Yaman olur qocalıq

13:36 07-05-2022 243
Məmurlar və deputatlar nədən qocalmaq istəmirlər?
 
Hə, millət, bu gün sizinlə həyatımızın reallıqlarına yaşlıların gözü ilə baxmağa çalışacam. Çünki canım Azərbaycanda həşəmətli hökumətimiz və deputatlarımız ahıl insanların pensiya yaş həddinin aşağı salınması məsələsini uzun müddət müzakirə etsələr də, onun reallaşması istiqamətində gzlənilən addımı atmadılar. Ona görə ki, ölkəmizdə statistik məlumatlara və bir çox yaşlı məmurların və deputatların qənaətinə görə, orta ömür müddətinin uzanması buna imkan vermir. Yəni əhalinin yaşlı qismi bir neçə il artıq pensiya alarsa, onlara talamağa bir şey qalmaz. Bu səbəbdən də, pensiya yaşının aşağı salınması məqsədə uyğun sayılmır. Onu da diqqətinizə çatdırım ki, bunu deyənlər o insanlardır ki, ya deputatdırlar, ya da dövlət qulluğunda yüksək vəzifə tuturlar. Onların bu canfəşanlığı da başa düşüləndir, axı vəzifə, deputat kreslosu onların yaşam mənbəyidir. Siz statistik rəqəmlərə deyil, real əməkçi insanlara istinadən araşdırma aparın, görün onlar sizin fikir və qənaətinizi bölüşürlərmi? 
Dünya təcrübəsinə görə, insanın pensiyaya çıxdıqdan sonra, ən azından 15-20 il də pensiyaçı kimi yaşamaq şansı olmalıdır. Bizdəki kimi pensyaya çıxıb canı çıxana kimi işləmək məcburiyyəti yox haa, 40-50 illik gərgin əmək fəaliyyətindən sonra istirahət etmək şansı. Məmur və deputatların nə deməsindən asılı olmayaraq, reallıq onu deyir ki, Azərbaycanda bu şans çox az sayda insana nəsib olur. İnsanları daha çox düşündürən əsas məsələ, sadəcə pensiyaya çıxmaq deyil, pensiyaya çıxıb insan kimi yaşamaqdır. Azərbaycanda isə bu şans da, o şəxslərə verilir ki, onlar tutduqları mövqelərinə görə, ümumiyyətlə pensiyaya çıxmaq istəmirlər. Pensiyaya çıxan əməkçi insanlar isə acından ölməmək üçün işləmək məcburiyyətindədirlər ki, bu da hamıya nəsib olmur.  
Hazırda ölkəmizdə minimum pensiya 230 manatdır, 40-45 il əmək stajı olan əməkçi insanlara isə bundan bir qədər çox-250-260 manat pensiya verirlər ki, bu da onların günü-gündən artan kommunal xərclərinə və qida təminatına belə yetmir. Bu pensiya ilə necə dolanmaq olar sualına isə heç kim cavab vermək istəmir, çünki verəcək cavabları yoxdur.  Cavab verənlər isə elə arqumentlər gətirirlər ki, onları anlamaq belə çox çətin olur. Məcələn, parlamentin Cəhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında  «Tibbi sığorta haqqnda» Qanuna istinad edərək deyir: »Ötən müddət ərzində yeni sistemin tətbiq edilməsi ilə əlaqədar çox ciddi islahatlar həyata keçirilib. Hər şeydən əvvəl səhiyyə infrastrukturunun köklü şəkildə yeniləşdirilməsini qeyd etmək yerinə düşər. Əhalinin sağlamlıq göstəriciləri yaxşılaşıb, uşaq ölümləri azalıb, orta ömür uzanıb. Bütün bunlar prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mümkün olub». Akademlk deputat daha sonra qeyd edir ki, İcbari Tibbi Sığortaya keçid Azərbaycanda səhiyyə xidmətinin fəlsəfəsini dəyişib.»Əhaliyə daha keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi mümkün olub».
Tibb üzrə akademik olan və hər zaman hörmət və sayğı ilə yanaşdığım bir deputatın bu çıxışını eşidəndə mənə belə gəldi ki, bu insan son illərdir, ümümiyyətlə Azərbaycanda yaşamayıb və burada baş verənlərdən xəbərsizdir. Elə bil hansısa yad planetdən gəlib və həmin planetdə baş verənlərdən danışır, Azərbaycandan yox.
Bir də, bilirsiniz yadıma nə düşdü? SovİKP-nin baş katibi L.İ.Brejnevin 1980-ci illərdə Azərbaycana səfəri və onun atalıq qayğısı nəticəsidə Azərbaycan qadınlarının pambıq, tütün tarlalarında zərbəçi əməklə yanaşı, əhali artımında da hər zaman öndə olmaları. Çobaların bu atalıq qayğısından ruhlanaraq hər qoyundan 2, hətta 3 bala alması, sağıcıların hər inəkdən 5 mln litr süd sağmaları. Azərbaycan pambıqçılarıniın dövlətə 1 mlilyon ton pambıq təhvil verməsi və maqazalarda saatlarla növbəyə durub 1 kq. ət, 0,5 kq. yağ almaları və 1milyon ton dövlətə pambıq verən respublikanın apteklərində yaranı sarımağa pambığın tapılmaması. Bütün bunlar L.İ.Brejnevin atalıq qayğısının acı təszahürləri idi.
Hörmətli deputatımızın, səhiyyə sistemində baş verənləri beş barmağı kimi bilən bir akademikin bu cür çıxışı ən azından təəssüf doğurur. Onu da diqqətinizə çatdırım ki, hörmətli akademikimiz uzun müddət Tibb universitretinin rektoru olub və bu gün Azərbaycan səhiyyəsində at oynadanların da böyük əksəriyyəti onun yetirmələridir. 
Yusif Seyid