Cavid Qurbanovun yerinə KİMİ GƏTİRİRLƏR... - İçdəki namizədlər...

13:17 31-05-2022 270

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çıxarılandan sonra bu qurumun rəhbərliyinə kimin təyin olunacağı müzakirə mövzusuna çevrilib. DİA.AZ-ın modern.az-a istinadən məlumatına görə, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də beş sədr müavini çalışır. Onlardan biri 1-ci müavin, dördü müavin postunu tutur.

 


“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri bu beş nəfərdən biri təyin oluna bilər.

Sədrin 1-ci müavini Əlirza Süleymanov 1958-ci ildə anadan olub. Ali təhsillidir. Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dəmir Yolunun Bakı Lokomotiv deposunda briqadir vəzifəsində başlayıb. Sonra müxtəlif vəzifələr tutub.
1996-1997-ci illərdə Azərbaycan Dəmir Yolunun ”Sərnişindaşınma” istehsalat birliyinin rəisi - Dəmir Yolu rəisinin müavini, 1997-2010-ci illərdə Azərbaycan Dəmir Yolu rəisinin müavini vəzifəsində çalışıb.
22 fevral 2010-cu ildən “Azərbaycan Dəmir yolları” QSC-də sədrin 1-ci müavini vəzifəsində işləyir.

Sədr müavini İqbal Hüseynov da 1958-ci ildə anadan olub. Ali təhsillidir, Moskva Dəmiryolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
1984-2003-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin Biləcəri stansiyası, Hərəkət xidməti, Yükdoldurma və boşaltma şöbəsi, Yük daşımalarının planlaşdırılması şöbəsi, Tarif və nəqliyyatservis xidmətində müxtəlif vəzifələrdə çalışıb.
2003-2004-cü illərdə Nəqliyyat Nazirliyinin Maliyyə və kredit departamentinin rəis müavini vəzifəsində işləyib.
2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
2010-cu ildən “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsini tutur.

Sədr müavini Zaman Novruzov 1958-ci ildə doğulub. Ali təhsillidir. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1980-1988-ci illərdə “Azərneftquraşdırma” trestində müxtəlif vəzifələrdə çalışıb. 1988-1990-cı illərdə “Azərneftkimyaquraşdırma” trestinin 2 saylı Sumqayıt Quraşdırma İdarəsinin rəisi, 1990-1996-cı illərdə Bakı Quraşdırma İdarəsinin rəisi vəzifələrində işləyib.
1996-2001-ci illərdə Abşeron Regional Su Səhmdar Cəmiyyətinin “Su tikinti” birliyinin rəisi, Abşeron Regional Su Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2001-2005-ci illərdə “Su satış” müəssisəsinin direktoru vəzifələrində çalışıb.
2005-2011-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifəsini tutub.
2011-2015-ci illərdə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin müşaviri və vitse-prezidenti vəzifələrində çalışıb.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib.
2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Sədr müavini Hicran Valehov digər üç həmkarından 10 yaş cavandı - 1968-ci ildə anadan olub. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. Texniki elmlər namizədidir.
1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.
2007-2015-ci illərdə “Azəryolservis” ASC-də sədr müavini vəzifəsində işləyib.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində çalışıb.
2016-cı ildən “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müavini təyin edilib.

Sədr müavini Vüsal Aslanov 1981-ci ildə anadan olub. Ali təhsillidir, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
2004-2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışıb.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib.
2016-cı ildən “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müavini təyin edilib.

 

XalqXeber.Az