Birinci siniflərə ildırımsürətli qəbul: kimiləri çaşqın, kimiləri narazı – Nazirlik isə susur

13:45 07-05-2022 324

Bu gün ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsinə birinci siniflər üzrə elektron qaydada qeydiyyat başlayıb. Lakin prosesdən narazı qalan valideynlər var. Övladını birinci sinfə yazdırmağa çalışan valideynlərin sözlərinə görə, sistem açılar-açılmaz məktəblərdə yerlərin dolduğu müşahidə edilib.

Prosesin bu qədər sürətli keçməsi sistemə kənar müdaxilələrin olması barədə şübhələr yaradıb. Eyni zamanda sistemə kənar müdaxilələrin olması, məktəblərdə yerlərin pulla satıldığı barədə iddialar səsləndirilir. Gundemxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-ya danışan təhsil eksperti Kamran Əsədov xatırladıb ki, birinci sinfə qəbulun elektron qaydada həyata keçirilməsi 2016-cı ildən başlayıb: “Lakin son illərdə məktəblərdə yerlərin tez dolması ilə bağlı valideynlərin narazılığı müşahidə edilir. Biz son illərdə məktəblərdə birinci siniflərin qəbulu üçün çıxarılan yerlərin qısa müddətdə dolması problemi ilə qarşılaşırıq. Elə bir vəziyyət yaranıb ki, valideynlər bu iş üçün, az qala, proqramçı tutacaqlar. Hesab edirəm ki, proses bu qədər çətin olmamalıdır”.
“Bu gün başlayan prosesin əvvəlində saytda texniki problem var idi. Nəzərə alsaq ki, bu vaxt ərzində 160 minə yaxın uşağın qeydiyyatdan keçməsi gözlənilirdi, ona görə kifayət qədər valideyn müraciət etdiyi üçün qısa müddətdən sonra saytda donmalar müşahidə edilirdi. Bir qədər gecikmələrdən sonra təkcə Bakıda yox, Sumqayıtda və bölgələrdə bir neçə məktəbin dolduğunu müşahidə etdik. Düzdür, bunların bəziləri məktəbəqədər hazırlıq qruplarından gələn uşaqlardır. Lakin sinfi doldurmaq üçün onların sayı da yetəri qədər deyil”, - deyə mütəxəssis bildirib.
O, prosesin belə sürətli şəkildə olmasının şübhələrə əsas yaratdığı ilə razılaşdığını söyləyib: “Ola bilməz ki, ölkədə valideynlər prosesə bu qədər sürətli qoşulsunlar. Bu, ciddi bir məsələdir. Hesab edirəm ki, kənar müdaxilə faktoru qaçılmazdır. Bəzən biz görürük ki, yerlər dolur, lakin sonradan həmin yerlərin boşaldığını müşahidə edirik”.
Əsədovun sözlərinə görə, prosesin elektron olması şəffaflıqdan xəbər versə də, hamı üçün əlçatan deyil: “Hər kəs istəyir ki, övladı yaxınlıqdakı məktəbdə təhsil alsın. Lakin hansısa valideyn işdədirsə və ya interneti zəifdirsə, təbii ki, onun uşağı prosesdən kənarda qalacaq, müraciət etdiyində məktəbdə yerlərin dolduğu bildiriləcək. Kimin internetinin sürəti güclüdürsə, kiminsə dostu-tanışı kompüterdə yaxşı işləyə bilirsə, onlar qısa müddətdə yer tuta bilirlər. Hesab edirəm ki, bu, ədalətli və düzgün yanaşma deyil”.
Seçim zamanı müəllimlərin kimliyinin bilinməsi məsələsinə də toxunan həmsöhbətimiz bunun da doğru olmadığı qənaətindədir: “Sistemdə yer seçərkən müəllimlər görünməməlidir. Yaxşı olardı ki, seçim zamanı müəllimlərin adı gizlədilsin, sadəcə A, B, C, D və s. siniflər üzrə ardıcıllıqla seçim imkanı yaradılsın. Müəllimin kimliyi seçim başa çatdıqdan və ya uşaq məktəbə getdikdən sonra bilinsin”.
“Daha çox müraciət olan məktəblərə əlavə müəllimlərin qəbulunu həyata keçirməliyik. Bu zaman məktəblər arasında rəqabət mühiti yaranacaq”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Qeyd: Valideynlərin narazılığı, eləcə də məktəblərdə yerlərin pulla satılması iddialarına aydınlıq gətirməsi üçün Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, suallarımız cavabsız qaldı.