Dəhştətli cinayətlərdən geriyə qalanlar... - O uşaqların aqibəti necə olacaq?

20:44 23-04-2022 387

“Əvvəlcə arvadını öldürdü, daha sonra intihar etdi”. Son bir neçə həftədə görməyə çox alışdığımız bu xəbər başlıqları cəmiyyətdəki ciddi problemlərin həyəcan siqnalıdır. Məsələn, bir neçə gün öncə Qusarda Marat Yüzbəyov arvadı Sənubər Yüzbəyovanı öldürdükdən sonra iki azyaşlı övladı kimsəsiz qaldı. Ondan bir neçə gün öncə Bakıxanov qəsəbəsində Rasim Xəlilov arvadını küçədə öldürüb intihar etmiş və azyaşlı uşaqları ortada qalmışdı. Bu hadisələrin fonunda həyatı məhv olan təkcə həmin ailələr və ya onların qohumları olmur. Həyat yoldaşlarını qətlə yetirən kişilər bu gün yetişən gəncliyə pis örnək olmaqla yanaşı, həm də gələcəkdə bəlkə də onları qürurlandıracaq uşaqlarını indidən dəhşətli travmalara məruz qoyurlar.

 


Sonradan valideynsiz qalan bu uşaqların aqibəti necə olur? Ata və ananın qohumları arasındakı narazılıq necə tənzimlənir? Uşaqlar kimin himayəsinə verilir? Mövzunu bir neçə mövqedən araşdıraq.

Məsələ ilə bağlı əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin Hüquqi-təminat şöbəsinin əməkdaşı Şəbnəm Mehdiyeva “Qafqazinfo”ya bildirdi ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur və qorunur:

“Cinayət-prosessual qanunverciliyinə əsasən, valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ var və bu hüquq dövlət büdcəsi vəsaiti hesabına təmin edilməlidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır”.

Komitə rəsmisi qeyd edib ki, bu sahədə dövlət tərəfindən qəbul edilən normativ sənədlər və görülən tədbirlər öncə himayədar ailə metodunun həyata keçirilməsinə xidmət edir:

“Mövcud qanunvericliyə əsasən, qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşağın yaxın qohumunun himayəsinə verilməsi və ya müvafiq orqan tərəfindən üzərində qəyyum və ya himayəçi təyin edilməsi mümkün olmadıqda uşaq sosial xidmət müəssisəsinə yerləşdirilir və həmin uşağın övladlığa verilməsi istiqamətində işə başlanılır”.

Valideynsiz qalan uşaqların hüquq və imtiyazları digərlərindən daha çoxdur. Lakin bəzən onların özünü hələ dərk etməməsi, qohumlar arasındakı çəkişmələr və hüquqi savadsızlıq reallığı fərqli qıla bilir. Amma istənilən halda hüququn aliliyi bu cür həssas məqamlarda qeyd-şərtsiz təmin olunmalıdır. Vəkillər Kollegiyasının üzvü, vəkil Rəvanə Talıbova bildirir ki, valideyn himayəsindən məhrum olunmuş uşaqlarla bağlı münasibətlər Ailə Məcəlləsi, həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunla tənzimlənir. Valideyn himayəsindən məhrum olunmuş uşaqların hüquq və mənafelərinin müdafiəsini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir:

“Valideyn himayəsindən məhrum olmuş uşaqlar aşkar edildikdən sonra icra hakimiyyətinin  qəyyumluq və himayə orqanı 1 ay müddətində həmin uşaqların ailəyə, bu imkanlar olmadıqda isə sosial xidmət müəssisələrinə yerləşdirilməsini  təmin edir. Uşağın himayədar ailəyə verilməsi onun fikri nəzərə alınmaqla həyata keçirilir. 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilə bilər. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.

Uşağın sağlamlığı və ya həyatına birbaşa təhlükə olduqda, qəyyumluq və himayə orqanı uşağı qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Həmin qurum dərhal prokurora məlumat verməyə, uşağı müvəqqəti yerləşdirməyə borcludur. İcra hakimiyyətinin  qəyyumluq və himayə orqanı uşağın həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının himayəsindən məhrum olma faktı müəyyən edildikdə uşaqların yerləşdirilməsi məsələsi həll olunana qədər onların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə borcludur.

Valideyn himayəsindən məhrum olub, sosial xidmət müəssisələrində qalan uşaqlar saxlanılmaq, tərbiyə və təhsil almaq, hərtərəfli inkişaf etmək, ləyaqətinə hörmət görmək və maraqlarını təmin etmək; onlara düşən pensiya, müavinət və başqa sosial ödənişləri almaq; mənzil (ev) sahəsi üzərində mülkiyyət hüququnu, mənzildən (evdən) istifadə etmək hüququnu saxlamaq, mənzili (evi) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil sahəsi almaq; qeyd edilən müəssisələrdən qayıtdıqdan sonra işə düzəlməkdə güzəştlərdən istifadə etmək hüquqlarına malikdirlər”.

Təbii ki, bəzi hallarda reallıqla hüquq ayrı-ayrı şeyləri deyir. Bu gün Azərbaycanda onlarla uşaq valideynsiz böyüyür və onlardan bir çoxuna sahib çıxan yoxdur. Belə uşaqlar adətən sığınacaqlarda həyat tapırlar. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə qeyd edir ki, ailədə qətl baş veribsə, bu ilk növbədə uşaqların psixologiyasına təsir göstərir və həmin uşaqlar travma ilə böyüyürlər:

“Təəssüf ki, bəzi hallarda belə uşaqlarla heç bir iş aparılmadan, onların fikri soruşulmadan qohumlarına verilir. Hətta qətl törədən şəxsin qohumlarına verilməsi halları da olur. Bunlar adətən İcra Hakimiyyətləri yanında komissiyalar tərəfindən həyata keçirilir. Biz bu hallarla da rastlaşmışıq ki, qohumlar uşaqlara qarşı qərəzli davranırlar, valideyni haqqında, xüsusilə də anası barədə xoşagəlməz fikirlər yaradırlar. Bundan başqa onlara qarşı davamlı zorakılıq faktları olduğu üçün uşaqların sığınacaqlara gəlib düşməsi halları da olur. Uşaq üçün ən təhlükəsiz yer adiyyəti dövlət qurumları, uşaq müəssisələridir. Amma hər bir halda uşaqlarla reabiltasiya aparılmadan müəsisələrə yerləşdirilməsi bir qədər problemlər yarada bilər”.

Kəmalə Ağazadənin fikrində, bəzi himayədarlar bu cür uşaqlardan sui istifadə edirlər. Onlar, uşaq üçün dövlətin verdiyi vəsaitə görə onu qəbul edirlər:

“Belə adamlar maddiyatı göz qabağına alıb uşağın mənafeyini düşünmürlər. Hazırda bizim sığınacaqda iki valideynsiz uşaq var. Onlar bacı-qardaşdılar. Anaları ataları tərəfindən öldürülüb və zamanında uşaqlar Qəyyumluq komissiyası tərəfindən bibiyə verilib. Bu uşaqlar iki il müddətində şiddət gördükləri səbəbindən elə komissiyanın qərarı ilə bizim sığınacağa istiqamətləndiriliblər. Biz uşaqların reabiltasiyasını həyata keçirmişik. Artıq onların davranışlarında bir çox dəyişikliklər var. Hazırda uşaqlar normal həyatlarına davam edirlər. İcra hakimiyyətləri yanındakı komissiyalar zamanında düzgün qərar versələr, uşaqlar ordan-bura, burdan-ora getmək məcburiyyətində qalmaz”.

Ötən il açıqlanan statistikaya görə, Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 1500-dən çoxdur. Övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq 200 manat, sağlamlıq imkanları məhdud uşağa görə aylıq 600 manat müavinət verilir.

Amin Nəzərli

 

XalqXeber.Az