ADAU təhsil sistemində bir RÜŞVƏT ADASIDIR... - İTTİHAM VAR!

18:01 20-06-2022 288

Azərbaycan Dövlət Aqrar Universitetində baş alıb gedən qanunsuzluqlar barədə “Aktualxeber.az” veb-saytında son aylarda təqdim olunan “ADAU-da rektorun tacir kafedra müdirləri”, “ADAU-da sistem çöküb”, “ADAU-da təhsil biabırçılıqları…” sərlövhəli və daha əvvəl tənqidi məqalələr oxucular tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, indiyədək ADAU-nun “Mühəndislik” fakültəsinin professor-müəllim heyəti adından “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasının professoru Əliyev Qurban İsa oğlu tərəfindən yazılmış və Azərbaycan Respublikasının Prezidentinə və KəndTəsərrüfatı Nazirinə ünvanlanmış yeni müraciətinin saytımızda ictimailəşdirilməsi rezonans doğurmuşdu. Zmüraciətin qayəsi bundan ibarətdi ki, rektor İbrahim Cəfərov universitetdə çalışan alimlərin yaxın adamlarını işə götürərək onları öz yanında gözükölgəli edib, onlar da gözləri önündə baş verən talançılığa etiraz edə bilmirlər. Elə bu səbəbdəndir ki, bir müddət bundan öncə rektor ADAU-nun “Kənd təsərrüfatı texnikası” kafedrasına ticarət yarmarkasında ayaqqabı satan Aydın İsayevi kafedra müdiri “seçmişdir”.
Məqalədən sitatlara göz yetirək: “Aydın İsayev bir neçə il əvvəl korrupsiya ilə əlaqədar “Magistratura” şöbəsinin midiri vəzifəsindən qovulmuşdur. Buna baxmayaraq, İbrahim Cəfərov onu və onun yaxın dostu olan Ayaz Həsənovu da kafedra müdiri vəzifəsinə təyin etmək üçün imkan axtarır. Aydın İsayevi kafedra müdiri kimi yerləşdirdi, indi də qarşıda yaxın günlərdə qəssablıq edib, ət və kartof satan Ayaz Həsənovu da “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasına müdir qoymaq istəyir. Halbuki, həmin kafedrada bu vəzifəyə daha layiqli kadrlar var. Ayaz Həsənov da 5 il öncə “Aqromühəndislik” fakültəsinin tələbələrinin hər birindən kurs işinə 60 manat pul almışdı. Bu hadisənin üstü komissiya və dekan Cəmaləddin Məmmədov tərəfindən açılanda İbrahim Cəfərov Ayaz Həsənovu müdafiə edə bilmədi. Bu gün kafedra müdiri olan təmiz, haqqın tərəfində olan Vaqif Mirzəliyevin qəti mövqeyindən sonra Ayaz Həsənovun fəaliyyətinin yoxlanılması ilə əlaqədar komissiya yaradılmış və nəticə olaraq yekunda kafedra müdiri vəzifəsindən uzaqlaşdırılmışdı. Vaqif Mirzəliyev kafedrada təmiz və tələbkar işgüzar şərait yaratmışdır. Eyni kafedrada çalışan bu iki dostdan Aydın İsayev kafedra müdiri asan seçildiyi kimi Ayaz Həsənov da “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasına maddi maraqlar əsasında kafedra müdiri seçilmək üçün hazırlaşıb…”
Müraciət müəllifləri haqlı olaraq belə bir sual ortaya qoymuşdur: “Əgər bu gün bu kafedra müdirləri, elekton kitabxanaya girə bilmirsə, elektron resurslardan istifadə etməyi bacarmırsa, adi belə məktubu göndərə bilmirlərsə, Universitetdə əmək bazarına çıxarılacaq hansı mütəxəssis hazırlığından danışmaq olar? Belə çıxır ki, ancaq ayaqqabı, ət və kartof satan yetişdirmək olar”.
Həmçinin bildirilirdi ki, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyində sivil elmli, tədrisi və elmi bilən qabiliyyətli mütəxəssislər vəzifələrdən kənarlaşdırılır. Burada idarəçilik zorakılıq və müəyyən maraqlar çərçivəsində, üzdə Vətən, arxada şəxsi maraq siyasəti çərçivəsində aparılır. Rektorun professor-müəllim kollektivinə qarşı təhqiramiz kobud rəftarı dözülməzdir. Dövlət Qulluğuna və Dövlət İmtahan Mərkəzində imtahan verib keçə bilməyən, ixtisasını bilməyən kadrlar gənc müəllimlər kimi Universitetə kafedralara maddi maraqlar əsasında işə götürülür.
Ramil Yahyayev adlı həmin şəxs 6 il ADAU-da təhsil almış, 2019-21-ci illərdə orada işləmiş Ramil Yahyayevin saytımıza verdiyi informasiyalar da ilginc qarşılanmışdı. Oxuduğu Mühəndislik fakültəsində təhsilin keyfiyyətinin heç vaxt qaneedici olmadığını deyən Yahyayev 2013-cü ildən ADAU-ya rəhbərlik edən İ.Cəfərovun heç bir elmi yeniliyə imza atmadığını, özünün, oğlunun, kürəkəninin və ona yaxın olan əlaltılarının ali təhsil ocağını bazara çevirdiyini bildirmişdi: “ADAU-nun tələbə yataqxanasının kafesini kürəkəni Samirə, yeni korpusun kafesini oğlu Cavid Cəfərova, Mexanizasiya korpusunun qarderob yerini kafeyə çevirən Daxili nəzarətin müdiri Namiq Cəfərova işlədərək pul qazanmaq üçün veribdir”.
Yahyayev həmçinin rektorun ona qarşı etiraz edənləri xüsusi trol qrupları vasitəsilə şantaj etdiyini də bildirmişdi.
Bu günlərdə redaksiyamıza ADAU-da davam edən qanunsuzluqlarla bağlı növbəti informasiya daxil olub. Bildirilir ki, İbrahim Cəfərov rektor vəzifəsinə gələndən Universitetin baş mühasibinin müavini Səadət Süleymanovanı özünə favorit seçib və keçən ildən onun vəzifə maaşına 300 manat əlavə edib. Məlumata görə, mühasibatlığın müdiri Safura xanımın ali təhsili yoxdur, 500 manat da onun məvacibinə artırım edilib.
Etibarlı mənbə tərəfindən təqdim olunan məlumatda qeyd olunur ki, Mexanizsiya korpusunda kafedra müdiri vəzifəsi 15000 manata satışa çıxarılıb. Hal-hazırda yenə tələbələri “kəsə kəsə” gedirlər.
Olur ki, bəzi insanların başına bu dünyada “səadət quşu” qonur, nə qədər pis iş tutursa, nə qədər qınağa tuş gəlirsə, Allah onun cəzasını o dünyaya kimi təxirə salır. Amma ADAU-da ayrı-seçkiliyə məruz qalaraq haqqı tapdalanan professor və müəllimlərin, keyfiyyətsiz təhsillə gələcəyi kor qoyulan gənc tələbələrin ərşə çıxan fəqanına, ah-naləsinə görə qisas qiyamətə qalmamalıdır. İbrahim Cəfərovun “səadət quşunun qanadları yolunmalı”, o, əməllərinə görə qanun qarşısında cavab verməli, həm də rüsvayçılığın tamını dadmalıdır. //aktualxeber.az//

 

XalqXeber.Az