“Azəriqaz”ın sayğac “əməliyyatı” bitmir – Geri dönürük

13:53 16-06-2022 324

Bakının bəzi rayonlarından redaksiyamıza daxil olan məlumatlara görə, “Azəriqaz” yenidən qaz sayğaclarını dəyişməyə başlayıb. Belə ki, bir müddət əvvəl mənzillərə quraşdırılmış smart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənmişid. O zaman bu məsələ müzakirə və narazılıqlara yol açmış, “Azəriqaz” isə, təxminən “belə daha məsləhətdir” formasında əsaslandırma gətirmişdi.

 


İndi yenidən mexaniki qaz sayğaclarını sökülərək smart tipliləri ilə əvəzlənməsi, təbii olaraq, təəccüb və suallar doğurur. Əvvəlcə məlumatların həqiqətə nə dərəcədə uyğun olub-olmadığına baxaq.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev AYNA-ya açıqlamasında deyib ki, istismar müddəti bitmiş sayğaclar dəyişdirilir: “Kütləvi sürətdə smart kart tipli sayğaca keçidlə bağlı heç bir qərar yoxdur. 5 illik istismar olunmuş sayğaclar məcburi qaydada dəyişdirilir. Anbarda hansı sayğac varsa, onunla əvəzlənir. Hər iki sayğacın sərfiyyatı, yazma qabiliyyəti eynidir. Biri digərindən az və ya çox yazmır”.

Burada maraqlı məqam “anbarda nə varsa”dır. Axı, bir müddət əvvəlki dəyişmə prosesində “mexaniki sayğaclar smartlardan daha yaxşıdır” şəklində izah olunurdu və kütləvi şəkildə mexanikiyə keçid edildi. İndiki durum isə “anbarda nə varsa” ilə “hər iki sayğacın sərfiyyatı, yazma qabiliyyəti eynidir” arasında tərəddüdlü var-gəldən ibarətdir – istismar müddəti bitmiş sayğac kimi...

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı AYNA-ya şərhində bildirib ki, sayğacların kütləvi sürətdə yeniləri ilə əvəzlənməsi ciddi suallar yaratsa da, onlara cavab verən yoxdur: “2018-ci ilin əvvəllərindən ekspertlərimiz növbəti ildən sayğacların dəyişdirilməsinə başlanacağını bildirmişdilər. Doğrudan da, 2019-cu ildən sayğacları kütləvi sürətdə dəyişdiriməyə başladılar. Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 80 nömrəli qərarında göstərilir ki, sayğacların pasportunda göstərilən müddətə uyğun olaraq sayğac yoxlanılmalı və yerinə qaytarılmalıdır. Lakin “Azəriqaz”ın yoxladığı bütün sayğaclar yenisi ilə əvəzlənir. “Azəriqaz”a dəfələrlə sual ünvanlasam da, ölkədə neçə sayğacın yoxlamadan sonra vətəndaşa qaytarılmasına cavab verməyiblər”.

Həmsöhbətimiz öz təcrübəsindən yola çıxaraq qeyd edib ki, ekspertlərin yeni sayğaclarla bağlı fikirləri təsdiqini tapıb: “Sayğaclar fərqli keyfiyyətlərdədir. 2018-ci ildə gətirilən sayğaclar haqqında ekspertlər bildirmişdilər ki, onlar bir qədər işlədikdən sonra bloka düşəcək. Bundan sonra isə əlavə pul yazılacaq, camaat sayğacı dəyişdirmək məcburiyyətində qalacaq və s. Özümün apardığım müşahidələrə görə də bu fikir təsdiqini tapdı. Qızımın evindəki işlək smart tipli sayğacı yenisi ilə əvəzlədilər, bloka düşdü, sayğac üç dəfə dəyişdirildi. Sonuncu sayğacın necə olacağı da hələ sual altındadır”.

“Ümumiyyətlə, qaz sayğaclarının dəyişdirilməsi əməliyyatını həmişə qeyri-şəffaf hesab etmişəm. Sayğaclara müdaxilə var və onların dəyişdirilməsinin səbəbləri şübhə altındadır. Sayğacların sərfiyyatı yazmasında xəta var. Əhali işlətdiyindən 5-10 manat artıq ödəyir. Bu problem xüsusilə də rayonlarda var. Sayğaclarla bağlı bu məsələ peşəkar nəzarətə götürülməlidir”, - deyə Mirvari Qəhrəmanlı fikrini yekunlaşdırıb.

AYNA

 

XalqXeber.Az