Qarabağ Qazisi ÇƏTİN DURUMDA - SAMUXDAN ŞİKAYƏT

13:58 01-06-2022 333

“Cənab Prezident, bir var adam erməni gülləsindən birdəfəlik ölüb gedə, o da qismətim olmadı, bir də var, səni hər gün öz xalqından olan məmur mənəvi öldürür. Od-alovun içindən qayıdıb rayonda məmur balalarının ən son model avtomobillərdə şütüdüklərini, villalarda ən bahalı həyat yaşadıqlarını gördükcə, evdə səni gözləyən iki balanı gözünün önünə gətirdikcə, adamın ruhu ölür. Rayonda iş yerləri də var, rifah da var, ancaq hər şey 5-10 məmur və onların qohumları üçündür”.

 


Samux rayonu, Sərkar kənd sakini Salman Məmmədov 2016-cı ilin aprel döyüşlərinin, İkinc Qarabağ Müharibəsinin iştirakçısı olub. Suqovuşanın azad edilməsinə görə təltif də edilib. Meydan TV-yə danışır ki, müharibədən qayıdandan iş üçün döymədiyi qapı qalmayıb. Ancaq özünə iş tapa bilmir.

34 yaşlı Salman Məmmədov müharibədən əvvəl dəmirçi işləyib. Deyir, at nalı düzəldirmiş və başqa dəmirçi işləri görürmüş. Müharibə başlayanda müddətdən artıq hərbi qulluqçu kimi döyüşlərə yollanıb. Geri qayıdandan sonra onu ən çox məşğul edən məsələ iş axtarmaq olub.

“Sizinlə danışa-danışa suvaq işi görürəm. Bir dostum uşaqlarımın ac olduğunu bilib, çağırıb, öz işini mənə verib ki, divarı suvayım, 3-5 manat qazanım, evə çörək alıb aparım. Halbuki, müharibədən əvvəl dəmirçi işləyib iki azyaşlı balamı dolandırırdım. Müharibədən psixoloji problemlərlə qayıtmışam, beynim səs götürmür, daha əvvəlki kimi dəmir döymək üçün zindanın səsini beynim götürmür, sinir sistemim sıradan çıxıb. Əvvəlki kimi ağır işlərdə işləyə bilmirəm. Bədənimdə döyüşlərin ağrıları var, iki ildir müalicələr də alıram. Bir az ağır iş görəndə böyrümdə “pristuplar” tutur”.

Salman Məmmədov süpürgəçi, bağban, yüngül işlər görmək üçün fəhlə işlərinə görə rayondakı işıq, qaz, su idarələrinə, icra hakimiyyətinə, məşğulluq xidmətinə – bir sözlə, əli yetən hər yerə müraciət edib. Ancaq iki ildir ki, ona uyğun iş verilmir:

“İcra hakimiyyətinə gedirəm, deyrəm, elə bir iş verin ki, binanın ətrafını təmizləym, fəhləlik eləyim, ağır işlər görə bilmirəm. Başçı bizim kəndin icra nümayəndəsinə tapşırır ki, apar bunu, parnikdə işləsin. Deyirəm, mənim beynimdə problem var, parnikin dərmanı, gübrəsi mənə pis təsir edir, deyir, məndə başqa iş yoxdur. İşıq, qaz, su idarələrinə müraciət etmişəm ki, gəlim “şunur” daşıyım, idarənizn həyətində yer belləyim, süpürgəçilik eləyim, deyirlər, iş yoxdur”.

Salman Məmmədov deyir, bir neçə gün əvvəlsə Özünəməşğulluq Proqramına qoşulmaq üçün müraciət edib:

“Dedim, heç olmasa mənə çilingər aparatları verilsin, gedib çilingərlik edim, 3-5 manatımı qazanım, ailəmi dolandırım. Dedilər, ən azı 8-10 ay gözləməlisən. Bu da belə getdi… Yaxşı, mən nə edim? Bu yaxınlarda kənddə musiqi məktəbi açılıb. Deyirəm, ora bağban lazımdır, gedim, ağacları suvarım, məktəbin ətrafını süpürüm, belə işlər verin, həm başım qarışsın, həm balalarıma çörək aparım. Mənim gözümün önündə o qədər insan faciəli ölüb, mən müharibə, qan görmüş adamam, qayıdandan sonra psixoloji yardım da görməmişəm. Psixologiyam bərbad vəziyyətdədir və bu durumda ağır işlərdə işləyə bilmirəm. Mənə iş vermirlər, heç olmasa həyat yoldaşıma kənddəki uşaq bağçasında xadimə işi versinlər. Ünvanlı sosial yardım üçün də müraciət edirik, deyirlər, iş yeriniz olmadığına görə düşmür”.

Keçmiş döyüşçü səsinin media vasitəsiylə Prezident İlham Əliyevə çatmasını istəyir:

“Cənab Prezident, sizdən ev, maşın istəmirəm, qapınızda dayanıb pul dilənmirəm, haqqım olan iş istəyirəm. Hər dəfə çıxıb deyirsiz ki, qaziyə iş verin, şəhid ailəsinə iş verin. Nümayəndə göndərin, araşdırın, görün rayonumuzda sizin sözünüzü sayan, icra edən varmı? Nümayəndə gəlsin, bircə gün kənddə gəzsin, görsün burda xalq nə gündə yaşayır… Yaşamırıq, son nəfəsimizi veririk. Məmurlar əllərindən gələni edir ki, yaşamaq üçün hava gələn bütün nəfəsliklərimizi qapatsınlar”. “Qazpulunu ödəyə bilmədiyim üçün gəlib qazı kəsiblər. Cənab prezident, əgər o qazın pulunu ödəmək üçün mənim pul qazanmaq yerim yoxdursa, mən oğurluq etməliyəm? Ucsuz-bucaqsız təsərrüfatları, parnikləri var. Əlini nəyə uzatsan, məmurundur. İş üçün qəbula gələn müharibə veteranına da deyirlər, get, parnkimdə işlə… Neyləyim, hərbi geyimimi geyinib öz ölkəmdə küçələrdə dilənim?Ayıb deyilmi?”,- şikayətçi deyib.

Samux Rayon İcra Hakmiyyətindən Meydan TV-yə bildirilib ki, qurum öz səlahiyyətləri çərçivəsində Qarabağ müharibəsi iştirakçılarına qayğıyla yanaşır. Ancaq elə məsələlər var ki, onları həll etmək qurumun səlahiyyətinə və vəzifəsinə aid deyil. Belə müraciətlər olanda qurum vətəndaşı aidiyyəti üzrə rayonun Məşğulluq Xidmətinə yönləndirlir.

Samux Rayon Məşğulluq Xidmətindənsə bildirilib ki, Salman Məmmədov DOST İş Mərkəzindən təklif olunan iş təkliflərindən imtina edib.

Salman Məmmədov bunun səbəblərindən danışır:

“Amması odur ki, onların da təklif etdiyi iş yaşadığım ərazidən o qədər uzaqdadır k, mən o işə gedib-gəlmək üçün gərək üç avtobus o başa, üç avtobus bu başa dəyişim. Elə maaşımın bir hissəsi nəqliyyata gedəcək. Vaxtımın çox hissəsi yollarda itəcək, hesablayanda məlum olur ki, verəcəyi maaşdan da əlimdə 150 manat ya qalacaq, ya yox… Sanki qəsdən uzaq məsafədə yerləşən iş yerləri təklif edirlər k, vətəndaş imtina etsin, sonra da vətəndaşın boynuna qoyurlar ki, biz iş veririk, sən işləmək istəmirsən”.Meydan TV

 

XalqXeber.Az