Sədr: "Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətində haqlı narazılıq doğuran hallarla bağlı kommunikasiyaya açığıq" - MÜSAHİBƏ

11:10 12-05-2022 171

Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərovun e-huquq.az-a müsahibəsi...
- Mübariz müəllim, məlum olduğu kimi, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından sonra bir sıra işlər görülüb. Siz ötən müddət ərzində görülən işləri necə dəyərləndirirsiniz?

 

- Əvvəla, müsahibə üçün şərait yaratdığınıza görə Sizə və bütün həmkarlarınıza təşəkkürümü bildirirəm. Bilavasitə müsahibəyə keçməzdən öncə qeyd etmək istərdim ki, hazırda xalqımız 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük abadlıq və quruculuq işlərinin aparılmasının, Şuşada milli və beynəlxalq formatlı tədbirlərin keçirilməsinin fərəhini yaşamaqdadır. Bu iftixar hisslərini bizə yaşatdıqlarına görə hər bir Azərbaycan əsgər və zabitinə, Müzəffər Ali Baş Komandanımıza dərin təşəkkürümüzü bildirir, şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik.
Ölkəmizdə həyata keçirilən davamlı xarakterli islahatların mənzərəsi və statistikası onu deməyə əsas verir ki, icra edilən mühüm əhəmiyyətli layihələr təkcə ictimai və sosial-iqisadi sferaları əhatə etməmiş, mütərəqqi dəyişikliklər məhkəmə-hüquq sahəsindən də yan keçməmişdir. Pozitiv dəyişikliklər aparılan islahatların nəticəsi olaraq məhkəmə hüquq-sisteminin beynəlxalq hüquq normalarına uyğun təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatına yönəlmiş tədbirlərin davam etdirilməsi, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazasının yenilənərək daha da təkmil formaya gətirilməsi, insanların məhkəmələrə müraciət etmə imkanlarının bir qədər də asanlaşdırılması, məhkəmə infrastrukturunun müasirləşdirilməsi kimi müxtəlif formalarda özünü biruzə vermişdir. Məhkəmə-hüquq sahəsində əldə edilmiş bütün mütərəqqi dəyişikliklər Azərbaycan Prezidentinin diqqət və qayğısı, siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən bir sıra mühüm əhəmiyyətli fərman və sərəncamlar qəbul edilmişdir. Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işlərin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin daha da gücləndirilməsini şərtləndirib.
Şübhəsiz ki, bu Fərmanın tarixi əhəmiyyəti vardır və ötən müddət ərzində onun icrası ilə bağlı kompleks qanunvericilik, institusional və praktiki xarakterli tədbirlər həyata keçirilmişdir. İlk növbədə, Fərmanda əksini tapmış tapşırıq və tövsiyələrə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən müvafiq təhlillər aparılmış, beynəlxalq təcrübə öyrənilmiş, kommersiya məhkəmələrinin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı normativ aktlar qəbul edilmiş, sosialyönümlü tədbirlərin tərkib hissəsi olaraq hakimlərin və məhkəmə aparatı işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artırılmışdır. Fərmanla ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə zəruri bilinən işlər davam etdirilmiş, seçim qaydaları təkmilləşdirilmiş və mütəmadi xarakter almışdır. Ölkə başçısının 3 fevral 2021-ci il tarixli sərəncamı ilə 44 nəfər namizəd müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifəsinə təyin edilmiş, digər 140 namizəd isə müsabiqənin müxtəlif mərhələlərindədirlər. Fərmanın icrası çərçivəsində ötən il Məhkəmə-Hüquq Şurasının qərarı ilə "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilmiş və həmin qaydalara uyğun olaraq 100-dən çox hakimin fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir. Korrupsiyaya qarşı mübarizədə həyata keçirilən sistemli, kompleks və innovativ tədbirlərin davamı olaraq Prezidentin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq olunmuşdur. Korrupsiyaya şərait yaradan və vətəndaşların haqlı narazılıqlarına səbəb olan halların qarşısının alınması və obyektivliyin təmin olunması, məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının alınması, onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən adekvat və qətiyyətli tədbirlərin görülməsi davam etməkdədir. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə hakimlər barəsində görülmüş tədbirlərə dair Şuranın sonuncu 21 aprel 2022-ci il tarixli iclasından sonra ölkə ictimaiyyətinə kifayət qədər dolğun məlumat verilmişdir. Həmin məlumatdan da göründüyü kimi, hakimlərin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı Şura tərəfindən zəruri təhlillər aparılmış, prinsipial qiymətləndirmə keçirilərək müvafiq ciddi təsir tədbirləri tətbiq edilmiş və fəaliyyətlərində peşəkar çatışmazlıqlar müəyyən olunmuş hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır.
Diqqətə layiq hal kimi qeyd edilməlidir ki, ölkə üzrə bütün məhkəmələrin 60%-ni əhatə edən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi genişləndirilmiş və funksionallığı artırılmış, "Elektron məhkəmə"nin digər qurumların informasiya sistemləri ilə qarşılıqlı inteqrasiyası təmin olunmuş, məhkəmə sisteminə çatımlılığın asanlaşdırılması məqsədilə informasiya sisteminin mobil versiyası istifadəyə verilmişdir. Eyni zamanda diqqətinizə çatdırmaq istərdik ki, təkcə ötən il “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə dərc edilən məhkəmə qərarlarının sayı 270 mini ötmüşdür. Həmin qərarlar üzrə elektron axtarış sisteminin yaradılması məhkəmə təcrübəsi barədə məlumatlılığın artırılmasını təmin etmiş və hazırda sistemli xarakter almış nöqsanların müəyyənləşdirilməsində mühüm rol oynayır. Dövlət başçısının tapşırığı ilə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən ardıcıl tədbirlərə uyğun olaraq Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində ötən dövrdə paytaxtda və bölgələrdə 20 məhkəmə üçün konseptual baxımdan yeni bina və komplekslər inşa olunmuş və onlar "Elektron məhkəmə" informasiya sistemi və digər İKT ilə təchiz olunmuşlar. Bundan əlavə, mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiyanın tətbiqi üzrə "Mediasiya haqqında Qanun" qəbul edilmiş, Mediasiya Şurası yaradılmışdır. Məhkəmədə baxılan bəzi kateqoriyalı işlər üzrə ilkin mediasiya sessiyasının məcburiliyi iş yükünün azalmasına səbəb olan təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Fərmanın icrası bu gün də daim diqqətdə saxlanılaraq istər ölkə məhkəmələri, istərsə də Məhkəmə-Hüquq Şurası və digər aidiyyəti qurumlar tərəfindən ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

- Siz Bakı Apellyasiya Məhkəməsinə sədr təyin olunduqdan sonra məhkəmənin fəaliyyəti ilə bağlı tez-tez müsbət fikirlərin səsləndirildiyini görürük. Deyə bilərsinizmi, bu müddət ərzində məhkəmədə hansı yeniliklər tətbiq olunub?
- Artıq bir ilə yaxındır ki, Bakı Apellyasiya Məhkəməsində fəaliyyət göstərirəm və fürsətdən istifadə edərək göstərdiyi bu etimada görə cənab Prezidentə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Fəaliyyətimizin müsbət tərəfini qeyd etdiyinizə görə sizə təşəkkür edirəm. Ötən müddət ərzində görülən bu işləri xarakterinə görə təşkilati, yeni çağırışlara uyğun olaraq məhkəmə icraatının effektivliyinin yüksəlməsinə yönəlmiş innovativ və məhkəmə infrastrukturunun müasirləşdirilməsi ilə bağlı icra edilən tədbirlər kimi xarakterizə etmək olar. Bu sırada qeyd edə bilərik ki, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclas zalları əsaslı şəkildə təmir olunaraq müasir standartlara cavab verən avadanlıqlarla təmin olunmuş, bununla yanaşı Rəyasət Heyətinin iclas zalı tamamilə yenidən dizayn edilərək distant kommunikasiya üçün zəruri İKT ilə təchiz edilmiş, prokurorların və vəkillərin istifadəsi üçün nəzərdə tutulan ayrı-ayrı otaqlar müəyyən edilmiş, habelə yeni standartlara uyğun olan əlavə məhkəmə iclas zalları yaradılmışdır. Eyni zamanda hakimlərin və aparat işçilərinin iş şəraitini yaxşılaşdırmaq məqsədilə uzun zamandan yarımçıq qalmış dörd mərtəbəli korpusun inşasının davam etdirilməsi məqsədilə layihə-smetanın sənədləşməsinə başlanılmış, bu işlərin görülməsi üçün ölkə başçısının sərəncamına əsasən ilkin olaraq zəruri vəsait ayrılmışdır və ümid edirik ki, yaxın günlərdə bilavasitə tikinti işlərinə start veriləcəkdir. Müraciət edənlərin məhkəməyə çatımlılığının asanlaşdırılması, şifahi formada daxil olan müraciətlərin mərkəzləşdirilməsi və operativ idarə olunması üçün yeni interaktiv “Çağrı mərkəzi” yaradılmış, “Whatsapp” hesabı, məhkəmənin “Facebook”, “Instagram” və “Twitter” sosial şəbəkələrində hesabları açılmışdır. Vətəndaşların müraciətlərinə daim diqqətlə yanaşılaraq onlara tam sərbəst şəkildə mövqelərini ifadə etmək üçün lazımi şərait yaradılmışdır. Vətəndaş qəbulları yalnız qrafik üzrə müəyyən olunmuş günlərdə deyil, zəruri və təxirəsalınmaz hallarda növbədənkənar da həyata keçirilməkdədir. Məhkəmədə kadrlarla işin yenidən qurulmasına, kadrların hazırlıq səviyyəsinə diqqət daha da artırılmış, "Elektron-məhkəmə" informasiya sisteminin elementlərinin daha çevik iş rejiminə adaptə edilərək implementasiyası, əlçatımlılığın və real şəffaflığın təmini üçün məhkəmənin fəaliyyətini tənzimləyən aparatın işini təkmilləşdirmək məqsədilə zəruri təhlillər aparılmış və daxili struktur dəyişikliklərin edilməsinə hazırlıq işləri görülmüşdür. Elektron sənəd dövriyyəsinə, daxili e-məlumat mübadiləsinə xüsusi önəm verilərək demək olar ki, “kağızsız kommunikasiya” prinsipi təmin edilmişdir.
“Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqininin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya-kommunikasiya texnologiyaları idarəsi ilə operativ işgüzar münasibətlərin formalaşmasına səylərimizi artırmışıq. Şübhəsiz ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, işin yeni çağırışlara uyğun təkmilləşdirilməsi üzrə hələ qarşımızda mühüm vəzifələr dayanır və icra ediləsi işlərimiz kifayət qədərdir.
- Bakı Apellyasiya Məhkəməsində "Çağrı Mərkəzi"nin yaradılması, vətəndaşlarla görüşləriniz, məhkəmənin sosial şəbəkə hesablarının yaradılmasının hansı zərurətdən irəli gəldi və ümumi işə hansı töhfələri verir? Bu barədə danışmağınızı xahiş edirik...
- Bakı Apellyasiya Məhkəməsi olaraq biz öz növbəmizdə məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən məqsədyönlü siyasətə dəstək olmaq, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini, eləcə də məhkəmə icraatının obyektivliyini, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi və cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək üçün müvafiq tədbirlərin görülməsinə səy göstərmək əzmindəyik. Düşünürük ki, ilk növbədə biz məhkəmə istifadəçiləri ilə faydalı kommunikasiyaya nail olmalı və məhkəmənin fəaliyyətinin ictimaiyyət qarşısında hesabatlılığını təmin etməliyik.
Bizim rəsmi bakuappealcourt.gov.az saytımız yenilənmiş, qeyd etdiyimiz kimi, daxil olan zənglərin vahid mərkəzdən idarə edilərək araşdırılması və cavablandırılmasının təmin edilməsi məqsədilə “Çağrı Mərkəzi” yaradılmış, "Twitter", "Instagram", "Facebook" sosial media hesabları açılmış və geniş vətəndaş auditoriyasının istifadəsinə verilmişdir. Əslində Məhkəmə tərəfindən yaradılmış sosial media hesablarının əsas məqsədi məhkəmə sisteminə ictimai etimadın və vətəndaş məmnunluğunun artırılması, vətəndaşların, məhkəmə istifadəçilərinin, o cümlədən vəkillərin, ölkənin hüquq ictimaiyyəti nümayəndələrinin və digər aidiyyəti şəxslərin aktiv iştirakı ilə məhkəmə sistemi sahəsində səmərəli ictimai iştirakçılıq mexanizminin formalaşdırılması, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların və digər neqativ halların aşkar edikərək onlara çevik və operativ reaksiya verilməsindən və həmin problemlərin vaxtında aradan qaldırılmasından ibarətdir. Ona görə də biz bütün məhkəmə istifadəçilərini, o cümlədən peşəkar hüquqşünas həmkarlarımızı konstruktiv dialoqa dəvət edərək, fəaliyyətimizdə olan çatışmazlıqlar və neqativ halların ictimailəşməsi, tənqid edilməsi, konkret iş üzrə nəticədən narazı qaldıqları halda bunu günün manşetinə çevirərək ölkə mediasının fövqündə saxlamaq və yaxud səlahiyyətli şəxslərin diqqətinə çatdırmaq cəhdləri ilə yanaşı, həm də məhkəmə sistemində və konkret məhkəmələrdə baş verən müsbət dəyişiklikləri və səyləri də nəzərə almalarını istərdik. Başqa sözlə desək, məhkəmələrin və ayrı-ayrı hakimlərin stimullaşdırmaya və həvəsləndirilməyə ehtiyacları vardır və onların müsbət təcrübəsi də təşviq edilməlidir. Razılaşın ki, məhkəmələr və hakimlər barədə məqsədyönlü mənfi rəy yaratmaq cəhdləri ümumən cəmiyyətin və yaxud hər hansı bir konkret şəxslərin mənafeyinə xidmət edən amil kimi qiymətləndirilə bilməz. Lakin eyni zamanda bir daha qeyd etmək istərdim ki, Bakı Apellyasiya Məhkəməsinin fəaliyyəti ilə bağlı məhkəmə istifadəçilərini qane etməyən və haqlı narazılıq doğuran dəqiqləşdirilmiş neqativ hallarla bağlı biz daima kommunikasiyaya açığıq. "Çağrı Mərkəzi"nin də əhəmiyyəti kifayət qədər önəmlidir. Bu mərkəz yaradılandan ötən ilin avqust-dekabr aylarında daxil olan müraciətlərin sayı 6270 olmuş, cari ilin ötən dövründə isə bu rəqəm 8000-ə çatmışdır. Daxil olan bütün müraciətlər qruplaşdırılaraq təhlil və emal edilir. Aparılan analitik araşdırmalar bizə fəaliyyətimizin “axsayan” və prioritet sahələrinin müəyyən edilməsinə köməklik edir. Təbii ki, nəticə baxımından bu xidmət gələcəkdə ədalət mühakiməsinin effektivliyinin yüksəlməsinə öz töhfəsini verəcəkdir.
- Sədr kimi hakimlərlə keçirdiyiniz iclaslarda daha çox hansı problemlər qaldırılır və onların həlli üçün hansı addımlar atırsınız?
- Məhkəmə sədrinin səlahiyyətləri qanunla müəyyən olunur və tənzimlənir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinə əsasən, apellyasiya məhkəməsinin sədri apellyasiya məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir, məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, apellyasiya məhkəməsinin Rəyasət Heyəti iclaslarını çağırır, onun vaxtını və gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir və digər səlahiyyətləri həyata keçirir. Məhkəmənin ümumi təşkilati məsələlərinin həll edilməsi, Rəyasət Heyətinin iclaslarında qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin məlumatlarının dinlənilməsinin keçirilməsini, həmçinin apellyasiya məhkəməsində baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara Rəyasət Heyətinin iclaslarında baxılmasının təmin edilməsi də sədrin vəzifələrinə aiddir. Eyni zamanda milli qanunvericiliyin tərcrübədə rast gəlinən kolliziyalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin müzakirəsi və təcrübədə tətbiqi ilə bağlı seminar-məşğələlər keçirilir. Xüsusilə mürəkkəb işlər, o cümlədən kassasiya qaydasında ləğv olunmuş işlər üzrə qanunverciliyin tətbiqində yaranmış və ümumi müzakirəyə ehtiyac duyulan fikir ayrılıqlarının aradan qaldırılması və qanunauyğun həll edilməsi, təcrübənin vahidliyini təmin etmək məqsədilə kollegiyalar üzrə müəyyən diskussiyalar da keçirilir. Kadrlar işinin təşkili, məhkəmədə nizam-intizam məsələləri, aidiyyəti prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı monitorinqlərin təşkili və nəticələri, vətəndaşların müraciətlərinin təhlili kimi mövzular da vaxtaşırı müzakirə predmeti olması mümkündür.

- Mübariz müəllim, bu ilin birinci rübündə Bakı Apellyasiya Məhkəməsində baxılan işlərin statistikasını bilmək istərdik. Ümumiyyətlə, ötən rüb ərzində məhkəmədə nə qədər işə baxılıb? Qüvvədə saxlanılan və təmin olunan işlərin sayı nə qədərdir?
- Statistik məlumatlara əsasən, 2022-ci ilin ilk rübündə Bakı Apellyasiya Məhkəməsinə 3334 mülki iş daxil olmuş, həmin işlərdən 1856 işə baxılaraq 743 iş üzrə (40%) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, 202 iş (10.9%) üzrə qətnamə ləğv olunaraq yeni qətnamə çıxarılmış, 125 iş üzrə (7%) qətnamə qismən ləğv edilmiş, 95 (5.1%) iş üzrə qətnamə dəyişdirilmiş, 19 iş üzrə (1%) qətnamə ləğv edilərək iş aidiyyətı üzrə baxılması üçün göndərilmişdir. Cinayət işləri üzrə 1033 nəfərin barəsində 833 iş daxil olmuş, həmin işlərdən 306 nəfər barəsində 268 iş üzrə hökm (32%) dəyişdirilmədən saxlanılmış, 8 nəfərin barəsində 8 iş üzrə ittiham hökmü ləğv edilərək (1%) bəraət hökmü çıxarılmış, 31 nəfərin barəsində 21 iş üzrə hökm cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilmiş, 7 nəfərin barəsində 5 iş üzrə hökm ləğv edilərək yeni baxışa göndərilmiş, 165 nəfərin barəsində 140 iş üzrə hökm dəyişdirilmişdir. İnzibati mübahisələrə dair işlər üzrə 1611 iş daxil olmuş, 314 iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, 5 iş üzrə qərar dəyişdirilmiş, 75 iş üzrə qərar ləğv edilərək yeni qərar qəbul edilmiş, 9 iş üzrə qərar qismən ləğv edilmiş, 7 iş üzrə qərar ləğv edilərək iş üzrə icraata xitam verilmiş, 18 iş üzrə qərar ləğv edilərək yeni baxışa göndərilmiş, 13 iş üzrə qərar ləğv edilərək iddia mümkün sayılmamışdır. Kommersiya işləri üzrə 411 iş daxil olmuş, 108 iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmış, 17 iş üzrə qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmış, 25 qətnamə qismən ləğv edilmiş, 10 iş üzrə qətnamə dəyişdirilmiş, 3 iş üzrə qətnamə ləğv edilərək aidiyyəti üzrə göndərilmişdir. Ümumən qeyd edilməlidir ki, bir qayda olaraq müqayisədə işlərin artan dinamikası davam edir. Lakin COVID-19 pandemiyası səbəbindən bir müddət məhkəmələr məhdud şəkildə fəaliyyət göstərdiyindən son zamanlar işlərin məntiqi dinamikası pozulmuşdur.
- Bəzən vəkillər birinci instansiya məhkəməsinin hökmündən narazı olub apellyasiya məhkəməsinə müraciət etdikdə şikayətin tam məhkəmə istintaqı ilə araşdırılması üçün vəsatət verirlər. Lakin onlar iddia edir ki, müdafiə tərəfinin bu kimi vəsatətləri əksər hallarda qəbul olunmur. Buna münasibətinizi bilmək istərdik...
- Birinci instansiya məhkəmələrinin hökmlərindən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışının tam və ya qismən məhkəmə istintaqı ilə keçirilməsi barədə verilmiş vəsatətlərin təmin olunub-olunmaması ilə bağlı qeyd etmək istərdim ki, əslində, bu məsələ hər hansı hakimin və ya vəkilin fərdi yanaşmasına görə deyil, qanunla və işin hallarına əsasən tənzimlənən bir məsələdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqının aparılması ilə bağlı müdafiə tərəfinin vəsatətləri məhkəmə iclasında çəkişmə prinsipinə yuğun olaraq dəyərləndirilir və həll edilir. Bu məsələdə vəkilin üzərinə düşən peşə borcu verdiyi vəsatətdə hər hansı proses iştirakçısının dindirilməsinin, əlavə sübutun tələb edilməsinin və ya təkrar tədqiq edilməsinin zəruriliyini, eləcə də vəsatətdə qaldırılan məsələnin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamasını əsaslandırmaq, hakimin prosessual vəzifəsi isə vəsatət üzrə qərarın protokol qaydasında və ya ayrıca məhkəmə aktı şəklində qəbul olunmasından asılı olmayaraq vəsatətin hər bir dəlilini araşdıraraq əsaslandırılmış qərar qəbul etməkdir. Etiraf edirəm ki, bu sahədə apellyasiya icraatı mərhələsində müəyyən çatışmazlıqlar mövcud olmuşdur və burada şübhəsiz ki, hakimlərimizə daha diqqətli yanaşmaları tövsiyə olunur. Digər tərəfdən vəkil həmkarlarımızın əsassız və təkrar vəsatətlərin verilməsi halları da bu mənzərəyə təsir edən amil kimi diqqətdən kənarda qalmamalıdır. Bununla yanaşı əsaslandırılmış vəsatətlərin Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunaraq apellyasiya baxışının məhkəmə istintaqı ilə keçirilmiş işlərin sayı kifayət qədərdir.
Yeri gəlmişkən, son zamanlar biz vəkil həmkarlarımızın bu kimi vəsatətlərinə daha diqqətlə yanaşılmasına səy göstəririk. Həmçinin nəzərə almaq lazımdır ki, artıq bir çox məhkəmələrdə məhkəmə iclasları audio və video yazı ilə aparılması və proses iştirakçısının məhkəmədə vermiş olduğu ifadəsi ilə onun məhkəmə iclas protokolunda və ya hökmdə təsvir edilmiş ifadəsi arasında həqiqiliyin və uyğunluğun yoxlanılması imkanlarını artırır. Bu mənada müdafiə tərəfinin kifayət qədər əsaslandırılmamış və ya təkrarlanan vəsatətlərinin təmin olunmamasını hüquq ictimaiyyətinə "müdafiə tərəfinin vəsatətlərinin qəbul olunmaması” kimi təqdim edilməsi cəhdlərini ədalətli yanaşma hesab etmirəm.
- Vəkillər, həmçinin iddia edirlər ki, bəzi hallarda hakimlər dövlət hesabına göstərilən hüquqi yardıma görə onların sərf etdiyi iş saatlarını düzgün hesablamır. Bu iddialar nə dərəcədə doğrudur?
- Vəkillər tərəfindən dövlət hesabına göstərilən hüquqi yardıma görə onların sərf etdiyi iş saatlarının düzgün hesablanmaması barədə fikirlə tam razı olmasam da, burada vahid bir qaydanın tətbiq edilməsinə ehtiyac duyulur. Vəkilin sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, konkret məbləğ müəyyən olunmuşdur. İş saatları hesablanarkən işin həcmi, keçirilmiş məhkəmə iclaslarının sayı və müddətləri nəzərə alınır. Yəni, dövlət hesabına göstərilən hüquqi yardıma görə sərf edilən iş saatları məhkəmə tərəfindən obyektiv və ağlabatan qaydada qiymətləndirilir. Bununla belə hesab edirəm ki, dövlət hesabına hüquqi yardımla bağlı vəkillərin sərf etdiyi iş saatlarının və ümumi vaxtın, eləcə də xərclərin düzgün hesablanması ilə bağlı ölkə məhkəmələri üzrə dəqiq vahid bir qaydaların və mexanizmin müəyyən olunması daha məqsədə müvafiq olardı. Başqa sözlə, dəyişən iqtisadi vəziyyətə uyğun olaraq vəkillərə ödənilən vəsait iqtisadi baxımdan ağlabatan olmalıdır.

- "Azərbaycanda çıxarılan bəraət hökmlərinin sayı digər ölkələrlə müqayisədə xeyli azdır" deyən ekspertlər, hüquq müdafiəçiləri var. Siz necə düşünürsünüz, bu sayı yetərli hesab etmək olarmı?
- Ümumiyyətlə, bəraət hökmlərinin say meyarına görə digər ölkələrlə, o cümlədən Avropa hüquq məkanı ilə müqayisəsini apararkən bir çox amillər nəzərə alınmalıdır. Qiymətləndirmə baxımından “yetərli və ya yetərsiz sayda bəraət hökmləri” anlamı subyektiv xarakter daşıyır. Ən əsas meyar çıxarılan hökmlərin qanuniliyi və əsaslılığı ilə bağlıdır. Avropa ölkələrində bəraət hökmlərin sayı Azərbaycanla müqayisədə nisbətən yüksəkdir. Məsələn, Böyük Britaniya məhkəmələri il ərzində baxdıqları cinayət işlərinin təxminən 20%-də bəraət hökmü çıxarırlar. Hollandiyada bu göstərici 10%, Almaniyada 4%, Fransada 3%, Finlandiyada 2%-dir. Azərbaycanda bu göstərici təxminən 1-2% civarındadır. Lakin son zamanlar Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları nəticəsində çıxarılan bəraət hökmlərinin sayında artım tendensiyası müşahidə olunur. Yeri gəlmişkən məlumat üçün bildirim ki, 2021-ci il və 2022-ci ilin birinci rübündə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış cinayət işləri üzrə 43 nəfər təqsirləndirilən şəxsin barəsində ittiham hökmü ləğv edilərək tam bəraət hökmü çıxarılmış, ayrı-ayrı işlər üzrə təqsiləndirilən şəxslərə elan olunmuş ittihamlar üzrə hissəvi bəraət verilməsi və birinci instansiya məhkəmələrinin bəraət hökmlərinin apellyasiya qaydasında qüvvədə saxlanılması halları da kifayət qədər olmuşdur. Burada əsas məsələ hakimlərimizin yetərincə prosessual əsaslar olduqda hüquqi müstəvidə daha “cəsarətli davranış tərzi” nümayiş etdirməsidir. Yəni, yekun məhkəmə qərarları qəbul edilərkən “təqsirsizlik prezumpsiyası”, “məhkəmə istintaqı nəticəsində əldə edilmiş sübutların aliliyi” kimi fundamental prinsiplər və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun təcrübəsi rəhbər tutulmalıdır. Fürsətdən istifadə edərək bildiməliyəm ki, aidiyyəti istintaq orqanları bəraət hökmlərinə daha tolerant münasibətdə olmalı və hər bir bəraət hökmünü fövqalədə hal kimi qiymətləndirməməlidir. Diqqətə layiq hal kimi qeyd etmək istərdim ki, şəffaflığın təmin edilməsi məqsədilə çıxarılan bəraət hökmlərinə dair illər, məhkəmələr və hakimlər üzrə müqayisəli məlumatların Vahid Məhkəmə Portalında açıq şəkildə dərc edilməsinə də başlanılmışdır.
- Vahid məhkəmə təcrübəsinin formalaşması baxımından Ali Məhkəmə tərəfindən qərarlar qəbul olunur. Lakin yenə də oxşar iş üzrə müxtəlif instansiyalarda fərqli qərarlara rast gəlinir. Bu barədə nə deyə bilərsiniz?
- Ölkə başçısının 3 aprel 2019-cu il tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ötən dövr ərzində yuxarıda qeyd etdiyim müvafiq tədbirlər həyata keçirilmiş, o cümlədən qanunvericilikdə məhkəmə icraatının həyata keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər edilmişdir. Qeyd edilən tədbirlər çərçivəsində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmləri təsbit olunmuşdur. Eyni zamanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilmişdir. Bu sahədə Ali Məhkəmə tərəfindən monitorinqlərin aparılmasına dair Qaydaların təsdiq olunması məhkəmə səhvlərinin aradan qaldırılmasında mühüm rol oynamışdır. Ali Məhkəmə Plenumunun qərarları vasitəsilə məhkəmələrin hüquq tətbiqetmə təcrübəsi vahid məxrəcə gətirilir, ayrı-ayrı sahələrdə hüquqi tənzimləmədəki boşluqlar və ya qeyri-müəyyənliklər aradan qaldırılır. Kassasiya məhkəməsinin kollegiyaları tərəfindən mütəmadi olaraq məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlar qəbul olunur. Həmin qərardadlarda söhbət qanunvericiliyin müddəalarının, hüquqi məsələlərin vahid tətbiqindən gedir. Lakin ayrı-ayrı işlər üzrə tərəflər arasında münasibətlərin xarakteri və işin halları zahirən oxşar görünsə də, hər bir işə fərdi yanaşılmalı və bu nəticəyə uyğun qərarlar qəbul edilməlidir. Bunula belə razıyam ki, bəzi hallarda eyni situativ xarakterli işlər üzrə müxtəlif səpkili qərarlar qəbul edilir. Hesab edirəm ki, formalaşmış praktikaya zidd qərarlar barədə aşağı məhkəmələr yuxarı instansiya məhkəmələrin diqqətini cəlb etməlidirlər. Məsələn, Bakı Apellyasiya Məhkəməsində mövcud təcrübəyə zidd qərarların təhlil edilməsi məqsədilə müvafiq işçi qrupu yaradılmışdır.
- Mübariz müəllim, bildiyiniz kimi, Azərbaycanda mediasiya institutu fəaliyyət göstərir. Mediasiyanın məqsədlərindən biri də məhkəmələrin iş yükünün azaldılmasıdır. Bu baxımdan, mediasiyanı uğurlu institut hesab etmək olarmı?
- Mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutu vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılmış yeni bir təsisatdır. Məlumdur ki, bütün dünyada mütərəqqi institut kimi mediasiya geniş tətbiq olunur. Ölkəmizdə də mediasiya institutunun yaradılması üçün ötən dövrdə bir sıra addımlar atılmış, o cümlədən beynəlxalq təcrübə öyrənilmiş və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanmışdır. Həmçinin, Avropa Şurası və Avropa İttifaqı ilə də, bu sahədə birgə layihələrin təşviqinə dair razılığa gəlinmişdir. Bəzi kateqoriya işlər üzrə ilkin mediasiya sessiyasının imperativliyi önəmli müddəa kimi qəbul edilməlidir. Hesab edirəm ki, “Mediasiya haqqında” Qanunun qəbul olunması ilə bu institutun ölkəmizdə tətbiqi vətəndaş məmnunluğunun artırılması ilə bərabər, məhkəmələrin iş yükünün azalmasına, məsələnin operativ həllinə, insan resurslarının səmərəli istifadəsinə, işlərə daha qısa müddətdə baxılmasına öz müsbət təsirini göstərəcəkdir.

- Son olaraq, Bakı Apellyasiya Məhkəməsinin qarşıya qoyduğu əsas hədəflər nələrdir? Gələcəkdə hansı işlərin görülməsi nəzərdə tutulur?
- Bakı Apellyasiya Məhkəməsi olaraq həyata keçirmək istədiyimiz işlər, layihələr, hədəf və prioritet kimi gördüyümüz tədbirlər çoxdur. Birmənalı deyə bilərik ki, Bakı Apellyasiya Məhkəməsi Azərbaycanın məhkəmə sistemində xüsusi önəmi və çəkisi olan bir məhkəmə vahididir. Bakı Apellyasiya Məhkəməsinin fərqli cəhəti onun paytaxtımızda yerləşməsi və yurisdiksiyası, hakimlərin sayı və iş yükünə münasibətdə ölkəmizin ən böyük məhkəməsi olmaqla yanaşı, baxılan işlərin ictimai əhəmiyyəti və ümumən ölkədə ədalət mühakiməsinin mənzərəsinə həlledici təsirindən ibarətdir. Şübhəsiz ki, əsas hədəflərimizin sırasında məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə layiqli töhfə vermək, ölkə Prezidentinin korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə dair müvafiq sərəncam və fərmanlarından irəli gələn tövsiyələrinə, məhkəmə fəaliyyətinin həyata keçirilməsi zamanı ədalət mühakiməsinin prinsiplərinə ciddi və dönmədən əməl edilməsinə səy göstərmək, məhkəmələrə inamın və ictimai etimadın artırılmasının təmin edilməsi üçün zəruri bilinən bütün növ tədbirlərin həyata keçirilməsinə nail olmaq kimi istəklərimiz vardır.
Düşünürəm ki, konkret məqamlarla bağlı sualınıza yuxarıda səsləndirdiyim fikirlərdə cavab tapa bilərsiniz. Ümumən isə bizim məqsədimiz ölkəmizdə ədalət mühakiməsinin effektivliyinin və səmərəsinin artırılmasında Bakı Apellyasiya Məhkəməsinin rolunu artırmaq, məhkəmənin nüfuzunu, sanbalını yüksəltmək və hakimlərimiz üçün onu cəlbedici bir məhkəmə təsisatına çevirməkdən ibarətdir. Əgər hər bir hakim Bakı Apellyasiya Məhkəməsinə mənsubiyyətindən qürur hissi duyarsa, hesab edirəm ki, bu, bir qədər məqsədimizə yaxınlaşdığımızın göstəricisi ola bilər. Ümid edirik ki, Azərbaycanın hüquq ictimaiyyəti və mediası faydalı əməkdaşlıq etməklə bizə bu istiqamətdə yardımçı olacaqdır.

 

XalqXeber.Az