“AZƏRLOTEREYA” KÜÇƏLƏRDƏ “POZ, QAZAN” QUMARINI BOYNUNDAN ATIR, BU DA FAKT – FOTOLAR

14:00 01-06-2022 468

“Azərlotereya” ASC iddia edir ki, küçələrdə “Poz, qazan”, “Bəxtəvər” və bu kimi mərc oyunlarını özü təşkil etmir. Guya kiçik ticarətlə məşğul olanlar gəlib istədiyi qədər kupon alırlar, harada satışının keçirilməsini özləri müəyyən edirlər. Yəni Bakının hər tinində, hər küçəsində keçirilən açıq-aşkar qumar oyunları, “Misli” və “Poz, qazan” və s. onlara aid deyil, qurum yalnız kupon satışını həyata keçirir.

 


TİA.Az-ın əməkdaşlarının paytaxtda apardığı müşahidələr və kiçik bir reyd “Azərlotereya” ASC-nin yalanlarını qısa müddətdə faş etmiş olub. Reportyorlarımız öyrənib ki, heç də deyildiyi və yayılan şayiələr kimi deyil, məhz “Misli” və “Poz, qazan” sözügedən mərc-qumar şirkətinin layihələridi. Bunu müxtəlif ərazilərdə tez-tez qarşımıza çıxan kiçik piştaxtaların qabağına yapışdırılmış reklam lövhələri də təsdiqləyir.
Fotolardan da göründüyü kimi, “Bəxtəvər” loqosu vurulub, “Qızıl” və digər mərc yarışlarının adları qeyd olunub. Deməli, “Azərlotereya” ASC tərəfindən təşkil olunur və küçələrdə qumarı yaymaqla əhali bu prosesə cəlb olunur.
Bunun özü təhrik və təşviq etmək adlanır. Ona görə də heç bir kiçik ticarətçi özbaşına, qeyri-leqal şəkildə piştaxta qoyub mərc kuponları sata bilməz. Və heç bir ticarətçi şirkətin adından sui-istifadə etməklə bu işi həyata keçirə bilməz. Odur ki, məqsədli şəkildə əhali arasında yayılan söz-söhbətlə, “Azərlotereya” ASC məsələni üzərindən atmağa, boyun qaçırmağa çalışır. Çox təəssüf ki, ölkənin sayılıb-seçilən deputatlarının, ictimai xadimlərin, ziyalıların, ilahiyyatçıların bu qədər çağırışlarına baxmayaraq, kasıb əhalini aldadaraq soyan bu qumar biznesi ilə bağlı tədbir görülmədi. Əksinə, gündən-günə bu cür məntəqələri sayı artırılır.TİA.Az




 

XalqXeber.Az