Azərbaycandakı sirli Rusiya bankı: O nə iş görür?.. - İLGİNC

15:14 22-06-2022 126

Xəbər verdiyimiz kimi, sanksiyalara məruz qalan Rusiyanın “VTB Bank”ı Gürcüstan bazarını tərk edib.

 
Bankın rəhbəri Andrey Kostin VTB-nin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda qalmaqda davam etdiyini açıqlayıb: “Bizim mövqeyimiz prinsipialdır, biz hər yerdə qalırıq. Bu ölkələrdə biznesimizin inkişafı üçün perspektivlər görürük. Biz yalnız Gürcüstandan gedirik, bu ölkədə vəziyyət bir qədər başqadır”.

Zərərdə olan bankların sayı açıqlananda “VTB Bank” (Azərbaycan) ASC-nin mənfəətsiz fəaliyyəti diqqətdən qaçmayıb. Sözügedən bank zərərini ehtiyatları hesabına kompensasiya etməklə mənfəətsizliyini ört-basdır etməyə çalışıb. Analitiklər dəfələrlə əmanətçilərə bu banka vəsait yerləşdirərkən ehtiyatlı olmağa səsləyib. 

Xalqxeber.az xəbər verir ki, bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Teleqraf.com-a bildirib ki, “VTB Bank”ın Gürcüstanda indiyə kimi qalmasının özü təəccüblüdür.

Hüquqşünas deyir Rusiyanın Gürcüstan ərazisini işğal etməsi heç kəsə sirr deyil: “Hazırda sözügedən bank Rusiyanın hərbi müttəfiqlərinin - Ermənistan, Belarus, Qazaxıstan ərazisində fəaliyyət göstərir. Hər üç dövlət Kollektiv Təhlükəsizlik Şurasının (ODKB) üzvüdür.

Bu ilin fevral ayında Rusiya ilə Azərbaycan arasında Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Rusiyanın Hindistanla da sıx münasibəti var. Amma 2008-ci ildən Gürcüstanla Rusiya müharibə şəraitindədir. Hamıya bəllidir ki, Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal olunub. Yumşaq formada desək, Rusiya Gürcüstanın ərazisində olan separatçılara dəstək verib, onları formal olaraq tanıyıb. Buna görə də bu bankın Gürcüstanda indiyə kimi qalması təəccüblüdür.

Ətraflı
Təsəvvür edin ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın ölkəmizdə bankı var. Əlbəttə, bu, mümkün deyil. 2014-cü ildə Rusiya Krımı işğal edəndən sonra Ukraynada fəaliyyət göstərən bütün rus bankları, o cümlədən “VTB Bank” da getdi.

Bu bank Gürcüstanda Azərbaycandan da əvvəl fəaliyyət göstərib. “VTB Bank” Azərbaycana faktiki 2007-ci ilin sonu, amma formal olaraq 2009-cu ildə gəlib. Xatırladım ki, Azərbaycan “VTB Bank”ı formal olaraq ölkəyə buraxmırdı. Bunun da səbəbi VTB Ermənistanın Qarabağda filialının olması idi. Buna görə də bu bankın ölkəmizdə fəaliyyətinə icazə vermirdilər. Qarabağdakı filialı bağlanandan sonra “VTB Bank” Azərbaycana gələ bildi”.

Əkrəm Həsənov Rusiya üçün hazırda sanksiyalar dövrü olduğuna diqqət çəkib: “VTB sanksiyalar altına düşən bankdır. Gürcüstan başda olmaqla bu bank fəaliyyət göstərdiyi bütün ölkələrdə iflic olub. Gürcüstan axır ki, bu bankın ölkədə fəaliyyətinə imkan vermədi.

Məsələnin digər tərəfi “VTB Bank”ın sırf iqtisadi subyekt olmamasıdır. Bu bank Rusiya dövlətinə məxsusdur və ölkənin xüsusi xidmət orqanları tərəfindən idarə olunur. VTB iqtisadi cəhətdən səmərəsiz və tam mənfəətsiz bir bankdır. Rusiyanın özü başqa olmaqla fəaliyyət göstərdiyi bütün ölkələrdə bu bank qazanc gətirmir. Ən korrupsion banklardan hesab olunur. Burada sadəcə oğurluq var, yem yeridir. Bankın xarici ölkələrdə hansı məqsədlər üçün fəaliyyət göstərməsi də özünə bəllidir”.

İqtisadçı bankın Azərbaycanda bağlanmasını gözləmir: “Onsuz da bu bank ölkəmizdə heç vaxt səmərəli olmayıb. Xüsusilə sanksiyalar altında olduğu hazırkı məqamda gəlirdən danışmaq yersizdir. Sadəcə Rusiyanın siyasi amalları üçün qalıb və “Biz burda da varıq”, “nəsə fəaliyyət göstəririk” görüntüsü var. Bankın işçiləri də boş-boşuna gəlib-gedirlər. Böyük ehtimalla bu bank Azərbaycanda bağlanmayacaq”.

 

XalqXeber.Az