Şəkidə qəzaya düşən məktəblilərin ekskursiyaya getmələrinə kim icazə verib?

19:09 10-06-2022 234

Olayla bağlı bildirilirdi ki, həmin gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlum olub ki, avtobusda olanlar Samux rayon sakinləridir.

 


Gəzmək məqsədilə Samux rayonundan Şəkiyə aparılan 11 nəfər şagird Samux rayonu 3 saylı tam orta məktəbinin şagirdləridir. Eləcə də, şagirdlər Şəkiyə (ekskursiyaya) sinif rəhbərinin təşkilatçılığı və məktəbin müvəqqəti direktor əvəzinin razılığı əsasında yollanıblar. Xəbərə rəsmi açıqlamada məhz bu detal gzilədilib.


Maraqlısı həm də odur ki, Kolayırda yerləşən sözügedən məktəbə hələ ki, direktor təyin edilməyib. Məktəbə uzun illər Samux rayon təhsil sektorunun hazırki müdiri Nurlana Həsənova rəhbərlik edib. İndinin özündə də məktəb Nurlana Həsənovanın xüsusi kurasiyasında - total nəzarətində saxlanılıb. Belə olduqda da, xanım təhsil müdirinin də şagirdlərin qanunsuz (rəsmiləşdirilmədən) Şəkiyə getmələrindən əvvəldən xəbərdar olduğunu çəkinmədən söyləmək, bu olay üzrə buraxılan təhsil özbaşınalığı barədə redaksiyamıza verilən bilgilərlə razılaşmaq olar.

Məlumdur ki, Təhsil Nazirliyi pandemiya dövründə məktəblilərin ekskursiyaya aparılması qadağan edilib. İndi pandemiyanın ağır şərtləri aradan qalxsa da, şagirdlərin toplanaraq bölgələrə aparılmaları, yalnız bir günlük faydalı ekskursiyaların təşkili üçün müvafiq qaydalar mövcuddur. Qaydalar isə deyir ki, ekskursiyaların təşkili tədrisin praktiki faydalılığını təmin etməklə yanaşı, şagirdlərin təhlükəsizliyi nəzərə alınmalıdır. Bunun üçün ekskursiyanın məqsədi və yeri seçilməklə təhsil müəssisələri üçün müəyyən edilmiş tövsiyələrə əməl edilməli, hər bir detal razılaşdırılmaqla rəsmiləşdirilməlidir.

Aldığımız məlumatda iddia edilir ki, sözügedən Samux məktəblilərinin Şəkiyə getmələri rəsmiləşdirilməyib. Ekskursiyanın təşkili prosesindən təhsil başbiləni Nurlana Həsənova xəbərdar olsa da, bu barədə Gəncə Regional Təhsil İdarəsi məlumatlandırılmayıb və rəsmi icazə mövcud olmayıb. Yəni, hansısa maraqlar müqabilində Samux məktəbindən Şəkiyə spontan səyahət özbaşınalığı ortaya çıxıb.

Hazırda hadisə üzrə müvafiq araşdırmalar aparılır, inanırıq ki, ağır avtoqəza ilə nəticələnmiş ekskursiyanın səbəbləri dəyərləndirilərkən, Nurlana Həsənovadan və məktəbin müvəqqəti direktorundan da haqq-hesab soruşulacaq...Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Demokratik.Az

 

XalqXeber.Az