Dövlət Ehtiyatları Agentliyinin EHTİYATLARI TÜKƏNİB? - "Ötən ildən mükafatlar da qalıb, onları da ödəmirlər"

12:58 07-06-2022 243

İyunun 6-da Dövlət Ehtiyatları Agentliyinin Qala Kombinatının bir qrup əməkdaşı bu qurumun qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçılarının sözlərinə görə, onlara bir neçə aydır əməkhaqqı ödənilmir.

 


“Uzun illərdir bura işləmişik, indi bizi qanunsuz olaraq, əsas gətirmədən işdən çıxarıblar, başqalarını götürüblər. Hələ dörd aydır əməkhaqqımızı da ödəmirlər. Ötən ildən mükafatlar da qalıb, onları da ödəmirlər”, – aksiyaçılardan biri iddia edib.

DİA.AZ-ın məlumatına görə, onlar qeyd edib ki, məsələ ilə bağlı Dövlət Ehtiyatları Agentliyinə şikayətə də gediblər: “Amma bizi qəbul etmirlər”.

Aksiya iştirakçıları vurğulayıb ki, xəbər etmədən mayın 25-dən 30 nəfərə yaxın işçinin işdən çıxarılması ilə bağlı əmr hazırlayıblar və həmin şəxsləri günlərdir kombinata buraxmırlar.

Bu deyilənlərə, hələlik, Dövlət Ehtiyatları Agentliyindən münasibət öyrənmək mümkün olmayıb.

Dövlət Ehtiyatları Agentliyi Prezident İlham Əliyevin fərmanı ilə ötən ilin oktyabrında yaradılıb. Agentlik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında yaradılıb.

 

XalqXeber.Az