Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin bərpasını gözləyir-RƏSMİ

18:40 13-01-2022 324

Ermənistan Xarici İşlər Nazirliyi yanvarın 14-də dialoq prosesi ilə bağlı Moskvada Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşündən əsas gözləntilərini açıqlayıb. 

Proqnoz.com: XİN-in mətbuat katibi Vahan Hunanyan "armenpress"ə bildirib ki, Ermənistanın bu dialoqdan gözləntiləri 1990-cı illərdən bəri mövcud olan gözləntilərlə eynidir.

“Biz gözləyirik ki, proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında 90-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış sərhəd yenidən açılacaq. Ermənistan Respublikası hər zaman bəyan edib ki, heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır”, - XİN rəsmisi vurğulayıb.

Nazirliyin sözçüsü qeyd edib ki, Moskvada keçiriləcək ilk görüşdən nəzərəçarpacaq nəticələr gözləmək çətindir.

“Lakin bu, prosesə start verəcək”, - o əlavə edib.

Xatırladaq ki, yanvarın 14-də Moskvada Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç arasında görüş keçiriləcək.