Bizə mesaj verməyə çalışan körpələr…

17:55 14-01-2022 450
Bir vaxtlar məktəbdə sinif yoldaşlarım riyaziyyat dərsində “müəllim, bu dərs gələcəkdə bizə harada lazım olacaq?” deyəndə özüm üçün bu növ suallara uzun-uzadı cavab axtarırdım.
Ancaq üzərindən illər keçdikcə bu fikrə dair yüzlərlə fərqli cavab tapacağım, ən sonda bu gün həmin cavabların ən dəhşətlisinin rastıma çıxacağı ağlımın ucundan belə keçməzdi.

Məsələn, götürək faiz məsələsini… Ədədin yüzdə birini tapmağı…

Ancaq həyatın axarı onu göstərdi ki, bu faiz təkcə dərslikdəki kimi ədədləri bölmür, insanları, taleləri, həyatları, bəzən də gələcəyimizi yüzlərlə, hətta bəzən həddini aşıb minlərlə yerə bölə bilir.

Artıq bu riyazi terminin bu elm sahəsinə aid olmasını, bəlkə də, unutmuş ola bilərik. Eyib etməz, onsuz da həyat bizə onu müxtəlif şəkillərdə xatırladır, faiz deyəndə hər birimiz müxtəlif banklara müraciətlərimizi, ay sonu ödəyəcəyimiz məbləğləri, hansısa məişət əşyasını alarkən ilk növbədə diqqət etdiyimiz rəqəmləri qavramağa başlamışıq.

Bu gün isə mən başqa birini – faizlərin ən ağırını hesablamalı oldum. Əslində rəqəm olaraq ortaya çıxan nəticə o qədər də ağır deyil, cəmi 1,057 faiz. Ancaq mahiyyətində bütün gələcəyimizi sual altında qoya bilən bir 1,057 faiz…

Nəticəyə gəlmək çox sadə oldu. Nümunə olaraq götürdüyüm rəqəm 473 idi, beş rəqəminin bu ədədin neçə faizini təşkil etdiyini tapdım. Belə cüzi bir nəticə çıxdı ortaya…

Bir də qayıdıb, həmin 473-ün və beş rəqəminin nə olduğuna baxdım, aldığım nəticənin dəhşəti qarşısında ortaya çıxan bu cılız rəqəmin nə qədər böyük bir faciəyə apardığının şahidi oldum…

“Doğulan hər körpə – Tanrının hələ də insanlardan əlini üzmədiyinin xəbərçisidir”.

 

Bu sözləri hindistanlı yazıçı, şair, bəstəkar, rəssam və ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor deyib.

 

Yəqin ki, bu fikri bölüşmək üçün Taqor kimi dahi şəxsiyyət olmağa, onun sahib olduğu ünvanlara sahib olmağa ehtiyac yoxdur. Bəşər övladının dünyadakı amalını dərk edən, öz qəlbində sevgi və inam bəsləyən hər bir insan bu fikirlərə şərik olmalıdır. Ancaq əfsus ki, hamımız belə olmağı bacarmırıq…

Yəqin ki, artıq hər birimiz bağçada körpəyə qarşı şiddət göstərən o “tərbiyəçi”ni görmüş olarsınız. Təbii olaraq hansı bağça olması, harada işləməsi dərhal insanda suallar yaradır.

Heç tənbəllik etmədən bağçanın sosial şəbəkə hesabına baxdım. Həmin o 473 paylaşımın edildiyi səhifə qarşıma çıxdı. Bir körpənin fotosuna baxdım, iki körpənin heç birində gülüş görmədim. Düşündüm ki, burada tək problem o “qapaz”ın müəllifində deyil bəlkə, nəyə görə körpələrin heç birinin nur saçılan çöhrəsində sevincdən əsər əlamət yoxdur. Yenə tənbəllik etməyib bütün paylaşımların arasında üzündə təbəssüm olan cəmi beş körpə tapa bildim:

Yəni, bağçanın fəaliyyətinin cəmi 1,057 faizində…

Yəni bu bağçanın özünün səhifəsində işıqlandırdığı fəaliyyətinin körpələrin gülüşü ilə qiymətləndirməli olduğumuz göstəricisi cəmi bu cılız rəqəm qədərdir…

Demək ki, gələcəyimiz, ümidlərimiz, planlarımız, xəyallarımıza çatmaq şansımızı bu bağçada, o cür “tərbiyəçi”lər məhz bu ehtimala qədər endiriblər.

 

Bax bu, həyatımda gördüyüm ən ağır göstərici oldu mənim üçün…

 

Bu həmin körpəyə qapaz vuran “tərbiyəçi”nin və onun kimilərin gələcəyimizi atdığı təhlükənin real miqyasıdır. Mənzərə qorxunc olsa da, fakt faktlığında qalır. Körpələrə əl qaldırılan bir mühitdə çöhrəsində təbəssüm olmayan uşaqların varlığı dəhşətli olsa da, real mənzərə fonunda başa düşüləndir.

Bəlkə də, bu körpələr həmin o 473 paylaşım boyu onlara əl qaldıran “tərbiyəçi”lərə etiraz olaraq, gülüşlərindən bilərəkdən məhrum etməyə çalışıblar bizi. Bizə inadla mesaj verməyə çalışıblar. Ancaq biz bu mənzərəni görə bilməmişik.

Paralel.az