"Onların bütün ümidləri gözlərində qaldı" - Prezident

22:45 04-05-2022 180

Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi.

 


Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı: “Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol, hansı ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə, vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır.

Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır”.