına səbəb olub. Qazaxıstanda yaşayan soydaşımız Qadji Axmat Şarafoviçin dediklərindən belə anlaşılır ki, Qazaxıstanda baş verən xalq üsyanı, məhz hakimiyyətin həyata keçirdiyi diktatura siyasətinin nəticəsidir. Qazax xalqı onun rusiyayönümlü, xalqın hissiyatına toxunan və heç bir əsaslandırması olmayan qərarlarına etiraz edərək küçələrə çıxdı. Bu etirazların daxildən kükrəyən alovun partlayışına isə ölkədə təbii qazın qiymətinin artırılması oldu. Bu qərardan sonra Qazax xalqının səbr kasası daşdı və onlar öz etirazlarını bildirmək üçün meydanlara çıxdılar. Axmat bəy deyir ki, bu faciədə ən azından 500 insan həlak olub, minlərlə insan yaralanıb və xəsarət alıb. O ki qaldı həbs olunanlar arasında çox sayda xarici ölkə vətəndaşların olmasına, bu da mövcud hakimiyyətin irəli sürdüyü yalandır. Əslində isə hakimiyyətin xarici vətəndaşlar dedikləri şəxslərin böyük əksəriyyəti N.Nazarbayev və Tokayev zülmündən xarici ölkələrə qaçmaq zorunda qalan qazaxlardır. Bu faktı təsdiqləyən bir misal isə daha çox diqqət cəlb edir və quraşdırılma olduğuna heç kimdə şübhə yaratmır. İxtişaşlar zamana həbs olunan Qırğızstanın tanınmış cazmen-pianoçusu Vikram Ruzaxunov ciddi təzyiq və işgəncələr altında belə bir açıqlama verib ki, məni buraya təxribat törətmək üçün dəvət ediblər və bunun müqabilində 200 dollar pul almışam. Qırğızstan hökuməti isə bu böhtana etiraz edərək Qazaxıstan hökumətinə nota verərək bildirib ki, Vikram Ruzaxunov bir kansertindən 15-20 min dollar qazanır, onu nə vadar edib ki, 200 dollara görə haradasa, təxribat törətsin (son məlumatlara görə Vikram Ruzaxunov artıq azadlığa buraxalıb).

Rusiyadan yaşayan Qazax jurnalist Almurat Canıbek hesab edir ki, bu üsyanın məğlubiyyətinə səbəb olan əsas amil, ölkədə bu kimi halların qarşısına ala biləcək, xalqın etimadını qazanmış müxalifətin olmamasıdır. Jurnalist həmçinin qeyd edir ki, bütün müsəlman ölkələrində, ələlxüsus da postsovet məkanında dövlət başçıları ölkədə konstruktiv müxalifətin formalaşmasından əndişələnir və hakimiyyəti tam olaraq sona qədər idarə edə biləcəklərini düşünürlər. Məhz bu düşüncə də, sonunda belə idarəolunmaz ixtişaşlara və faciələrə səbəb olur.

Tarixin bütün dönəmlərində baş verən xalq üsyanlarının səbəblərini araşdırsanız onun kökündə, məhz despotizmin və diktaturanın durduğunu görəcəksiniz. Despotizmin və diktaturanın hökm sürdüyü dövlətlərdə isə heç zaman hakimiyyətin demokratik yolla dəyişməsinə imkan verilmir. Öz gücünə və yaxınlarının ona təlqin etdiyi əvəzedilməzliyinə güvənən diktator xalqın istək və arzularını ayaqları altına ataraq, hakimiyyətdən və kreslodan (taxt-tacından) elə yapışır ki, onu oradan qoparmaq üçün üsyan və qiyamlar qaçılmaz olur. Bu yolla hakimiyyətdən kənarlaşdırılanların isə aqibəti heç də yaxşı sonluqla nəticələnmir. Məsələn, biz yaxın onilliklərdə Əfqanfstanda, İraqda, Liviyada, Misirdə və s. ölkələrdə baş verən faciələrə diqqət etsək, diktaturanın və xalqın qəzəbinin nə ilə nəticələndiyini açıq şəkildə görə bilərik. Amma bir çox müasir və demokritiya pərdəsi arxasında gizlənən diktatorlar bundan nəticə çıxarmaq istəmirlər.

Mənə belə gəlir ki, bu heç də hər zaman ölkənin birinci şəxsinin anbisiyalarına bağlı məsələ deyil, dövlət idarəçilik sisteminin prinsiplərinə bağlı məsələdir. Tarixə diqqət etsək görərik ki, hər bir zalım hakimin də yanında, onun sözünü eşidən, onun yanlış qərarına etiraz edə bilən, aqil bir məsləhətçisi olur. Müasir idarəçilik sistemində isə belə şəxslər gözə dəymir. Olsalar belə, az bir zaman kəsiyində onları idarəçilik sistemindən uzaqlaşdırırlar.

Ailə-klan, döstluq, qohumluq prinsipləri üzərində qurulan və heç bir haqlı irad və etirazı qəbul etməyən bir idarəçilikdən isə səhvlər qaçılmaz olur. Bu səhvlər isə həm hakimiyyət, həm də xalq üçün faciəyə çevrilir.

Qazaxıstanda baş qaldıran xalq üsyanı da, məhz bu kimi səhvlər üzündən vaş verdi və sonu da faciə ilə bitdi.

Görünəni isə odur ki, Qazax xalqının etirazını bu gün də normal şəkildə heç kim araşqdırmaq fikrində deyil. Çünki hakimiyyət hərisliyi və despotik anbisiyalar buna imkan vermir.

Bəli, belə acınacaqlı halların, məhz müsəlman ölkələrində baş verməsi, həqiqətəndə ağrıvericidir. Müsəlman olan şəxs vəzifəsindən, cəmiyyət də tutduğu mövqeyindən asılı olmayaraq, ən azından dinimizin əsaslarına hörmətlə yanaşmalıdır. Əlində olan sələhiyyətlərindən istifadə edib xalqı əzməməli, ona zülüm etməməlidir. Xalqın sərvətini talayaraq, onu ac-yalavac saxlamamalıdır.

Bu gün bütün xristian dünyası Qazaxıstanda baş verənlərə sevinir, amma özlərini elə aparırlar ki, güya bundan çox təəssüflənirlər.

Sonda onu da qeyd etmək istəyirəm ki, son zamanlar bir Türk birliyinin yaradılması istiqamətində atılan addımlar da, Qərbdə, xristian dünyasında ciddi əndişələr yaradır. Bu da məlumdur ki, müasir zamanda bu birliyi at belində, əlində qılınc yaratmaq mümkün deyil.

Bu birlik Türk dövlətlərinin həmrəyliyi, Türk xalqlarının zəkası, mədəniyyəti, bütün dünyada qəbul oluna tolerantlığı ilə yarana bilər.

Qazaxıstanda baş verənləri isə hakimiyyətin zorakılığına qarşı xalq üsyanı kimi qəbul etmək və bundan nəticə çıxarmaq lazımdır. Çünki heç bir xalq, heç bir din zorakılığı qəbul etmir. Ələlxüsus da, hakimiyyətdən gələn zorakılığı. Hakimiyyətlər ona görə yaradılır ki, xalqı idarə etsin, ona zülm etməsin. Əgər hakimiyyətdə olan kimsə, bu missiyanı yerinə yetirə bilmirsə getməlidir, getməyəcəksə, əmin olun ki, onu gec-tez göndərəcəklər. Bu dəfə ola bilsin ki, rusun, erməninin və digər xristianların köməyi ilə xalqını susdurdun. Gələn dəfə də belə olacağını heç düşünmə. Rusun, erməninin gücünə yox, öz xalqının gücünə inan, onun səsini eşit.

 

P.S. İnternetdə apardığım axtarışlar nəticəsində əldə etdiyim məlumatlara görə,  Qazaxıstan ərizisinə görə dünyada 9-cu, sərvətlərinə görə isə 7-ci yerdə qərarlaşır. Əhalisi isə heç dünya əhalisinin 1 faizini təşkil etmir, cəmi 19 milyon nəfər. Belə bir dövlətdə insanlar nə üçün kasıb yaşamalıdırlar? Qazaxıstanın dövlət rəhbərliyi vaxtında bu suala cavab tapsaydı, mövcud hadisələr də baş verməzdi.

 Yusif Seyid