Siqaret növbəti dəfə bahalaşdı, amma: hələ harasıdır... - NƏ BAŞ VERİR?

17:53 04-06-2022 396

Azərbaycanda siqaretlərin qiyməti yenidən bahalaşıb. Demək olar ki, bütün siqaretlərin qiymətində artım qeydə alınıb. Bu, son bir ildə tütün məmulatlarının sayca beşinci qiymət artımıdır. Ümumilikdə isə ötən bir il ərzində siqaretlər 30 faizə yaxın bahalaşıb. Satıcılar son bahalaşmanı firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.

 


Qeyd edək ki, siqaretlərin qiymətinin yenidən bahalaşması ictimaiyyətdə ciddi narazılıq doğurub. Ərzaq, qeyri-ərzaq, əczaçılıq, geyim və digər strateji məhsullarla yanaşı, siqaretin də sürətlə bahalaşması koronavirus pandemiyasından çıxan, sosial-iqtisadi durumu acınacaqlı həddə olan istehlakçılar üçün ağır zərbə kimi qiymətləndirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il əhali içkilər və tütün məmulatlarına 2 milyard 300 milyon manat pul xərcləyib. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çoxdur. Ümumilikdə Azərbaycan vətəndaşlarının 20 faizi tütün məmumlatlarından müntəzəm istifadə edir. 

Xalqxeber.az-ın məlumatına görə, tütün məmulatlarının son qiymət artımını AYNA-ya şərh edən iqtisadçı alim Xalid Kərimli deyib ki, bu bahalaşma xərclərin və vergilərin artması ilə bağlıdır: “Son bir il ərzində iki dəfə tütün məmulatları üçün aksizlər və rüsumlar artırılıb. Siqaretin qiymətinin qalxmasının əsas səbəbi budur. Görünən odur ki, Azərbaycan hökuməti özünün həm büdcə, həm də istehlak tənzimləmə siyasətinə uyğun olaraq tütün istifadəçilərindən daha çox vergi və rüsum toplamaq niyyətindədir. Davamlı olaraq bu siyasət həyata keçirilir və nəticədə siqaretin qiyməti vaxtaşırı olaraq artır”.

“Digər tərəfdən tütün məmulatlarının dünya bazarında bahalaşması da məsələyə təsirsiz ötüşmür. Nəzərə alanda ki, tütün kənd təsərrüfatı məhsuludur və dünya üzrə aqrar sektorda ciddi qiymət artımları qeydə alınır, bu da öz növbəsində bahalaşmaya təsir göstərən vacib faktorlardan biridir”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert qiymət artımlarının bundan sonra da davam edəcəyini düşünür: “Əkinçilik xərcləri əvvəlki kimi deyil, buraya cəlb olunan resursların qiyməti artıb, su, yanacaq, daşınma və qablaşdırma məhsulları bahalaşır. Eyni zamanda inflyasiya şəraitində işçilərin məvacibləri artır, bu da sahibkarları belə bir qərar vermək məcburiyyətində qoyur. Burada mənfəət əldə etməkdən yox, məhsulların maya dəyərinin bahalaşmasından danışmaq olar. Mövcud şəraitdə inanmıram ki, sahibkarlar mənfəət artrmaq üçün buna getsinlər”.

İqtisadçının sözlərinə görə, vergilərin, rüsumların və xərclərin artırılması bahalaşmaya səbəb olub: “Yəqin ki, proses bundan sonra da davam edəcək. Qarşıdakı dövrlərdə biz tütün məmulatlarının qiymətlərində növbəti artımları müşahidə edəcəyik. Bu isə öz növbəsində tütün istehlakçıların, xüsusən aztəminatlı istehlakçıların xərclərini əhəmiyyətli dərəcədə artıracaq”.

“Təkcə tütün məmulatlarının deyil, əksər istehlak məhsullarının qiymətləri bahalaşıb. Bazarda kiçik bir monitorinq aparan zaman məlum olur ki, son aylarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri ciddi səviyyədə artıb. Bu da, heç şübhəsiz, sosial ehtiyaclı əhalini çıxılmaz duruma salır. Bütün hallarda hökumət vəziyyətə müdaxilə etməli və əhalini əlavə xərclərə salan qərarlarından imtina etməlidir”, - deyə Kərimli vurğulayıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı AYNA-ya açıqlamasında xatırladıb ki, Azərbaycanda “Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” qəbul edilib və orada tütün məmulatlarına olan tələbatın azalması öz əksini tapıb: “Azərbaycan çox az sayda ölkələrdən biridir ki, marketlərə daxil olanda siqaret reklamları adamı qarşılayır. Bir tərəfdən siqaretə olan tələbatı azaltmaq istəyirlər, digər tərəfdən isə siqareti reklam edirlər. Bütün bunlar aksiz və rüsumların artırılması ilə bağlı hökumətin qərarlarında səmimi olmadığını ortaya qoyur”.

“Əgər həqiqətən də əhali arasında tütün məmulatlarına olan marağı azaltmaq istəyirlərsə, buna qarşı sistemli mübarizə aparsınlar. Vaxtaşırı olaraq qiymətləri qaldırmaq çıxış yolu deyil. Aksiz və rüsumları artırsalar da, bazara qaçaqmal siqaretlər daxil olur. Bunun isə qarşısını ala bilmirlər. Şəkidə təhlükəli siqaretlər istehsal olunur və ucuz qiymətə satışa çıxarılır. Azad İstehlakçılar Birliyi olaraq dəfələrlə bu mövzunu gündəmə gətirsək də, heç bir tədbir görülmür”, - deyə AİB rəhbəri qeyd edib.

O, Azərbaycanda uzun illərdir Rəqabət Məcəlləsinin qəbul edilmədiyini diqqətə çatdırıb: “Məhz bu məcəllə qəbul edilmədiyinə görə, inhisarçılar bazarda at oynadırlar. Prezident İlham Əliyev dəfələrlə bununla bağlı məmurlara xəbərdarlıq edir. Onlar isə bundan nəticə çıxarmırlar”.

“Məmur oliqraxiyası bütün bazara sirayət edib və bu da öz növbəsində bütün sahələrdə bahalaşma yaradır. İnhisarçılıq aradan qalxmayana qədər istehlakçılar məmur oliqraxiyasının müxtəlif “sürprizləri” ilə üzləşəcəklər”, - deyə Hüseynov fikrini yekunlaşdırıb.

 

XalqXeber.Az