Vasif Talıbovun XANƏDANI... - İLGİNC FAKTLAR

12:22 09-05-2022 279

Naxçıvan Azərbaycanın ən qapalı regionudur. 25 ildən çoxdur ki, Naxçıvana rəhbərlik edən Vasif Talıbov muxtar hüquqlar adı ilə bu bölgədə öz bildiyini edir. İllərdir, ölkəmizdə Prezident İlham Əliyevin, Nazirlər Kabinetinin, Milli Məclisin qəbul etdiyi qərarlar, Paşinyan demişkən, Naxçıvanda ya heç icra edilmir, ya da 10% icra olunur.

 


50 yaş senzi

Vasif Talıbov Muxtar Respublikada bütün hüquqları pozulan naxçıvanlıları Bakıda və Azərbaycanın digər regionlarında da rahat buraxmır. Naxçıvanlıların üzləşdiyi ciddi problemlərdən biri də qeydiyyat məsələsidir. Vaxtilə muxtar respublikada qeydiyyatda olan, sonra Azərbaycanın müxtəlif bölgələrinə köçənlər Naxçıvan qeydiyyatından çıxa bilmirlər. Əvvəllər bu, Naxçıvanda qeydiyyatda olan hər kəsə şamil edilirdi. Azərbaycanda “ASAN xidmət” yaranandan sonra qadınların və 50 yaş üzərində olan kişilərin qeydiyyatdan çıxmasına əngəl törədə bilmədilər. Bu gün 50 yaşa qədər olan kişilər Naxçıvan qeydiyyatından çıxa bilmir. Bakıdakı və regionlardakı “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar yaşadıqları ərazidə daimi qeydiyyata düşə bilmirlər. Onlardan Naxçıvandan hərbi uçotdan çıxmaları tələb edilir. Sual olunanda ki, Qazaxda, Gəncədə, Qubada və Azərbaycanın istənilən şəhər və rayonunda qeydiyyatda olanlardan da hərbi uçot tələb olunur? Cavab aydındır: Xeyr. Bəs o zaman Naxçıvan Azərbaycan deyil? Nəyə görə Naxçıvanda qeydiyyatda olanların qeydiyyatdan çıxarılması üçün Muxtar Respublikadan hərbi uçotdan çıxmaq tələb olunur?

Qanunu bilən vətəndaşlar öz haqqını tələb edəndə min cür bəhanə gətirirlər. Vəziyyət pik həddə çatanda isə deyirlər ki, Vasif Talıbov 50-i yaşa qədər olan kişilərin Naxçıvan qeydiyyatından çıxarılmasını qadağan edib. Maraqlı yanaşmadır. Vasif Talıbov kimdir ki, vətəndaşın harada yaşamasına, harada qeydiyyatda olmasına qərar versin. Suallar çoxalanda “ASAN xidmət” mərkəzlərində bu problemin həlli üçün Daxili İşlər Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət olunması tövsiyə edilir.

Bəs qanun nə deyir?

“Yaşayır yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata düşmək üçün tələb olunan sənədlərin siyahısı da dəqiq göstərilib. Qanunun 5-ci maddəsində yazılıb:

“Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

- şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

-yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir”.

Göründüyü kimi, qanunda hərbi uçotdan çıxmaq barədə tələb qoyulmayıb.


Şəkildə: Bu adam Bakıda yaşayan naxçıvanlıların kuratorudur. Arada Prezidentin yanından qovduğu xarici ölkə səfirləri ilə görüşüb çox mühüm problemləri müzakirə etməyə də vaxt tapır. Adı Bəxtiyar, soyadı Əsgərovdur

Naxçıvanlılar icbari sığortadan məhrum olunublar

Bəs “ASAN xidmət” mərkəzləri Naxçıvanda qeydiyyatda olan vətəndaşları faktiki yaşadığı ünvan üzrə qeydiyyata salmaqdan imtina edərək qanunu niyə pozur? Ümid edirik ki, aidiyyəti dövlət orqanları bu məsələyə ciddi reksiya verəcək, illərdir baş verən bu qanun pozuntusunun qarşısı alınacaqdır.

Bu, çox ciddi problemdir. Bu gün Bakıda yaşadığı yer üzrə qeydiyyata düşməyən yüz minlərlə naxçıvanlı vardır. Onların harada yaşadığı, nə işlə məşğul olduğu barədə aidiyyəti dövlət orqanları məlumatlı deyil. Qeydiyyat məsələsini həll edə bilməyənlər bir sıra problemlərlə qarşılaşırlar. Məsələn, Naxçıvan qeydiyyatında olan vətəndaşlar Bakıdakı “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqəsini ala və ya dəyişdirə bilmirlər. Bunun üçün mütləq Naxçıvana getməlidirlər. Naxçıvana getməyə isə hər kəsin imkanı və vaxtı olmur. Bakıda yaşayan, Naxçıvanda qeydiyyatda olanlar icbari tibbi sığortadan yararlanmaq imkanından da məhrum olublar.

Vasif Talıbovun məqsədi

Bəs Azərbaycanın müxtəlif bölgələrində yaşayanların muxtar respublika qeydiyyatından çıxarılmasına imkan verməyən Vasif Talıbovun məqsədi nədir?

Əvvəla onu qeyd edək ki, son illər əhalinin sürətlə Muxtar Respublikadan köçməsi, Naxçıvanın boşalması barədə ən müxtəlif səviyyələrdə müzakirələr gedir. Fakt odur ki, bu gün Naxçıvanda yaşayanların sayı rəsmi rəqəmlərdə göstərilənlərdən iki dəfə aşağıdır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi bu yaxınlarda Muxtar Respublika əhalisinin 463 min nəfər olduğunu açıqlayıb. Əlbəttə ki, bu şişirdilmiş rəqəmdir. Aparılan təhlillər onu göstərir ki, bu gün Naxçıvanda 200 min nəfərə yaxın insan yaşayır. Muxtar respublika əhalisinin əksəriyyəti əsasən Bakı şəhərində və İstanbulda məskunlaşıb. Müxtəlif problemlər – işsizlik, insanların incidilməsi, azadlıqlarının olmaması onların Naxçıvanı tərk etməsinə, ölkəmizin və dünyanın müxtəlif yerlərinə səpələnməsinə səbəb olub. Ancaq onların çoxu hələ də Naxçıvanda qeydiyyatda olduqlarından Muxtar Respublika əhalisinin bugünkü rəsmi sayı belə göstərilir. Muxtar Respublikanın boşaldığını göstərməmək, gizlətmək üçün Vasif Talıbov Naxçıvanda qeydiyyatda olanların qeydiyyatdan çıxarılmasını qadağan edib, gücü çatan səviyyədə Bakıda da buna əngəl olur. Əgər Naxçıvanda qeydiyyatda olanların qeydiyyatdan çıxmasına qanunsuz şəkildə süni maneə yaradılmasa cəmi bir aya muxtar respublikadan 100 min nəfərdən çox qeydiyyatdan çıxa bilər. Onsuz da həmin adamlar Naxçıvanda yaşamır, sadəcə olaraq, orada qeydiyyatdadırlar. Ölkə başçısı bu məsələyə müdaxilə etsə, insanların pozulmuş hüquqları bərpa olunsa Vasif Talıbovun saxta rəqəmləri də, muxtar respublikanı nə günə saldığı da üzə çıxacaqdır.

Vasif Talıbovun dotasiya dərdi

Vətəndaşların Naxçıvan qeydiyyatından çıxmasına imkan verilməməsinin başqa səbəbləri də vardır. Həmin səbəblərdən biri də Muxtar Respublikaya ayrılan dotasiyanın azaldılması ehtimalıdır. Əgər əhali sayı azalarsa dövlət Naxçıvana bu həcmdə dotasiya ayırmayacaqdır. Bu da Naxçıvan rəhbərliyini ciddi şəkildə narahat edən əsas məsələdir. Çünki dotasiya azaldılarsa, külli miqdarda vəsait onların əlindən çıxacaqdır.

Narazıları susdurmağın ən qısa yolu

Bildiyimiz kimi, Naxçıvana tərk edənlərin çoxu 35-50 yaş arası insanlardır. Onlar da Muxtar Respublikanı narazı şəkildə tərk edirlər. Narazılar isə ordakı problemlər barədə danışa, Naxçıvan məsələsinə diqqəti cəlb edə bilərlər. Ancaq onların Muxtar Respublikada qeydiyyatda olması susmalarını şərtləndirir. Çünki səsini çıxaranları Vasif Talıbov bir bəhanə ilə Naxçıvana gətirdib cəzalandırır. Əgər şəxs Naxçıvanda qeydiyyatda olmasa onu Naxçıvan hüquq-mühafizə orqanları Bakıdan götürüb Muxtar Respublikaya zorla apara bilməz. Təbii ki, müxtəlif bəhanələr uydurmaqla.

Bu gün Bakıda yaşayan naxçıvanlıların əsas problemi məhz bu məsələdir. Naxçıvanlılar ölkə rəhbərliyindən imdad diləyir, onlara kömək etməsini xahiş edirlər. Heydər Əliyevi qoruyan, müstəqil Azərbaycanın qurulmasında müstəsna xidmətləri olan naxçıvanlılar buna layiq deyillər. Həm Naxçıvanda, həm də Bakıda yaşayanlardan söhbət gedir. Əgər Naxçıvan Vasif Talıbov bəlasından xilas edilməsə yaxın zamanlarda bu bölgəni də, naxçıvanlıların dövlətə olan inamını və dəstəyini də itirəcəyik.

Ərtoğrul Türkoğlu,
Ovqat.com

 

XalqXeber.Az