Xocavənd "krallığı" sakinlərin haqlarına qənim kəsilib -NARAZILIQ // VİDEO

14:14 06-05-2022 279

Saytımızda Xocavənd rayon "hökmdarı" Eyvaz Hüseynovun "xüsusi tapşırığı" ilə işdən çıxarılan müəllim, Bayramova Vəzifə Əmiraslan qızı barəsində məlumat vermişdik.
Yenixeber.org: Xatırlatmaq üçün qeyd edək ki, Vəzifə xanım Bayramova Xocavənd rayon Muğanlı kənd sakinidir. 18 il Muğanlı kənd orta məktəbində müəllim işləyib. 2008-ci ildə prezident seçkilərində müşahidəçi kimi iştirak etməsi üçün Xocavənd rayon Təhsil şöbəsinin göstərişi ilə 133 saylı seçki məntəqəsinə göndərilən Vəzifə Bayramovanın işlədiyi məktəbdə işinə xitam verilib. Onun yerinə isə İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun dostu - eyni zamanda sinif yoldaşı Ələddin Quliyevin qızı Əfsanə Quliyeva ikinci iş yeri olaraq, təyinat alıb.



Vəzifə xanım Bayramova işinə geri qayıtması, yaxud hər hansı bir işlə təmin edilməsi üçün 2008-ci ildən bugünə qədər mübarizə aparır. Özünün də dediyinə görə müraciət etmədiyi dövlət qurumu qalmayıb. Lakin, bütün cəhdləri boşa çıxıb.
Vəzifə xanımın iddiasına görə onun işdən çıxarılması üçün tapşırıq İcra başçısı Eyvaz Hüseynovdan gəlib.
Doğrudur, yenə deyəcəksiniz ki, təhsilin icra hakimiyyətinə aidiyyatı yoxdur. Amma, həmişə demişik, yenə də deyirik: Yanlış düşünürsünüz.
Rayon Mərkəzi Xəstəxanalarına - baş həkimlərə, məktəb direktorlarına "racon kəsən" İcra başçılarını da az görmədik. Təbii ki, onları da yalnız vəzifələrindən azad edildikdən sonra ortaya çıxanda bildik.
Heç uzağa getmədən, Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi olarkən, xəstəxana işçilərinin və sakinlərinin əlindən cana doyduğu, haqqında kifayət qədər rüşvətxorluq və özbaşınalıq iddiaları olan və bütün bunlara görə tutduğu vəzifədən azad edilən, ardından Beyləqan rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ruhəngiz Bəşirovanın da İcra başçısı Eyvaz Hüseynovun çox yaxın adamı olduğu deyilir. Elə işindən azad edilə Vəzifə Bayramovanın yerinə təyinat alan Əfsanə Quliyevanın da Eyvaz Hüseynovun dostunun qızı olması heç də təsadüfə bənzəmir.
Özü də İstər pay torpaqlarının İcra başçısı və ailə üzvləri tərəfindən mənimsənildiyindən gileylənən 80-ə yaxın Xocavənd sakinlərinin, istərsə də 2008-ci ildən bugünə qədər işinə bərpa olunması üçün "çarpışan" Vəzifə Bayramovanın nəinki, şikayətlərinə baxılmır, ümumiyyətlə buna görə İcra başçısı rahatlığını belə pozmur.
Sanki, belə də olmalı imiş...
Maraqlıdır, bu qədər özbaşınalıq və narazılıqlara rəğmən 30 illik "krallığın" səbəbi nədir?...
Mövzuya qayıdacağıq. (DogruXeber)