“Mir Cəlalın poetikası” kitabının təqdimatı keçirilmişdir.

19:29 21-06-2022 297

Proqnoz.com: 17 iyun 2022-ci il tarixində “Azərbaycan” nəşriyyatında fəlsəfə elmləri doktoru, tanınmış yazıçı-publisist, tədqiqatçı Allahverdi Eminovun 2019-cu ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış 3 cildlik “Mir Cəlalın poetikası” kitabının təqdimatı keçirilmişdir.

         Tədbirdə media nümayəndələri, tanınmış qələm sahibləri, qəzet redaktorları, alimlər iştirak edirdilər.

         Toplantıda çıxış edənlər Mir Cəlal Paşayev haqqında geniş danışmış, onun Azərbaycan ədəbiyyatında pedaqoq alim, yazıçı, ədəbiyyatşünas kimi xidmətlərini yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, o nəcib və xeyirxah insan, görkəmli şəxsiyyət olmaqla, gələcək nəsillərə zəngin ədəbi irs qoyub getmiş Mir Cəlalın yaradıcılığında, eləcə də nəsrimizin ən kövrək və ləyaqətli əsəri olan “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”, “Təzə şəhər”, “Yaşıdlarım”, “Dirilən adam”, “Açıq kitab” romanlarında, “İnsanlıq fəlsəfəsi” kitabındakı hekayələrində müasir həyat, fəlsəfi düşüncələr, yeni həyat yolunda mübarizələri ustalıqla qələmə alınmışdır. Yazıçının 73-dən çox kitabı nəşr olunub, 350-dən çox hekayəsi oxucuya təqdim olunmuşdur. 2008-ci ildə YUNESKO səviyyəsində Mircəlal Paşayevin 100 illik yubileyi qeyd edilmişdir.IMG-20220618-WA0007.jpg

         Təqdimatda çıxış edən natiqlər fədakar tədqiqatçı Allahverdi Eminovun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirmiş, adı çəkilən kitabda Mir Cəlal yaradıcılığının  incəliklərini elmi, fəlsəfi baxışlarını geniş və əhatəli təhlil edildiyini bildirmişlər.IMG-20220617-WA0036.jpg

         Təqdimat mərasimində çıxış edən Allahverdi Eminov “Mir Cəlalın poetikası” əsərinin yazılması səbəblərini göstərmiş, böyük ədibin Azərbaycan ədəbiyyatındakı xidmətlərini qeyd etmiş, tədbirin təşkilatçılarına, kitabın sponsoruna minnətdarlıq ifadə etmişdir.

 

Səadət Sultan