Qızlarını erkən ərə verən valideynləri 4 il HƏBS GÖZLƏYİR – Qanun DƏYİŞİR?

18:16 03-06-2022 252

Yeniyetmələrin nikaha cəlb olunması məsələsi yenidən aktullaşıb. Xüsusilə Sabirabadda 9-cu sinif şagirdinin ərə verilməsi, yeniyetməni nikaha cəlb edən valideynlərinə qanunvericiliyiə görə heç bir cəza verilməməsi, onların sadəcə xəbərdarlıqla kifayətlənməsi problemi gündəmə gətirib. İctimaiyyəti ciddi narahat edən məsələ isə erkən nikahla bağlı qanunvericilikdə nəzərdə tutulan müddəların işlək olmamasıdır. Elə problem də bundan qaynaqlanır və sayı artmaqda davam edir.  

 


Məlum məsələdir ki, erkən nikaha cəlb olunan qızlar cəmiyyətdən təcrid olunur, təhsildən uzaqlaşır, gələcəkdə övladının savadlı yetişməsinə fayda verə bilmir, fiziki və psixoloji baxımdan ana olmağa hazır olmur, çox erkən hamiləlik baş verir, ən əsası isə onlarda doğuş və ölüm riski yaranır. 

Bu qədər təhlükəni gözə alan valideynlər övladlarını erkən nikaha niyə təhrik edir? Günahkar valideynlər niyə cəzalanmır? Cəzalanmadıqları üçünmü bu problemin sayı artır?

Illərdir bu suallara cəmiyyət olaraq nə cavab, nə də həll yolu tapa bilirik. Daha doğrusu, bu sahə ilə məşğul olan mütəxəsssis və ekspertlərin pafoslu çıxışları, əlçatmaq təkliflərindən o tərəfə keçə bilmirik.  

Övladını erkən nikaha cəlb edən valideyni həbsə atsaq, digərlərinə də dərs olarmı? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayevin fikrincə, yeniyetmələri erkən evliliyə cəlb edən şəxsləri həbs etməklə problem qismən də olsa həll olunacaq.

Amma bu da çıxış yolu deyil. Vəkil erkən nikaha cəlb olunmaqla bağlı qanunvericilikdə əks olunan müddəalara toxunub:

“Cinayət Məcəlləsində qadınları nikaha girməyə məcbur etməklə bağlı 176-1 maddəsi var. Birinci maddədə məcburi nikaha cəlb olunan qadınlardan bəhs olunur. İkinci maddə isə nikah yaşına çatmayan qadınların erkən evliliyə cəlb olunmasını ehtiva edir. Burada səbəbkar şəxsləri 3000 manatdan 4000 manatadək cərimə, yaxud 4 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət məsuliyətinin olması sözügedən məsələ ilə bağlı faktların qarşısını almır. Əksinə bu hallar davam edir və sayı artır. İlk növbədə erkən nikahın səbəblərini araşdırıb ortaya çıxarmaq lazımdır. Çünki heç bir valideyn uşağının bədbəxtliyini istəməz. Təcrübə göstərir ki, erkən nikah əsasən maddi durumu zəif və valideynlərin təhsil səviyyəsi aşağı olan ailələrdə baş verir. Demək ki, maddi təminat mühüm rol oynayır”.

Əsabəli Mustafayev qeyd edib ki, sözügedən məsələ ilə bağlı qanun yazılıbsa, o ölü maddə olmamalıdır:
 
“Həmin müddəlarda cərimə də nəzərdə tutulub. Hesab edirəm ki, ilk növbədə bu müddəları İnzibati Xətalar məcəlləsinə daxil etmək lazımdır. Çünki orada cəza daha yüngül olur. Yəni profilaktiki rol oynasın və cərimə məbləği 200-300 manat təşkil etsin.

Məsələn, maddi durumu aşağı olan və qızını erkən yaşda ərə verən valideynlər 3 min manat məbləğində cərimələnsələr, ailənin və ərə verilən qızın vəziyyəti daha da ağırlaşacaq. Əgər qeyd etdiyimiz inzibati cəza da valideynlərə təsir etməsə və hal artsa, o zaman cəzanı sərtləşdirmək olar. Birdən-birə valideynlərin cinayət məcəlləsinə cəlb olunması effekt verməyəcək. Ona görə də ölü maddədir, işləmir. Valideynlər də bir növ əmindir ki, onsuz nə cərimə, nə də həbs olunacaqlar. Bir sözlə cəzanı yüngülləşdirməklə mexanizmi işlək formaya salmaq lazımdır”.

Bizim.Media