Altı ildir Azərbaycanı tərk edə bilməyən Rusiya vətəndaşı: Milyonlarından məhrum olub, doğmalarını görə bilmir

18:51 13-01-2022 387

“6 ildir ölkədən çıxa bilmirəm. Ailəmi illərdir görmürəm. Rusiyada fəaliyyət göstərən iş adamlarından biriyəm və təsisçisi olduğum şirkətlə 2008-ci ildə “MBA-Moskva” bankının rəhbərliyi arasında yaranan problemlə əlaqədar əsassız yerə Azərbaycandan çıxışıma qadağa qoyulub”.

Bunu əslən azərbaycanlı olan, Rusiya vətəndaşı Qurbanov Zeynulla Rəcəb oğlu bildirib.

 

O deyib ki, 2000-ci illərin ortalarında Rusiyada ilk milli Azərbaycan brendini yaradan və bu brend adı altında Azərbaycanda istehsal edilən nar şirələrini Rusiya bazarına çıxaran iş adamı olub:

“Rusiya vətəndaşıyam. Artıq bu məsələ ilə bağlı Prezident İlham Əliyevə də müraciət ünvanlamışam. 6 ildir Azərbaycanda əsassız olaraq saxlanılıram, ölkədən çıxışıma məhdudiyyət qoyulub. Buna görə nəticədə ağır insani durumla, olduqca dramatik vəziyyətlə üzləşmişəm. Xüsusilə qeyd edim ki, Rusiyada yaşayan ailə üzvlərimi görə bilmirəm.

Bildirim ki, əvvəllər Azərbaycanın vergi orqanlarında işləmişəm. 2000-ci illərin əvvəllərində Rusiyaya getmişəm və Azərbaycanın nar şirələrinin Rusiya bazarında satışına, fəal şəkildə tanıdılması ilə məşğul olan şirkət yaratmışam. Bu ölkədə Azərbaycanın ilk milli ticarət markası olan “O’GRAE”nin əsasını qoymuşam.

2008-ci ildə “O’GRAE” Rusiyada İlin Brendi adına layiq görülüb. Sahibkarlıq fəaliyyətim ərzində 2002-ci ildən etibarən “MBA-Moskva” bankı ilə kredit münasibətləri qurub, bankın kredit resurslarından dövriyyə vəsaitləri kimi istifadə edərək götürüb, məbləği o qədər də böyük olmayan kreditləri faizləri ilə birlikdə vaxtı-vaxtında ödəmişəm.

2010-cu ilə qədər təsisçisi olduğum “O’GRAE” Rusiya şirkətinin qarşılaşdığı problem bu gün məni çox çətin vəziyyətdə qoyur. Belə ki, 2008-ci ildə “MBA-Moskva” bankının rəhbərliyi düzgün təşkil edilmiş biznesin aşkar uğurlarını görərək, mənə onun şirkətinin Rusiyanın iri ticarət riteylerləri ilə təchizat müqavilələri vasitəsilə bankın nəzarətində olan zavodlarda istehsal edilən məhsulların satışının təşkil edilməsi üçün tərəfdaşlıq təklif etdilər. Qarşılıqlı olaraq aramızda aşağıdakı kimi razılaşma oldu:

“Biznesin “MBA-Moskva”ya bağlı olan ofşor şirkətə, qalan 30 faizi isə Z.Qurbanova məxsus olur. Şirkətimin səhmlərinin 70 faizinin dəyərinin əvəzində bank şirkətin həmin vaxta olan 1 milyon 950 min dollarlıq kredit borcunu bağlamağı vəd etdi.

Razılaşmanın əldə edilməsindən dərhal sonra şirkətimin bütün idarəçiliyi, o cümlədən yuxarıda göstərilən kredit öhdəlikləri bankın təyin etdiyi adamlara keçib. Onlar sonradan şirkətdə gedən bütün proseslərə faktiki rəhbərlik ediblər.

Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, bankın keçmiş rəhbərliyi ona xas olan üslubda, şirkətin kredit borclarının bağlanacağına dair üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək əvəzinə yeni dələduzluq sxemləri fikirləşib tapıb, bu prosesə hər cür əngəl yaradıb. Mən bu barədə 2009-2010-cu illərdə mətbuatda dərc edilmiş müraciətlərimdə dəfələrlə qeyd etmişəm”.

Z.Qurbanov əlavə edib ki, məsələyə Rusiyada hüquqi müstəvidə baxılıb:  “Ortaq biznesə daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək və sanballı hesab etdiyim bankın rəhbərliyinə olan etibarımdan sui-istifadə edərək (iş adamı kredit borcunun bağlanacağı haqda bankın öhdəliyinin yazılı şəkildə rəsmiləşdirilməsində israr etməmişdi – red.) “MBA-Moskva” rəhbərliyi 2010-cu ildən Rusiyanın hüquq məkanında, Moskvanın arbitraj məhkəmələrində çəkişmələrinə başlayıb”.

Bank rəhbərliyi həmin 1,95 milyon dollar kredit borcunun əvəzində ondan məhkəmə yolu ilə aşağıdakıları alıb:

– Həmin kreditin götürülməsi üçün girov qoyulan “O’GRAE” ticarət markası ilə birlikdə Rusiyanın bütün iri riteylerləri ilə bağlanmış təchizat müqavilələrini. Hansı ki, məhkəmə ekspertləri bu aktivi o vaxt 7,5 milyon dollar dəyərində qiymətləndirmişdi;

– Z.Qurbanovun Moskvada bazar dəyəri 1,5 milyon dollar olan yeganə mənzilini ələ keçirdi.

Bundan başqa, iş adamı bildirib ki, bankın təyin etdiyi adamların bacarıqsızlığı və qeyri-peşəkarlığı nəticəsində şirkətin biznesi tam çökdürülüb:

“Məsələ ilə bağlı DİN-ə də müraciət etmişəm. İndiki situasiyanın absurdluğu ondan ibarətdir ki, mən Rusiya vətəndaşı olaraq bütün beynəlxalq qanunların və insan haqlarının pozulması nəticəsində,  Rusiya ərazisində bu ölkənin iki təsərrüfat subyekti arasında yaranmış kredit münasibətlərinə görə 6 ildir ki, Azərbaycan ərazisini tərk edə bilmirəm. Hansı ki, bu kredit münasibətlərinə görə məhkəmə araşdırmaları Rusiya qanunvericiliyinə uyğun olaraq hələ 10 il  əvvəl Rusiya ərazisində aparılıb və başa çatıb.

Bütün bu müddət ərzində Azərbaycanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna göndərdiyim çoxsaylı müraciətlərə cavab olaraq göstərilir ki, mənim ölkədən çıxışıma qoyulmuş məhdudiyyət Rusiyanın “O’GRAE” şirkətinin “MBA-Moskva” bankı qarşısında 1,95 milyon dollarlıq kredit borcuna və absurd şəkildə bu məbləğə hesablanmış 2 milyon dollar faizə görədir. Hansı ki, göstərilən 1,95 milyon dollarlıq kredit bank tərəfindən hələ 2008-ci ilin oktyabrında birgə biznesə daxil olmağın şərti olaraq (“O’GRAE” şirkətinin səhmlərinin 70 faizinin banka verilməsinin əvəzində) bağlanmalı idi. Məhz bu kreditə görə mən 2016-cı ildən Azərbaycanda qalmağa məcbur olmuşam, Dağıstan Respublikasının sahibkarlıq və investisiyalar üzrə Agentliyinin rəhbərinin müavini kimi perspektivli işimi itirmişəm.

1,95 milyon dollar kreditin əvəzində məhkəmə ekspertləri tərəfindən 7.5 milyon dollar dəyərində qiymətləndirilmiş bütün “O’GRAE” biznesini, Moskvanın mərkəzində (Kutuzov prospektində) yerləşən, bazar dəyəri 1,5 milyon dollar olan 4 otaqlı mənzili və nəhayət “Aqrarkredit”dən 3,95 milyon dolların (yekunda 13,5 milyon dollar) alındığını qeyd edir. Eyni zamanda Rusiya səfirliyinin mənimlə bağlı göndərdiyi cəmi 15 notasına cavab olaraq ondan 15 il sonra möcüzəvi şəkildə yaranmış 3,95 milyon dollar borcu tələb edirlər”.

Z.Qurbanov son olaraq onu da qeyd edib ki, sözügedən “MBA-Moskva” bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti nəticəsində mənim biznesim əlimdən alındı və müflis edildi, dağıdıldı, hansı ki, mən bu biznesi qurmağa ömrümün bir neçə ilini sərf etmişdim:

“Bu biznes həmin vaxt şirkətin bankdan götürdüyü və mənim zamin durduğum kreditin məbləğindən dəfələrlə yuxarı qiymətləndirilmişdi. Bundan əlavə, bankla həmin “tərəfdaşlıq” nəticəsində mən biznesi qurmaq üçün əvvəldən ora yatırdığım şəxsi vəsaitlərimi də itirmiş oldum, mülkiyyətimdə olan yeganə mənzilim də əlimdən alındı. Yəni məndən ala biləcəklərinin hamısını aldılar və indi mən, ailə üzvlərimlə birlikdə kifayət qədər çətin durumda yaşayırıq. 6 ildir məni Azərbaycandan buraxmadıqlarına görə ailəmi saxlamaq üçün işləmək imkanlarından da məhrum olmuşam. Bu sadaladığım faktları təsdiq edən bütün sənədlər var və onları müvafiq orqanlara təqdim edə bilərəm.

Bunu da əlavə edim ki, “Aqrarkredit”in Moskvada rəsmi nümayəndəlikləri, strukturu var və bu məsələ orada da həll oluna bilərdi. Sadəcə olaraq “Aqrarkredit” rəhbərliyi bu məsələnin Rusiyadakı strukturlarının həll olunması üçün məktub ünvanlamalıdır, lakin qeyri-müəyyən səbəblərdən bu məzmunda məktubun yazılması yubanır. Mən Rusiya vətəndaşıyam. Ümumiyyətlə Azərbaycana gəlməsəm, məni Rusiyadakı problemlə bağlı ölkəyə necə dəvət edəcəkdilər? “Aqrarkredit” rəhbərliyi buna dəfələrlə şifahi qaydada “yox” cavabı versə də, bunu aidiyyəti üzrə yazmalı olduğu məktubda qeyd etmir. Qanunla bu, o zaman mümkün ola bilər ki, problemə Moskvada hüquqi-müstəvidə baxılmasın. Lakin yuxarıda da qeyd etdiyim kimi məsələyə həmin ölkənin qanunverciliyi çərçivəsində baxılıb. Uzun müddətdir ki, hüquqlarım pozulur. Xahiş edirəm ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı ölkədən çıxışıma qoyulan əsassız qadağanın aradan qaldırılması üçün səlahiyyətləri çərçivəsində köməklik göstərsinlər”

Məsələ ilə bağlı “Aqrarkredit” QSC ilə dəfələrlə əlaqə saxlasaq da cavab ala bilmədik. Son olaraq bizə mövzu ilə əlaqədar məlumatın hazırlanıb, göndəriləcəyi deyilsə də, heç bir məlumat verilmədi.

Onu da qeyd edək ki, Z.Qurbanov məsələ ilə bağlı Baş Prokurorluğa eləcə də Daxili İşlər Nazirliyinə də müraciət etdiyini qeyd edib.

Sözügedən qurumlardan məsələ ilə bağlı heç bir cavab almaq mümkün olmayıb.

Millətin Səsi