Şəmkirdə ikinci qrup əlil, ağır vərəm xəstəsi SOSİAL YARDIM ALA BİLMİR - RÜŞVƏT İSTƏYİRLƏR

15:46 11-07-2022 360

Şəmkir rayon sakini, ikinci qrup əlil Qorxmaz Məmmədov ünvanlı sosial yardım almaqda problemlərlə üzləşib.  O, bununla bağlı Hurriyyet.az-a ünvanladığı şikayətində qeyd edib ki, ağır vərəm xəstəsidir, ciyərinin biri olmadığı üçün çətinliklə nəfəs alır, həyat yoldaşı əqli geridir, övladı isə ağır skolyozdur və əməliyyata ehtiyacı var:

 


"Övladımın biri də vərəm xəstəsidir. Ailəmizin vəziyyəti olduqca ağırdır, yardıma ehtiyacımız var. Bir müddət əvvələ dövlətdən qədər sosial yardım alırdım, lakin indi yardım ala bilmirəm. Mənim kompyuterdən başım çıxmadığı üçün özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin əməkdaşı kimi təqdim edən bir nəfər dedi ki, sənədləri onlayn qaydada qeydiyyatdan keçirə bilərəm. O, bunun üçün məndən 50 manat aldı. Onu da bildirdi ki, yardım aldıqdan sonra ilk 4 ayın pulunu bizə verməlisən. Çarəsizlikdən onunla razılaşdım. Beləcə, Bakıdan yoxlama gəldi, vəziyətimin həqiqətən də acınacaqlı olduğunu gördülər və onlar getdikdən bir qədər sonra telefonuma sosial yardım müavinəti təyin olunmasına dair mesaj gəldi".

Şikayətçinin sözlərinə görə, elə problem məhz bundan sonra başlayıb:"Belə ki, mesaj gələn kimi məndən 50 manat alan şəxs dedi ki, get, 1000 manat gətir, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin müdiri Adil müəllim istəyir. Həmin şəxs bildirdi ki, əgər bir gün ərzində 1000 manat verməsən, onda qərarı geri oxutduracağıq və sən sosial yardımdan məhrum olacaqsan. Ona bu qədər pulum olmadığını bildirdim, dedim ki, danışdığımız kimi kartı əldə etdikdə verə bilərəm. O isə razılaşmalı. Sonradan öyrəndim ki, adımdan məktub yazılıb və orada qeyd olunur ki, guya ailəmə gəlir gəldiyi üçün mən sosial yardımdan imtina edirəm. Halbuki, bu, ağ yalandır. Məndən tələb edilən məbləği verə bilmədiyim üçün başıma bu cür oyun açıblar. Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin müdiri də məni qəbul etmir ki, dərdimi deyim. Odur ki, sizin vasitənizlə aidiyyatı qurumlardan xahiş edirəm ki, mənə ünvanlı sosial yardımın verilməsində köməklik göstərilsin".(Hurriyyet.az)

 

XalqXeber.Az

0.24858689308167