Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir

15:21 22-06-2022 270

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Azərbaycan Prezidentinin 1997-ci ildə Özbəkistanın paytaxtı Daşkəndə səfəri isə iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsi kimi qiymətləndirmək olar. Səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında 19 sənəd imzalanıb.
Həmin sənədlər ikitərəfli münasibətlərin bir çox sahələrini təmin etməyə xidmət edirdi. Əlaqələrin daha da genişləndirilərək səmərəliləşdirilməsi məqsədi ilə müştərək Azərbaycanın Orta Asiya ölkələrindəki ilk səfirliyinin məhz Özbəkistanda açılması da bu ölkənin regionda oynadığı rolun göstəricisidir.
2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini bildiriblər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.
21 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfəri etmişdir. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilmişdi. Səfər zamanı keçirilən görüşlərdə dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsini müzakirə etdilər. Azərbaycan Prezidentinin Daşkəndə rəsmi səfəri zamanı bir daha bəyan edilib ki, dövlətlərin regional və beynəlxalq məsələlərə dair mövqeləri üst-üstə düşür. Həmçinin dövlət başçımız çıxışında Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyini bildirmişdir: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”Cənab Prezident Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacağını da bildirmişdir: “İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq.”

Aysel Mənsimova - politoloq