Vasif Talıbovun Naxçıvanda ƏCAİB QANUNLARI... - İLGİNC İDDİALAR...

12:08 06-05-2022 225

Naxçıvanda Bakı və digər rayonların dövlət qeydiyyat nişanı daşlyan nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Xalqxeber.az xəbər verir ki, ovqat.com-a bu barədə Naxçıvan sakinləri bildirirlər.

 
Onların dediyinə görə, Bakı qeydiyyatında olan maşınların uzağı 1 ay Muxtar Respublika ərazisində qalmasına icazə verilir. Bir aylıq möhlət bitdikdən sonra isə onların dərhal Naxçıvandan çıxarılması tələb olunur.

“Xarici ölkələrdə belə, bizə bu cür davranmırlar. Arada səfər etdiyimiz Türkiyədə, İranda, Rusiyada özümüz kimi, maşınlarımızın da 3 ay qalmaq hüququ olur. Ana vətənimiz olan Naxçıvanda isə bizə ögey münasibət bəsləyirlər. Niyə? Səbəb nədir? Bizi niyə incidib Naxçıvandan çıxıb getməyə məcbur edirlər?”, - adını açıqlayarıqsa “dərisinə saman təpiləcəyindən” çəkinən Naxçıvan sakinlərindən biri belə deyir.

Bəs onun maşını niyə Bakının dövlət qeydiyyatındadır? Yaxşı olmazdımı ki, elə Naxçıvan qeydiyyatına düşə və bu cür problemlə qarşılaşmaya?

Həmsöhbətimiz bunun səbəbini maşınının 2015-ci il buraxılışı olması ilə əlaqələndirdi. Bildirdiyinə görə, Naxçıvanda 5 ildən yaşlı maşınları qeydiyyata almırlar: “Yalnız özlərinin Naxçıvanda satdıqları 5 yaşdan qoca maşınlara nömrə verilir. Bakıdan və ya Azərbaycanın başqa rayonlarından alınan maşınlar isə mütləq “cavan” olmalıdır”.

Şikayətçinin dediyinə görə, özlərindən alınmayan “qoca” maşın görəndə dərhal saxlayıb sürücünü “ekologiyanı kirlətdiyinə” üçün cəzalandırırlar: “Başa düşmürəm, Naxçıvan nömrəsinə niyə xüsusi filtr taxılıb? Nyə Naxçıvan nömrəsi yox, Bakı nömrəsi ekologiyanı kirlədir?” Həmsöhbətimiz bunun cavabını yalnız həqiqətdə axtarır: imtiyazlı maşınların “özlərindən” alınmasında.

Bəs, “özləri” deyiləndə konkret kimlər nəzərdə tutulur?

Sakinin dediyinə görə, Naxçıvanda maşın ticarəti ilə əsasən “Cahan” holdinq məşğul olur. Onun kimə aid olduğunu isə ölkədə bilməyən yoxdur.

Həmsöhbətimiz vurğulayır ki, dəfələrlə bu barədə Naxçıvan MR Ali Məclisinə həm yazılı, həm də şifahi şikayət ünvanlayıb. Amma heç bir nəticə hasil olmayıb. Sonuncu dəfə onu Ali Məclisdən Naxçıvan MR DİN-nə göndəriblər. Orda da şikayətə baxmayıblar və vətəndaşı Naxçıvan MR DİN Dövlət Yol Polisi İdarəsinə yönləndiriblər. Dövlət idarələri arasında uzun get-gəldən sonra vətəndaş, axır ki, Naxçıvan DYP-nin rəisi möhtərəm Ayaz Quliyevlə görüşmək səadətinə nail olub. Gileyini ona ərz etdikdə isə maraqlı cavab alıb: “Bura Naxçıvandır. Hər yerin öz qaydası, qanunları var. Naxçıvandakı vəziyyət sənə sərf etmirsə, maşınını da vur qoltuğuna Muxtar Respiblika ərazisindən çıx, get, Bakıda, ya da istədiyin yerdə yaşa. Naxçıvanda ancaq mövcud qaydalar çərçivəsində yaşaya bilərsən”.

Vəssəlam, şüt-tamam.