Məmurları harınlaşdıran bu cür havayı büdcədən ayrılmış milyonlardır... - ŞOK FAKTLAR...

12:18 06-06-2022 207

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan, Maliyyə Təsərrüfat Fəaliyyətinin Təhlili üzrə iqtisadçı-ekspert Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Hurriyyet.az həmin məktubu olduğu kimi dərc edir:

 
“Hörmətli redaksiya!

Hər gün dövlət qurumlarının qarşısında “uşaqpulu” deyərək ah-nalə çəkən ana-bacılarımızı, “yavan çörək pulum yoxdur”, “pensiyam işiq, qaz pulunu verməyə çatmır” deyən ahıl nənə-babalarımızı, “vətən-torpaq uğrunda gözümü, qolumu, qıçımı itirmişəm, dərman pulu tapmıram” deyən qazi qardaşlarımızı, bütün vətəndaşlarımız kimi, mən də görürəm.

Mən də minlər kimi düşünənlərdən biriyəm, mən də deyirəm ki, gözəl dövləti, gözəl sərvəti, gözəl insanları olan bu millət niyə ac-yalavac, səfalət içində yaşamalıdır?!

Buna görə 2022-ci ilin dövlət büdcəsinin bolgüsü diqqətimi çəkdi. Kimlərə, hansı qurumlara nə məqsədlə, nə qədər pul vəsaiti ayrıldığını nəzərdən keçirdim.

Bunun da obyektiv və subyektiv səbəbləri vardır. İxtisasıma üyğun bir azda təhlil apardım. Obyektiv səbəblərindən biri odur ki, bu qədər inkişafın, sərvətin qabağında insanlar nəyə görə aclıqdan, kasıblıqdan, səfalətdən ah-nalə çəkirlər? Subyektiv səbəblərindən isə biri odur ki, bu məmurlar nə tez harınlaşırlar, bu qədər milyonları haradan necə əldə edirlər, xalqı niyə saymırlar, niyə veclərinə almırlar?!

Axı, onlara dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı vardır. Həmin vəsait təyinatı üzrə xərclənməlidir. Sən demə, heç də bizim düşündüyümüz kimi deyil. Qısası, hələlik məni dövlət büdcəsindən ayrılan bir vəsaitin təyinatı çox narahat etmişdir. Hərdən fikirləşirəm ki, elə dövlətin büdcəsini dağıdanlar, talan edənlər, paymal edənlər elə bunlardır. Sonra düşünürəm ki, səhv etmiş olaram. Qoy bu məsələdə fikrimi ictimayətlə bölüşüm, görək vətəndaşlar nə deyirlər...

2022-ci ilin dövlət büdcəsindən elm sahəsinə, adı qeyd edilən 10 təşkilata və qeyd edilməyən 4 müəmmalı təyinat üzrə 133.912.851,0 manat vəsait ayrılmışdır. Onlardan Milli Elmlər Akademiyasını, Prezident yanında Elmin İnkişaf Fondunu, Təhsil Nazirliyini və s. başa düşdüm. Başa düşmədiyim, adı qeyd edilən həmin 10 təşkilatdan biri Ədliyyə Nazirliyidir. O Ədliyyə Nazirliyi ki, elm-sahəsinə 7.524.305,0 manat büdcədən vəsait ayrılmışdır... Bax, bunu başa düşə bilmədim. Bu vəsait görəsən nə məqsədə xidmət edir? Bunu sizlərlə bölüşmək istəyirəm.

İnternet üstündən ELM nə olduğunu axtarış etdim. Elmin 2000 il bundan əvvəl yarandığını və müxtəlif - Tibb, Fizika, Kimya, Geologiya, Biologiya, Astranomiya və s. sahələrinin olduğunu aydınlaşdırdım. Ədliyyə Nazirliyinin əsasnaməsinin seyrangahını seyr etdim, çox-çox təəssüflər olsun ki, elmin yuxarıda qeyd etdiyim sahələrinin Ədliyyə Nazirliyinin funkusiyası ilə heç bir bağlılığının olmadığını anladım. Döstlar, sizlərə əziyyət verməmək üçün, istədim özüm düşünəm, bu məsələnin cavabını da özüm tapam. Tapdığım cavabı da sizlərlə bölüşmək istəyirəm.

Azərbaycan Respublikasının Elmilər Akademiyası və Ədliyyə Nazirliyi bir-birinə çox yaxın qurumlardır. Hər ikisi Elmlər Akademiyası metrosunun yanında, biri yolun üstündə, o biri yolun altında yerləşir. Maliyyə Nazirliyi, 7.524.305,0 manatı yolun üstünə, Elmlər Akademiyasına ayırmalıymış, sən demə. səhv salıb yolun altına Ədliyyə Nazirliyinə göndərib. Bax, budur faciəmiz, bax budur dəhşət, bax bunlardır dövləti talan edənlər, bax bunlardır “uşaqpulu”nu, qazilərin dərman pullarını yeyənlər. Ona görə də haqqını tələb edənlər məhv edilir, zindanlara atırlar, insalar yavan çörək pulu tapmırlar.

Məmurları harınlaşdıran bu cür havayı büdcədən ayrılmış milyonlardır.

Ardı olacaq, növbəti yazımızı izləyin... Büdcədən ayrılan vəsaitin təxminən 1000.000.000 manatdan artığının sərəncam verəni Ədliyyə naziridir... Əgər aradan götüzdürməsələr, öldürtdürməsələr bu milyardların taleyi barədə məlumat verəcəyəm...

Böyükağa ABDULLAYEV

Maliyyə Təsərrüfat Fəaliyyətinin Təhlili üzrə iqtisadçı-ekspert”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 XalqXeber.Az