İnternetsiz, qazsız, xəstəxanasız kənd: Xınalıq... - REPORTAJ

11:49 31-05-2022 315

Xınalığa çatan turistləri ilk qarşılayan uşaqlardır. Onlar analarının toxuduğu corabları satmağa gəliblər. Havalar isinən kimi kənd sakinləri qışda toxuduqları geyimləri turistlərə sataraq pul qazanırlar.

 


İki min nəfərdən çox sakini olan Quba rayonunun Xınalıq kəndində iş yeri demək olar ki, yoxdur. İnsanlar heyvandarlıqla dolanırlar.

24 ildir Xınaqlıq kənd orta məktəbində müəllim işləyən İlyas Hüseynov deyir ki, məktəbdə 300-ə yaxın şagird təhsil alır. Onun dediyinə görə hər il bu məktəbdən 7-8 nəfər universitet və ya texnikuma daxil olur. O deyir ki, əvvəllər valideynlər qız uşaqlarının ali təhsil almasına razı olmasalar da, indi buna mane olmurlar.

Mərcan Hüseynova günə bir cüt corab toxuyur. Onu da uşaqları 6 manatdan kəndə gələn turistlərə satır. O corab toxuyanda ev işlərini böyük qızı Ayişə görür. Yemək bişirir, evi səliqəyə salır, bacı və qardaşının qayğısına qalır. Ayişə bu il 9-cu sinifi bitirib, arzusu Coğrafiya müəllimi olmaqdır. Amma kasıblıq onun arzusunu yarımçıq qoya bilər.

Kənddə nə xəstəxana, nə qaz, nə də internet xətti var. Kənddən Qubadakı xəstəxanaya getmək üçün ailə gediş-gəliş xərclərinin 16 manat olduğunu deyir. Hüseynovlar ailəsi imkanları yoxdur deyə uşaqları doğulandan bəri onları həkimə aparmayıblar.

Xınalıq sakinləri üçün günəşin çıxması ölüm yatağında olan xəstənin yaza çıxıbsa, sağ qalacağı ehtimalı qədər ümidlidir. Günəşli günlər davam etdikcə onlar da ehtiyaclarının başlayacağı qış üçün kənara pul qoya bilirlər.

 

XalqXeber.Az