AZAL-a "AZALT" deyən yoxdur... - “Cib yandıran” biletləri və QİYMƏTLƏR

13:41 04-06-2022 351

Azərbaycan koronavirus pandemiyası səbəbindən 2 ildən çoxdur quru sərhədlərini bağlayıb.

 


Nazirlər Kabinetinin qərarı ilə bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədlər qapalıdır.

Ölkəyə giriş-çıxış edənlər isə məcbur hava yollarından istifadə edirlər. “Azərbaycan Hava Yolları”nda (AZAL) aviabiletlər müqayisədə hədsiz bahadır.

Xalqxeber.az AZAL-ın rəsmi saytına istinadən müxtəlif ölkələr üzrə bir istiqamətdə ekonom aviabiletlərin qiymətini təqdim edir. Gediş-gəliş üçün bu məbləğ iki dəfə artır.

Qeyd olunan qiymətlər həmin ölkələrə ən yaxın tarixdə baş tutacaq uçuşların qiymətidir.

*Azərbaycandan Türkiyəyə getmək istəyənlər üçün bir nəfərlik biletin qiyməti paytaxt Ankaraya 301.62 manat, İstanbula isə 495.78 manatdır.

Yəni qarşıdakı bazar günü, 5 iyun tarixdə Türkiyənin adı çəkilən şəhərlərinə getmək istəyənlər göstərilən məbləğdə pul ödəməlidirlər.

*5 iyun tarixində Bakıdan Gürcüstanın Batumi istiqaməti üzrə reyslərə aviabiletin qiyməti 191.84 manat, Tbilisiyə isə 210.56 manat təşkil edir.

*Bakıdan qonşu ölkələrdən biri İran İslam Respublikasının paytaxtı Tehrana 10 iyun tarixindəki uçuş biletinin qiyməti 237.68 AZN-dir.

*Rusiyanın paytaxtı Moskva şəhərinə uçmaq üçün 696.72 Azərbaycan manatı ödəməlisiniz.

Rusiyanın digər vilayətlərinə getmək istəyənlər üçün də qiymət bu civarda dəyişir.

*Bakı-Daşkənd istiqamətində ən yaxın tarix üçün uçuş biletinin qiyməti 346.68 manatdır.

*Bakı-Aktau istiqamətindəki aviabiletin bir istiqamətdəki qiyməti 173.43 manat təşkil edir.

*Bundan başqa, Bakıdan Dubaya 6 iyun tarixində təyyarə ilə getmək istəyənlər 379.80 manat ödəniş etməlidirlər.

*Avropa ölkələrindən Almaniyanın paytaxtı Berlinə hesablanan aviabiletin qiyməti 696.72 AZNdir.

*Bakıdan Londona getmək üçün 486.67 manat ödəmək lazımdır.

Qeyd edək ki, bu qiymətlərə, yəni ekonom sinif sərnişinləri üçün 10 kioqramdan və 118 santimetrdən artıq olmayan baqaj həddi müəyyən olunub. //Cebhe.info//