Qırğızıstan və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birinə dəstəkdirlər

22:11 22-04-2022 405

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycanlılarla qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa hər iki xalqı dil və din eyniliyi də birləşdirir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyirlər. 

 


Hər iki ölkənin SSRİ-nin tərkibində müttəfiq respublika olduğu vaxtlarda   ölkələr arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başladı. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da quruldu və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səyləri ilə inkişaf etdirildi. Sonradan Azərbaycan Prezidenti İlham Əliyev bu dost münasibətlərin daha da dərinləşdirdi.

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dəvəti və aprelin 20-də baş tutmuş rəsmi səfər isə iki ölkə arasında olan münasibətləri daha bir üst səviyyəyə daşımaq məqsədi daşıyırdı. Yüksək səviyyəli görüşlərdə qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı müzakirələr aparıldı və artıq məlum olduğu kimi bu gün prezidentlər arasında keçirilən təkbətək görüşdən sonra geniş tərkibdə görüş də keçirildi və müxtəlif sahələr üzrə sənədlər imzalandı.

Bu görüşdə iki qardaş dövlətin başçıları ümumilikdə on sənədə imza atdılar. “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”, “Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, “Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında saziş”, “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş”, “Antiinhisar Tənzimlənməsi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum”, “Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”, “Əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Maliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanan sənədlər içərisindədir.
Göründüyü kimi imzalanmış sənədlər özündə müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarını ehtiva edir və heç şübhəsiz ki, bu səfər münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək.

Dövlət başçılarının görüşü bir daha göstərdi ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir.
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası