Vətən Müharibəsi iştirakçısını, adına “fərari” qoyub, xidmətdən kim uzaqlaşdırıb? - ŞOK ŞİKAYƏT

17:32 06-05-2022 279

“Ailə vəziyyətim çox acınacaqlıdır. Dörd azyaşlı övlad, bir də epilepsiya xəstəsi olan həyat yoldaşımın qayğıları var. Veteranlıq müavinətindən başqa evimə bir qəpik pul girmir. Ailəsi olan hər kəs bu məsuliyyətin nə demək oldunu yaxşı anlayır”. 

 
Xalqxeber.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya 44 günlük Vətən Müharibəsi iştirakçısı Rahib Hacıyev bildirib.

Hacıyev Rahib Elşən oğlu 9 oktyabr 1983-cü ildə Ağcabədi rayonunda doğulub. O, 7 il Ağcabədidə mühafizə polisi işləyib. 2014-cü il aprelin 30-da könüllü olaraq ordu sıralarında xidmətə qoşulub. Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE HQ) kimi xidmət edib. 2016-ci il aprel döyüşləri zamanı o, Lələtəpə, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı isə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirakçı olub. Elə həmin ərazidə - noyabrın 4-də o, idarə etdiyi maşının tank əleyhinə minaya düşməsi nəticəsində ağır yaralanıb.

R.Hacıyev bildirib ki, döyüşlərin bitməsinə üç gün qalmış Füzuli rayonunda minaya düşdüm və əvvəlcə hərbi hospitalda, sonra xəstəxanalarda bir müddət müalicə aldım:

“Aldığım travmaya görə, başımda şiddətli ağrılar yaranmışdı. Yenidən müalicəyə ehtiyacım vardı. Bu səbəbdən bir müddət, yəni bir neçə dəfə işə gedə bilməyib öz hesabıma müalicə olunurdum. Bu uzun müddət təşkil etmirdi... Hətta komandirlərə də bu barədə məlumat vermişdim. Ancaq sonradan onlar məni fərari kimi sənədləşdirib işlərimi Tərtər Hərbi Məhkəməsinə göndərdilər. Sənədlərimlə tanış olduqdan sonra məhkəmə fərari olmadığım qərarını verdi.

İş yerimə qayıtdım. Orada isə mənim üçün cəmi üç nəfərin iştirak etdiyi şərəf məhkəməsi keçirildi. Bax beləcə məni xidmətdən təxris etdilər”.

2021-ci ilin avqust ayının 30-dan etibarən xidmətdən təxris olunan Rahib ailələdir. Onun iki oğul, iki qız övladı var. Böyük övladının 8, kiçiyinin 3 yaşı var. Həyat yoldaşı Solmaz Hacıyeva isə 2014-cü ildən epilepsiya xəstəliyindən əziyyət çəkir.

O qeyd edib ki, bütün bu qayğıların fonunda xidmətdən də kənarlaşdırılması problemlərini xeyli artırıb:

“Həqiqətən çox çətin vəziyyətdəyəm. Heç olmasa xidmətə qayıtsam, həm maddi vəziyyətimi düzəldib ailə üzvlərimin dava-dərmanını alaram, həm də təqaüd yaşıma qədər dövlətimə xidmət edərəm”.

Onu da qeyd edək ki, Rahib Elşən oğlu Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənəcəyik. Araşdırmamız davam edir.