Naxçıvan gömrüyündə vətəndaşlara TƏLƏ - GİLEY

15:24 26-04-2022 333

Culfa gömrüyündən İrana getmək istəyən naxçıvanlılar tələb olunan PCR testi üçün hər dəfə pul ödəməli olurlar. Bu testlər Naxçıvandakı dövlət xəstəxanalarında götürülsə də, qiyməti 50 manatdır. 

 


Xalqxeber.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Şikayətçilərin sözlərinə görə, test üçün ödədikləri pula görə qəbz verilmir. Bu isə, onlarda 50 manatın qanuni yox, rüşvət kimi alındığı şübhəsi yaradır.
Ordubad rayon sakini Vasif Qurbanov deyir ki, bir neçə gün öncə oğlunu müalicə üçün İrana aparmaq istəyib. Lakin, PCR testi vermədikləri üçün, Culfa gömrüyü onları geri qaytarıb:

"Oğlumun İranda müalicəsi üçün 300 manat borc almışdım. Culfa gömrüyündə bizimkilər dedi ki, test olmadan buraxa bilmərik. Göndərdilər Naxçıvanda yeni tikilən hərbi hospitala. Getdik, orada da dedilər hərəniz 50 manat verməlisiniz, yoxsa mümkün deyil. Hesabladım ki, 100 manat testə versəm, 200 manatım qalacaq. Bu isə İrandakı müalicə üçün yetmir. Oğlumun vəziyyətinin ağır olmasına baxmayaraq məcbur oldum, İrana getməyi təxirə saldım. Axı, dövlət xəstəxanaları pulsuz etməlidir, niyə 50 manat alırlar? Heç olmazsa 15-20 manat alsınlar ki, gedə bilək".

Digər şikayətçi Elnur Məhərrəmli deyir ki, ödədiyi pul üçün qəbz tələb etsə də, verməyiblər:

"İndi İrana gedənlərin əksəriyyəti müalicə üçün ora üz tutanlardı. Hər xəstənin yanında ən az bir nəfər də getməlidir. Gömrüyü keçmək üçün tələb olunan testi isə 50 manata satırlar. İki nəfər üçün, təkcə 100 manat testə ödəməlisən. Bu günlərdə mən də anamı İrana apardım. Məcbur olub ikimizi də test elətdirdi. 100 manat ödədim və qəbz istədim. Dedilər ki, biz qəbz vermirik. Qəbz vermirlərsə, demək rüşvət kimi alırlar o pulu".

Pandemiya dövrü başlandıqdan bəri, İran Azərbaynla quru sərhədini bağlamışdı. Bu ilin yanvar ayının ortalarından sərhədlər yenidən açılıb. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, İran ərazisindən keçən Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə işləyən avtobusların sərnişinləri üçün PCR testi tələbi aprelin 15-dən ləğv olunub. Ancaq, bu qərar İrana səyahətə gedənlərə şamil olunmur.

 

XalqXeber.Az