V Qurultay Azərbaycan tarixinə Zəfər Qurultayi kimi düşdü

17:53 25-04-2022 432

Aprelin 22-də Qarabağın incisi Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib. Tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşaraq qurultay keçirir və bu qurultayın məhz Şuşada keçirilməsi çox əlamətdar hadisədir. Vətən müharibəsi günlərində həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururdu, bir hədəfə çatmaq üçün çalışırdılar. Hamı hər gün öz əməyi ilə, işi ilə bu Qələbə gününü yaxınlaşdırırdı. Qarşımızda duran ən mühüm məqsəd - torpaqlarımızın işğaldan azad olunması vacib və ali vəzifə idi ki, o da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə həyata keçirildi.

 
İndi Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun layihələri əsasında Şuşada genişmiqyaslı abadlıq və quruculuq işləri gedir. Xalqımızın möhtəşəm tarixi olan Şuşa düşmənə boyun əyməyən əzəmətli mədəniyyət abidəsidir. Ermənistan 28 ildən artıq davam edən işğal dövründə Şuşanı erməniləşdirə, tarixini, mədəniyyətini özününküləşdirə bilmədi. Ona görə işğal dövründə Şuşanı sadəcə dağıtmaqla məşğul olublar. Azərbaycan əsgəri qəhrəmanlığı, şücaəti ilə Şuşanı azad etdi.  
 Şuşa bu gün həm də hər bir azərbaycanlının qürurunun ünvanıdır. Bu gün şəhərdə geniş bərpa işləri gedir. Lakin dövlətimiz vətəndaşlarımızın 28 illik həsrətdən sonra Şuşanı görə bilmələri üçün də imkanlar yaradıb. Təşkil edilən müntəzəm avtobus reyslərinə müraciət edənlərin sayının çoxluğu da Şuşa sevgisinin təcəssümüdür. Şuşa mədəni ənənələrini bərpa edir. Artıq ötən il şəhərdə «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Azərbaycan Milli Məclisinin «Şuşa İli»nə töhfəsi olaraq Şuşada  parlamentin komitə iclaslarının keçirilməsinə başlanılıb. Bu günlərdə isə Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi etdi. 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçdi.
Azərbaycan tarixinə Zəfər Qurultayı kimi düşən bu toplantıda çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz”
“Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”. 
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü