Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir nəfərə məxsus 3 MMC ilə nələr bağlayır? - İLGİNC FAKTLAR

22:20 04-05-2022 171
Artıq bir aydır ki, bir mətbuat orqanı olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda baş verən bəzi qanunsuzluqlar barədə ictimaiyyətə açıqlamalar veririk. Sözügedən İnstitutun rəhbərliyi isə göstərdiyimiz bu qanunsuzluqlara aydınlıq gətirmək əvəzinə susur. Bildiyimiz kimi, susmaq da razılıq əlamətidir. Yəni İnstitutun rəhbərliyi yazılanları təkzib etmirsə, onun döğru olduğunu təsdiqləyir.
 

Bəs Dendrologiya İnstitutunda baş alıb gedən qanunsuzluqlar nələrdir? Qeyd edək ki, burada dövlət tərəfindən bir çox məqsədlər üçün ayrılan vəsaitlər sözün əsl mənasında müxtəlif yollarla talan edilir. Dendrologiya İnstitutu tərəfindən təkcə 2021-ci ildə maşın və avadanlıqlar, abadlaşdırma xidmətləri, istehlakyönlü müxtəlif xidmətləri, elmi tədqiqat xidmətləri, mühafizə xidməti, tikinti və avadanlıqların cari təmiri, dəftərxana və təsərrüfat, mətbəə məhsulları üzrə xərclər, suyun alınması, digər kommunal xidmətlər üzrə elan olunmuş 10 kotirovka sorğusunun nəticəsi barədə heç bir məlumat verilməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun görə tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender və yaxud kotirovka sorğusu haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilməli və rəsmi internet saytında yerləşdirilməlidir. Həmçinin satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri, tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti ictimaiyyətə açıqlanmalıdır.

Lakin Dendrologiya İnstitutunun Tender Komissiyası qanun bütün bu kimi tələblərini gözardı edərək Dövlət satınalmalarının rəsmi portalında heç bir məlumat yerləşdirməmişdir. 2022-ci ildə isə keçirilmiş bir neçə kotirovka sorğusunun nəticələrini açıqlayıblar ki, qanunsuzların burada baş alıb getdiyini bir daha təsdiq edir. Hansı ki, ötən yazılarda bir neçə kotirovka sorğusu barədə məlumat vermişdik.

Ötən həftə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu keçirilmiş daha bir kotirovka sorğusunun nəticəsini açıqlayıb. Tikinti və avadanlıqların cari təmiri üzrə 31.03.2022-ci il tarixdə başlanmış müsabiqəyə 29.04.2022-ci il tarixdə “BONTE-LM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24 842 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını elan edib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BONTE-LM” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 09.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Aktualinfo.org xatırladır ki, bu Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Məmmədov Samir Tofiq oğluna məxsus üçüncü MMC-dir. Araşdırmalar göstərir ki, Məmmədov Samir Tofiq oğlu 5-9 mart tarixlərində, yəni 4 günə 3 MMC qeydiyyatdan keçirib ki, onlar da bir ay ərzində Dendrologiya İnstitutunun keçirdiyi 3 kotirovka sorğusunun qalibi olublar. Dendrologiya İnstitutu bir nəfərə məxsus bu üç ayrı MMC-lərlə müxtəlif malların alınmasına və gödmətlərin göstərilməsi üçün ümumi olaraq 113 396 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Həmin kotirovka sorğuları üzrə bağlanmış müqavilələri bir daha diqqətinizə çatdırırıq.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Denderologiya İnstitutu tərəfindən suyun satın alınması üzrə 02.03.2022-ci il tarixdə başlanılmış müsabiqəyə yekun vurulub və “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 44 604 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.03.2022-ci il tarixdə elan edilib.

Keçirilmiş kotirovka sorğusu ətrafında apardığımız araşdırmalarda görünməmiş qanun pozuntusuna yol verildiyi məlum oldu. Belə ki, Denderologiya İnstitutunun Tender Komissiyası suyun satın alınması üzrə elan etdiyi kotirovka sorğusunun şərtlər toplusunda 9912 ton kanal suyunun satınalmasını bildirir. Lakin burada kanal suyu dedikdə nə nəzərdə tutulur? Burada suyun içməli, texniki, yaxud da tullantı sularının olması tam bəlli olmur. Əslində isə şərtlər toplusunda bu tam və aydın şəkildə göstərilməlidir. Çünki Tarif Şurası tərəfindən bu suların hər birinin ayrı-ayrı qiymətləri müəyyən edilib.

İnstitutun Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə 02.03.2022-ci il tarixdə verdiyi elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 02.03.2022-ci ildən 18.03.2022-ci il tarixə qəbul olunduğu göstərilir.

Denderologiya İnstitutunun qalib elan etdiyi “LENOLA” MMC bəs nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi Denderologiya İnstitutunun Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “LENOLA” MMC kotirovka sorğusunun keçirilməsi barədə verilən elandan, yəni 02.03.2022-ci il tarixdən 3 gün sonra, 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

Dendrologiya İnstitutu tərəfindən keçirilmiş daha bir kotirovka sorğusunun nəticəsi isə 05.04.2022-ci il tarixdə elan olunub. Digər kommunal xidmətlər üzrə keçirilmiş kotirovka sorğusunda isə “QONTERA” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 43 950 mamat məbləğində satınalma müqaviləinin bağlanıldığı açıqlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QONTERA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi, hər üç MMC 4 gün ərzində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanları da eyni olan MMC-lərin qanuni təmsilçisi isə bir şəxs, Məmmədov Samir Tofiq oğludur. 4 gün ərzində 3 MMC yaradıb bir İnstitutdan bir ay ərzində ümumi olaraq 113 396 manat məbləğində dövlət sifarişi alıb satınalma müqaviləsi bağlamaq hər kəsin işi deyil. Satınalmalarda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, demək olar ki, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır. Odur ki, burada İnstitutun direktoru ilə MMC rəhbərliyi arasında gizli bir bağlantı olması şübhəsizdir. Bu bağlantının nələrdən ibarət olduğunu qoy İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aydınlıq gətirsin, Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsiə də tədbir görsün.
Aktualinfo.org

 

XalqXeber.Az