Yusif Qədimbəylinin `SƏDƏRƏK` BƏYLİYİ... - Buraların öz qanunları var...

20:50 21-04-2022 279

Vaxtilə, Ulu Öndər Heydər Əliyev cənabları bu məsələ ilə bağlı çox kəskin və sərt mövqeyini ortaya qoymuşdu.
Söhbət hasarlamaq məsələsindən gedir.
Doğrudan da, acınaqcalı haldır ki, kimin imkanı varsa haranısa hasarlayır, dəmir turbalar basdırır, nə bilim şlaqbaum qoyur....
Təsəvvür edirsinizmi, iri məmurlar Xəzər dənizinin nəinki sahillərini, hətta içərisini hasarlayır, meşələrimizi hasara alıb özəlləşdirir, dağları daş karxanası kimi istismar edirlər, gölləri balıq vətəgəsinə çevirirlər.
Hətta küçəni, dalanı, səkini hasarlayanlar da var.
Təkcə hasarlamırlar ee, həm də gediş-gəliş haqqı olaraq pul alırlar, elə bil ki, dədələrinin özəl mülkiyyətidir.
Bütün bunlar sıravi vətəndaşın dövlətə olan inamını sarsıdır.
Adamdan soruşarlar ki, axı, sənə kim ixtiyar verib ki, dənizin sahilini, meşəni, yaxud səkini, hətta yolu hasarlayasan..?
Amma nə edək ki, bu gün Azərbaycanda bu reallığa çevrilib.
Təsəvvür edirsiniz, Naxçıvanlı iş adamı Şərurlu İsfəndiyar gedib Qubanın qədim Xınalıq kəndində vətəndaşların dədə-baba torpaqlarını hasara alıb ki, burada istirahət mərkəzi tikəcəm. Vətəndaşlar da cənab Prezidentin Xınalığa səfəri zamanı bu məsələni ona bildiriblər. Prezident isə deyib ki, heç kim sizin torpaqlarınızı əlinizdən ala bilməz.
Bax, bu gün real vəziyyət belədir.
Yəni kim haranı qamarlaya, çəpərləyə, hasarlaya bilirsə, ONUNDUR...
Təsəvvür edirsiniz, bir neçə gün öncə Nəsimi rayon məhkəməsinin, onun yaxınlığında yerləşən Bakı Sığorta Şirkətinin önündə olmuşuq.
Hər iki qurum öz binasının qabağını hasarlayıb, dəmir turbalar basdırıb, hətta beton plitələr qoyub və şlaqbaum quraşdırıb.
Bu vəziyyət bütün qurumların qarşısında eynidir.
Bir müddət əvvəl yazdığımız məqalədə Bakı Avtovağzalında eyni halın olduğunu yazmışdıq.
İndi isə Sədərək və Binə bazarlarında-ticarət mərkəzlərində baş verən qanunsuzluqlardan, “torpaq basdı” əməliyyatından bəhs edəcəyik.
Məlumdur ki, Cənubi Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan bu bazarlarda milyardlarla vəsait dövr edir.
Ancaq uzun illər ticarət mərkəzlərindən toplanan milyardlardan büdcəyə vergi şəkilində qəpik-quruş verilib, qalan pullar isə kimlərinsə cibinə axıb.
Təsəvvür edirsiniz “Binə” və “Sədərək” ticarət mərkəzlərinə gəlib-gedən sürücülər 50 qəpik ödəməlidir. Hər gün bura minlərlə avtomobil daxil olur və 50 qəpik ödəyir. Və sürücülərin heç birinə sənəd verilmir.
İndi bir ayda, 30 gündə bu ticarət mərkəzlərinə daxil olan və 50 qəpik ödəyənlərin cəm halında ödədiyi məbləği hesablayın. Görün dövlət büdcəsinə 1 qəpik daxil olurmu..? Əlbəttə, yox.
Hətta bazarda çalışan icarədarlar da öz avtomobilləri ilə bazara daxil olarkən 50 qəpik ödəməlidir.
Yarızarafat olaraq bazarda deyirlər ki, kim bazara girsə, “torpaqbasdı” ödəməlidir.
Vallahi, orta əsrlərdə qaçaq-quldurlar yolu kəsib tacir-tüccarlardan pul tələb edən kimi, deyəsən “Sədərək” və “Binə” ticarət mərkəzlərinin sahibləri də vətəndaşların yolunu kəsirlər.
Ümumiyyətlə, Sədərk və Binə Ticarət Mərkəzləri ilə bağlı mediada yazılanlardan bəlli olur ki, birinci Yusif Qədimbəyliyə, ikinci isə Kəbirə Məmmədovaya məxsusdur. Düzdür, zaman-zaman guya əldəyişmə olduğu haqda yazılıb. Amma istənilən halda bu boyda ticarət mərkəzlərində külli miqdarda vergidən yayınma hallarının olduğu açıq-aşkardır.
“Binə” və “Sədərək” Ticarət mərkəzlərində işləyən sahibkarların mediaya söylədiklərindən bəlli olur ki, onların ödədikləri vergilər və icarə haqqı üçün onlara heç bir qəbz verilmir.
Sahibkarlar yer haqqının tez-tez artırılmasından, karqo xidmətlərin qanunsuz olmasından şikayət edirlər.
Belə ki, bazarda çalışan hər bir sahibkar xaricdən gələn malın öz adına gətirilməsini tələb etsə də buna nail ola bilmir.
Çünki iri məmurlara məxsus olan karqo şirkətlər məhsulları ancaq öz adlarına idxal edirlər. Və sahibkarlara qanuni yolla, faktura ilə deyil, razılaşma yolu ilə verirlər.
Bu işdə Dövlət Əmlak Komitəsi də ciddi qanunsuzluqlara yol verir.
Sözün qısası, Sədərək və Binə Ticarət Mərkəzlərində sözün həqiqi mənasında qanunsuzluqlar baş alıb gedir.
Söhbət qəzet budkasından deyil ee, Qafqazın ən böyük ticarət mərkəzlərindən gedir.
Yazıda bir çox saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//