İlana zəhər verən kərtənkələlər, yaxud elm və təhsildəki rüşvətin korrupsiyaya çevrilməsi

13:48 14-01-2022 423
Dövlət büdcəsini talmaq və xalqın cibinə girməklə altına milyon və milyardlar yığıb rahatca iş çevirən akademşəbəkənin "pokazuxalığ"ı  "ayı xidməti"ndən başqa bir şey deyildir. Dövlətə, rəhbərə, millətə deyil, taladıqları varidata, mala, pula,  xalqla Prezident arasında uçurum yaratmağa, şölələndirdikləri söyüş və küfür kampaniyalarına SƏDAQƏTLƏ xidmət edən və "mühüm" nəticələr qazanan bu zatlar elm və təhsil ocaqlarından, ilk olaraq Milli Elmlər Akademiyasından təmizlənməlidirlər.
 İlk sual belə olmalıdır: "Ay "sədaqətlə" xidmət edib milləti rəzil edən, "dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir" deyib həyanı istismar etməyə çalışan "çoxbilmiş" akademik, axı səndə bu qədər pul, sərvət, var-dövlət, hektarlarla mülk və villalar haradandır?!" . 
Alim-akademik qılafında gizlənmiş, özlərini toxunulmaz sayan akademşəbəkə üzvləri başda baş akademik olmaqla mütləq sorğulanmalıdırlar. Əks təqdirdə, ciddi maliyyə dayaqlarına, ustalıqla maskalanaraq dövlət və millət üçün təhlükə mənbəyinə çevrilən bu şəbəkə qocaldıqca zəifləmək əvəzinə, cəzasızlıq mühitində getdikcə təşkilatlanır, şaxələnir, özünə əlaltdan tərəfdarlar toplayır, güclənir və intiqam hissi ilə alışıb yanır. 
Şəbəkə bosunun sehirli çubuğuna sığınaraq vaxtilə saxta yolla titullandırılıb gözükölgəli  edilmiş bərbad alim kontingenti arasında zərərli şəbəkənin sehirli gücünə inananların və qoca bosa "ləbbeyk" deyənlərin sayı, sosial-iqtisadi vəziyyət pisləşdikcə, artır. 
Qeyd. Dünyada xalqın rəğbətindən imtina edən elə bir hökmdar, kral, prezident, baş nazir və s. yoxdur. Bəllidir ki, hakimiyyətin qaynağı xalqdır. Bu idbar, yırtıcı, vicdansız, acgöz şəbəkə öz mənfur niyyətini gerçəkləşdirmək və maraqlarını təmin etmək məqsədilə tarixən xalqla hökmdarın bir-birinə yaxınlaşmasına imkan verməməyə çalışıb, ölkələri, məmləkətləri viran qoyub, günahsız insanların həbsini və qətlini həyata keçiriblər. Xalqa çatacaq dövlət büdcəsinin vəsaiti həmin siçovulların kisəsində olub.
Ümumi çıxış yolu: Xalq ayılmalı, şirin göründüyü qədər də çirkin olan təbliğatlara, yalanlara uymamalı, şəbəkənin əlaltısına çevrilməməli, yalnız haqq, ədalət təmənnası ilə öz Prezidentinin yanında olmalı, Prezident isə öz xalqına güvənməlidir.  "Ayı xidməti" edənlərin xalqdan və dövlətdən mənimsədikləri son qəpiyinə qədər geri alınmalıdır...
 
İdris Abbasov
 
Paralel.az