"“AAAF-İnşaat” MMC düz 7 ildir ki, məni aldadır…”

16:15 26-04-2022 288

"AAAF-İnşaat” MMC düz 7 ildir ki, məni aldadır. İki il ərzində tikilib təhvil veriləcək evdən nə səs var, nə soraq. Bununla belə heç pulumu da geri vermirlər”.

 


Qlobal.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo”ya Bakı şəhər sakini Nigar Həsənova müraciət edib. O bildirir ki, bu problemi təkcə o yox, yüzlərlə insan yaşayır.

Vətəndaşın sözlərinə görə, "AAAF-İnşaat” MMC-nin rəhbərliyi ev satmaq adı ilə vətəndaşlarla müqavilələr bağlayıb: "Müqavilə bağlandıqdan dərhal sonra, guya gələcəkdə tikiləcək və vətəndaşa təhvil veriləcək mənzillərin müqabilində Azərbaycan Beynəlxalq Bankı tərəfindən kredit ayrıldı. 2015-ci ildə "AAAF-İnşaat” MMC ilə müqavilə bağlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən "AAAF-Park” yaşayış massivində inşa ediləcək binanın 11-ci mərtəbəsindən ev aldım. Müqaviləyə görə ev ən gec iki il müddətinə təhvil veriləcəkdi. Lakin bir neçə il gözləsəm də, evdən səs-soraq çıxmadı. Təxminən 3 il öncə "AAAF-İnşaat” MMC-ni məhkəməyə verdim. Mənimlə onlar arasında bağlanılan müqavilə Nəsimi Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi ilə ləğv edildi. Bir müddət öncə isə Azərbaycan Beynəlxalq Bankı guya kredit borcumu tam ödəmədiyim üçün məni məhkəməyə verib. Mən məhkəmədə "AAAF-İnşaat” MMC-yə ödədiyim ilkin ödənişi və banka ödədiyim pulu tələb etmişdim. Tikinti şirkətindən pulumu verəcəklərini desələr də, bu günə kimi ödəməyiblər. 15 min manat pulumu qaytarmalıdırlar. Bank da məndən 30 min manat pul tələb edir. Xırdalanda ev almaq arzusunda olan insanlar adətən maddi imkanları yüksək olmayanlardır. Mən illərdir oradan alacağım evi gözləyirəm. Nəticədə isə evsizəm və ala bilmədiyim bir evə görə banka pul ödəmişəm. İllərlə banka pul ödə, lakin heç nəyə sahib olma və indi də banka borclu ol”.

Azərbaycan Beynəlxalq Bankından bununla bağlı sorğumuza cavab olaraq bildirildi ki, müştərinin müqavilə üzrə yerinə yetirmədiyi öhdəliklərə görə məhkəmə qarşısında iddia qaldırılması hər bir bankın hüququdur: "Kredit müqavilələrində bu cür mübahisəli məsələlərin həlli qaydası ilə bağlı xüsusi müddəa öz əksini tapır. Müqavilənin rəsmiləşdirilməsi zamanı müştəri buna imzası ilə razılıq vermiş olur. Vətəndaş problemin bir daha aydınlaşdırılması və ona hüquqi izah verilməsi üçün banka müraciət edə bilər”.

Məsələ ilə bağlı "AAAF-İnşaat” MMC-nin də mövqeyini öyrəndik. Şirkətin hüquqşünası Ramil Süleymanov "Qafqazinfo”ya bildirdi ki, heç bir halda tikintinin aparılması ilə bağlı konkret vaxt müəyyən edilməyib: "Nigar Həsənova ilə "AAAF-İnşaat” MMC arasında 2015-ci ildə alqı-satqı müqaviləsi imzalanıb. Nigar xanım alqı-satqını bank maliyyələşməsi yolu ilə icra edib. Biz heç bir halda tikintinin aparılması ilə bağlı konkret vaxt müəyyən etmirik. Müqavilə şərtlərinə əsasən, Nigar xanıma tikintinin bitməsi tarixi deyilməyib. Yəni belə bir şərt yoxdur. Şifahi şəkildə ona kim nə deyibsə, bu barədə heç nə deyə bilmərəm. Bəli, bu xanıma məxsus evin tikintisində gecikmə oldu. Bunun da səbəbi ölkədə ümumi maliyyə böhranı və pandemiya idi. Hazırda binanın tikinti işləri başa çatıb və faktiki olaraq binanın daxilində müəyyən işlər aparılır. Nigar xanımla olan müqavilə isə ləğv olunub”.

Hüquqşünasın sözlərinə görə, müqavilənin məhkəmə qaydasında ləğvi nəticəsində müştəriyə ödənilməli olan bəlli bir məbləğ var. Şirkət ardıcıl olaraq bütün qərarların icrasını həyata keçirəcək: "Məhkəmənin çıxardığı qərarın icra olunmasına Ədliyyə Nazirliyinin icra məmurları nəzarət edirlər və həyata keçirirlər. Hazırda şirkətə qarşı çıxarılmış məhkəmə qərarları ardıcıllıqla icra olunmaqdadır. Həsənova Nigar Vaqif qızının da məsələsi növbəsi çatdıqda icra olunacaq. "AAAF-İnşaat” MMC-nin bu vaxta qədər hansısa qərardan qərəzli şəkildə boyun qaçırması kimi bir hal olmayıb. Vətəndaş səbirli olsun. Növbəsi çatdıqda onunla bağlı qərar da icra ediləcək”.

Qlobal.az

 

XalqXeber.Az